Avropanın 30 intellektualı “qoca qitə”ni “KREMLİN AĞASI"ndan qorunmağa çağırdı
Avropanın 30 intellektualı liberal dəyərlərin müdafiəsi və may ayında Avroparlamentə keçiriləcək seçkilərdə ultrasağ, millətçi partiyaların səslərini artırmaq perspektivi ilə bağlı açıq məktub ünvanlayıblar. “Sağ mərkəzçi manifest” adlanan bu sənəd Fransanın “Liberation” və Böyük Britaniyanın “The Guardian” qəzetlərində dərc olunub. Aktı imzalayanlar arasında ədəbiyyat üzrə Nobel laureatı Orxan Pamuk, Svetlana Aleksiyeviç, Gerta Müller, Elfrida Elinek, Mario Varqas Lyosa, Salman Rüşdi, Lyudmila Ulitskaya, Milan Kundera, Yen Makyuen kimi yazıçı və ədiblər var. Manifest Fransanın siyasi jurnalistlərindən və filosof Bernar-Anri Levinin təşəbbüsü ilə hazırlanıb. Müəlliflərin fikrincə, Avropa ötən əsrin 30-cu illərindən bu yana ilk dəfə yenə böyük bir təhdidlə üz-üzədir. Əsas təhlükə isə “narazılıq sərxoşluğundan istifadə edən yalançı peyğəmbərlərdən”, daha doğrusu “milli ruh”, habelə “itirilmiş milli kimliyi” bərpa etməyə çağıran populistlərdən gəlir. Sənədi imzalayanların ümumi rəyinə əsasən hazırda “Kremlin ağası”nın həyasız müdaxiləsi qarşısında zəifləyən Avropa ideya olaraq göz önündə dağılır. “Yeni müqavimət ruhu olmadan Avropa parlamentinə keçiriləcək seçkilər başımıza gələ biləcək ən böyük fəlakətə, dağıdıcıların qələbəsinə, ksenofobiya və antisemitizmin partlayışına, böyük bədbəxtliyə gətirib çıxara bilər”, - deyə sənəddə deyilir. Manifesti imzalayanlar bütün səhvlərə və xətalara, həmçinin qorxaqlığına rəğmən hələ də azad insanlar üçün mayak rolunu oynayan Avropanı müdafiə etməyə çağırıblar. “The Guardian” əksər siyasi müşahidəçilərin populist, milli və antimiqrant partiyaların may ayında keçiriləcək seçkilərdə səslərini artracaqlarını güman etdiklərini yazıb. Həmin partiyalardan bir çoxu milli seçkilərdə böyük uğur əldə ediblər. Avropa Komissiyasının sədri Jan-Klod Yunker isə seçkilərə kənardan, əsasən də Çin və Rusiyadan müdaxilə barədə qayğılarının olduğunu deyib. Onu sözlərinə görə, Avropa bu müdaxiləni dəf etməyə kifayət qədər hazır deyil. Avropa Komissiyasının sədr müavini Andrus Ansip isə Rusiyanı seçkilər və referendumlar zamanı yalan xəbərlərin və dezinformasiyaların əsas mənbəyi adalndırıb.