TARİX KİTABLARINI TULLANTIYA ÇEVİRƏN İDDİA...

Ceyson Hikel

“Əl-Cəzirə”

Böyük Britaniyada tez-tez deyirlər ki, Hindistanın müstəmləkəçiliyi nə qədər dəhşətli olsa da, İngiltərəyə böyük iqtisadi fayda gətirməyib. İstənilən halda, Hindistan administrasiyası İngiltərəyə xərc hesabına başa gəlib. Belə çıxır ki, imperiyanın uzun müddət davamlı olması Britaniya xeyirxahlığının əlaməti imiş.

“Columbia University Press”-in nəşr etdiyi tanınmış iqtisadçı xanım Utsa Patnaikin yeni tədqiqatı bu hekayətə sarsıdıcı zərbə vurur. Vergi və ticarət haqqında təxminən iki əsrlik ətraflı məlumatlara istinad edən Patnaik, 1765-1938-ci illər dövründə İngiltərənin Hindistandan təxminən 45 trilyon dollar qazandığını hesablayıb.

Bu möhtəşəm məbləğdir! 45 trln. dollar bu gün İngiltərənin ümumi daxili məhsulundan 17 dəfə çoxdur.

Bu necə baş verib?

Ticarət sistemi ilə. Müstəmləkə dövründən əvvəl Britaniya hind istehsalçılarından tekstil və düyü kimi məhsullar alıb, digər ölkələrlə olduğu kimi, əsasən, gümüşlə ödəşib. Lakin 1765-ci ildə “East İndia Company” (“Şərqi Hindistan şirkəti”) yarımadanı nəzarətinə alıb və Hindistanla ticarəti üzərində inhisar qurmaqla hər şeyi dəyişib.

“East İndia Company” Hindistanda vergi yığmağa başlayıb və sonra bu gəlirlərin bir hissəsindən ağıllı şəkildə istifadə edərək (üçdə biri ilə) ingilis istehlakı üçün hind mallarını satın almağa yönəldib.

Başqa sözlə, hind mallarına görə öz cibindən ödəməmək əvəzinə, ingilis treyderlər onları pulsuz əldə ediblər, kəndlilərdən və toxuculardan yığılmış pullarla mal-əmtəə “satın alıblar”.

Bu, böyük miqyasda fırıldaq – oğurluq idi. Lakin əksər hindlilər nə baş verdiyini bilmirdilər, çünki vergiləri yığan agent və malları almaq üçün gələn şəxs başqa-başqa adamlar idi. Eyni şəxs olsaydı, əlbəttə ki, onlar kələyi duyardı.

Oğurlanmış malların bəziləri İngiltərədə istehlak edilib, qalan hissəsi isə başqa yerlərə ixrac olunub. Yenidən ixrac (reeksport) sistemi İngiltərəninin sənayeləşməsi üçün vacib olan dəmir, qudron və ağac kimi strateji materiallar da daxil olmaqla, Avropadan idxal axınını maliyyələşdirməyə imkan verib.

Həqiqətən, sənaye inqilabı əsasən Hindistandan olan bu sistemli oğurluqdan asılı idi.

Bununla yanaşı, ingilislər oğurlanmış malları digər ölkələrə satıb, əsl dəyərindən artıq qiymətə və 100 faizli mənfəət əldə edərək.

İngilis racası 1847-ci ildə hakimiyyətə yiyələndikdən sonra müstəmləkəçilər vergi-satınalma sisteminə yenilik gətirib. “East İndia Company”-nin inhisarı pozulduğundan hind istehsalçılarına mallarını digər ölkələrə ixrac etmək icazəsi verilib. Ancaq İngiltərə həmin mallar üçün ödənişlərin yenə də Londonda qalmasını təmin edib.

Bu iş necə olub?

Mahiyyətcə Hindistandan mal almaq istəyən hər kəs xüsusi Britaniya Şurası tərəfindən dövriyyəyə buraxılmış nadir kağız valyuta, əsginasdan istifadə edib. Bu fakturanı almaq üçün yeganə yol – onu Londondan qızıl və ya gümüş qarşılığında almaq idi.

Beləliklə, treyderlər Londona qızıl ödəyərək Hindistanı istehsalçılarına ödəmək üçün əsginas alırdılar. Yerli müstəmləkə şöbəsində əhali pulunu rupi ilə alırdı – vergilər hesabına onlardan yığılmış pulları. Yəni onlara əslində, heç nə ödənilmirdi – bir daha aldadılırdılar.

Bu vaxt London ixrac əvəzinə hindilərə birbaşa çatmalı olan bütün qızıl və gümüşü əldə edirdi.

Bu korrupsiya sistemi sayəsində Hindistan dünyanın qalan hissəsi ilə müqayisədə, təsirli ticarət artığına (profisitə) malik olsa da (bu, 20-ci əsrin əvvəllərində üç onillikdə davam edib), milli hesabatlarda kəsir (defisit) mövcud olub, çünki Hindistanın real gəliri Britaniya tərəfindən tamamilə mənimsənilib.

