ROBERT KÖÇƏRYANA hətta Serj Sərkisyan da XƏYANƏT EDİB

Ermənistanda keçmiş prezident Robert Köçəryanın həbsi vaxtilə ona yaxın olan şəxslərin vəfadarlığını sınağa çəkib.

Son parlament seçkilərində səs vermək üçün seçki məntəqəsinə gələn Serj Sərkisyan R.Köçəryanın həbsi ilə bağlı sualları cavabsız buraxıb.

Köçəryanın yaxın adamları isə onu qədirbilməzlikdə suçlayırlar.

Robert Köçəryana yaxınlığı ilə bilinən “Milli razılıq” partiyasının rəhbəri Aram Arutunyan Ermənistanın 2-ci prezidentinin vaxtilə öz xələfini iki dəfə xilas etdiyini xatırladıb.

Erməni analitiklər isə bu “iki dəfə”nin hansı zamanlarda baş verdiyi üzərində çox da baş sındırmayıblar.

İlk olaraq bu, 1999-cu il oktyabrın 27-də parlamentin güllələnməsi hadisəsi ilə bağlıdır.

Ermənistanın 1-ci informasiya saytının yazarı Sərkis Artsruninin iddiasına görə, həmin vaxt Ermənistanın keçmiş hərbçilərinin qurduğu yarımhərbi “Yerkrapa” təşkilatı Serj Sərkisyanın nəinki vəzifədən kənarlaşdırılmasını (Serj Sərkisyan bu dövrdə Milli təhlükəsizlik və daxili işlər naziri olub), hətta fiziki məhvini tələb ediblər.

Lakin hadisədən sonra Moskvadan qayıdan Robert Köçəryan onun həyatını xilas edib.

İkinci hadisə isə 2008-cı ilin 1 mart hadisələri ilə əlaqələndirilir. Həmin vaxt Ermənistan əhalisi Serj Sərkisyanın prezident seçilməsinə qarşı çıxmaq üçün kütləvi etiraz aksiyalar keçirirdi. Hətta bir ara Serj Sərkisyanın vəziyyəti olduqca ümidsiz görünürmüş. Lakin Robert Köçəryanın bir daha Moksvaya səfər edərək, orada Putinin “xeyir-dua”sını aldıqdan sonra ordunu əhalinin üzərinə yeridərək,  Sərkisyanın 10 il prezidentlik hakimiyyətinə yol açıb. Həmin hadisələrdə isə azı 10 nəfər həlak olub.

Müəllifin fikrincə, Robert Köçəryan üçün Serj Sərkisyan və onun komandasının taleyi heç də birinci sırada gəlməyib:“Onun əsas marağı illərboyu taladıqlarını qorumaq və cəzasız qalmaq üçün Serj Sərkisyanın simasında kriminal oliqarxiyanın hakimiyyətinin saxlanmasından ibarət olub. Köçəryanın hədəfinin tutduğunu söyləmək mümkündür. Belə ki, son 10 il ərzində o, Ermənistanın ən varlı pensiyaçısı kimi öz rahat həyatını sürdürə bilib”.






Fikirlər