Bu qondarma “çatışmazlığ”a bəziləri bunu səbəb göstərir ki, guya Hindistan İngiltərənin boynuna qoyulmuş borc olub. Amma tam əksi daha doğrudur. Britaniya hind istehsalçılarına aid olan böyük miqdarda gəliri mənimsəyib.

Hindistan qızıl yumurta qoyan qaz idi. Bununla yanaşı, “defisit”ə görə Hindistan öz idxalını maliyyələşdirmək üçün İngiltərədən borc almaqdan başqa çarə tapmırdı.

Beləliklə, bütün hind əhalisi müstəmləkəçilərə tamamilə lazımsız ödənc verməyə məcbur olub və ingilis nəzarətini daha da möhkəmləndirib.

Britaniya bu saxtakar, fırıldaqçı sistemdən imperiya zorakılığının mühərriklərini – 1840-cı illərdə Çinin işğalını və 1857-ci ildə Hindistan üsyanının yatırılmasın maliyyələşdirmək üçün istifadə edib. Taxt-tac hind vergi ödəyiciləri hesabına öz hərbi kampaniyalarını maliyyələşdirib.

Patnaik qeyd edir ki, “bütün Britaniyanın Hindistan sərhədləri xaricindəki fəth müharibələrinin xərcləri həmişə tam şəkildə və ya əsasən Hindistanın gəlirləri hesabına olub”.

Bu hələ hamısı deyil.

İngiltərədən Avropaya kapitalizmin genişləndirilməsi, Kanada və Avstraliya kimi bölgələrdə avropalıları məskunlaşdırmanı maliyyələşdirmək üçün Hindistandan olan axından istifadə edilib.

Bütövlükdə, təkcə Britaniyanın deyil, həm də Qərb dünyasınınsənayeləşməsi müstəmləkə hesabına asanlaşdırılıb.

Xanım Patnaik müstəmləkə Hindistanında 1765-dən 1938-ə qədər dörd fərqli iqtisadi dövrü müəyyənləşdirir, hər birinin hasilatını, sonra isə hər dövrün ortalarından orta faiz dərəcələrini (bazar faizindən aşağı olan təxminən 5 faiz) hesablayır. Bütün bunları əlavə edərək, ümumi pul miqdarının 44,6 trilyon dollar təşkil etdiyini görür. Bu, mühafizəkar rəqəmdir, müstəmləkə dövründə İngiltərənin Hindistana tətbiq etdiyi borcları özünə daxil etmir.

Dəhşətli məbləğlərdir! Əgər Hindistan öz vergi və xarici valyuta gəlirlərini inkişaf etdirməyə qadir olsaydı, Yaponiya kimi, tarix fərqli axarla gedərdi. Hindistan çox yaxşı iqtisadi gücə çevrilə, əsrlər boyu davam edən yoxsulluq və zillətin qarşısı alına bilərdi.

Bütün bunlar İngiltərədəki müəyyən şəxslərin təbliğ etdiyinə panzəhrdir. Məsələn, mühafizəkar tarixçi Nayl Ferqüson Britaniya rəhbərliyinin Hindistanı “inkişaf etdirməyə” kömək etdiyini iddia edib. Baş nazir olmuş David Kameron Britaniya hakimiyyətinin Hindistanı xilas etdiyini bildirib.

Bu nağıllar populyar təsəvvürdə əhəmiyyətli artımla əks olunub: “2014 YouGov” sorğusuna görə, İngiltərədəki insanların 50 faizi müstəmləkəçiliyin koloniyalar üçün faydalı olduğunu düşünür.

Hindistanda ingilis hakimiyyətinin bütün 200 illik tarixində, adambaşına düşən gəlirlərdə demək olar ki, heç bir artım olmayıb. Əslində, 19-cu əsrin son yarısında – İngilis müdaxiləsinin zirvəsi – Hindistanda gəlirlər yarı yarıya enib. Hindlilərin orta ömür həddi 1870-ci ildən 1920-ci ilədək beş dəfə düşüb. On milyonlarla insan müstəmləkə siyasəti ilə bağlı qıtlıqdan ölüb.

Britaniya Hindistanı inkişaf etdirməyib. Əksinə, Patnaikin elmi işinin göstərdiyi kimi, Hindistan Britaniyanı inkişaf etdirib.

Bu gün Britaniyadan nə tələb olunur? Üzrxahlıq? Mütləq! Təzminatlar? Ola bilər, amma Patnaikin təyin etdiyi məbləğ Britaniyada yoxdur.

İngiltərənin Hindistanı xeyirxahlıq naminə yox, talana görə əlində saxladığını və İngiltərədəki sənaye inqilabının buxar mühərriki və güclü qurumlar hesabına deyil, müstəmləkə sayəsində olduğunu qəbul etməliyik. Çünki dərsliklərimizdə yazılanın əksinə, sənaye inqilabı digər torpaqlarda zorakılıq və digər xalqlardan oğurluq hesabına baş verib.

Tərcümə: Strateq.az

 

 

 

 

 






Fikirlər