ELİT MÜLKLƏR, XARİCDƏKİ GİZLİ BANK HESABLARI… - Peskovun xanımı mətbuatın hədəfində
Putinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navkanın adı yenidən mətbuatın gündəminə gəlib. Bir neçə gündür Qərb mediasında Navkanın həm Rusiyada, həm də xaricdəki bahalı əmlakları ilə bağlı yazılar dərc olunur. Yazılanlardan belə məlum olur ki, Peskovun xanımı ümumi dəyəri on milyon dollardan çox olan əmlaklara sahibdir. Bununla yanaşı, hazırda Navka Moskva yaxınlığında – çay sahilindəki xüsusi yaşayış komleksində ev inşa etdirir. Britaniyanın nüfuzlu “The Guardian” nəşrinin məlumatına görə, Navkaya məxsus bu kompleksin inşasına bir vaxtlar ABŞ prezidenti Donald Trampla kifayət qədər yaxın münasibətlərdə olan bir rus oliqarx nəzarət edir. Qəzet yazır ki, məsələ ilə bağlı Mixail Xodorkovskinin (keçmiş oliqarx, Kremlin əleyhdarı) “Dosye” mərkəzi ilə birgə araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, Navkayla əri Peskovun gəlir və xərcləri əvvəllər açıqlanandan xeyli çoxdur. “The Guardian” sənədlərə istinadən qeyd edir ki, Navka 2014-cü ilin payızında Rublyovkada əmlak alıb. Jurnalistlərin iddiasına görə, bu ev həmin vaxt ölkənin ən bahalı əmlakı olub.
Navkaya məxsus mülk Ev 2012-ci ilin dekabrında satışa çıxarılıb – 15,5 milyon dollara. Navka özü bu evi 7 milyon dollara almışdı. “The Guardian”nın yazdığına görə, evin sahibi və onu Navkaya satan Timur Xaldarov adlı şəxsdir. Xaldarov rusiyalı oliqarx Alişer Osmanovun təsis etdiyi fondun satıcısıdır. Navka isə mətbuata deyib ki, nə özünün, nə də həyat yoldaşı Peksovun rusiyalı oliqarxlarla əlaqəsi var. “The Guardian” onu da yazır ki, Navka və Peskov Moskvada – biznesmen Araz Ağalarova məxsus ərazidə daha bir mülk tikdirirlər. Jurnalistlər araşdırıblar ki, evin lahiyələndirilməsi üçün Peksov və xanımı ABŞ-dakı bir memarlıq bürosu ilə razılaşıblar. Navka bu məlumatı şərh etməkdən imtina edib. Bir neçə gün əvvəl “Dosye” mərkəzi Lüksemburq bankının İsveçrədəki filialında Navkanın adına hesab olduğunu açıqlamışdı. Navka bu hesabı 2014-cü ilin fevralında açıb. 2015-ci ildə Peskovla evlənəndən sonra o, bu hesabı bağlamalı idi. “Dosye” mərkəzi iddia edir ki, hesab hələ də aktivdir, həmçinin xaricə və xaricdən pul köçürmələri üçün açıqdır. Halbuki qanun məmurların yaxın qohumlarına xaricdə bank hesabına sahib olmağı qadağan edir. Navka da, Peskov da xaricdə hesablarının olması ilə bağlı iddiaları rədd edir.
Tatyana Navka Bu gün “The Guardian”la “Dosye”nin birgə apardığı araşdırma ilə bağlı yeni faktlar üzə çıxıb. “Azadlıq” radiosunun Rusiya redaksiyası Britaniya nəşrinə istinadən yazır ki, Tatyana Navka ABŞ-dakı vergi güzəştlərindən qanunsuz olaraq istifadə edib. Və ABŞ deklarasiyalarını doldurarkən yalan məlumatlar təqdim edib. Araşdırma müəlliflərinin iddiasına görə, Navka 2006-2015-ci illər ərzində keçmiş həyat yoldaşı Aleksandr Julianlabirgə ABŞ-da bir neçə əmlakın sahibi olub. Evlərdən biri 2019-cu ilədək onların mülkiyyətində olub. Halbuki hələ 2009-cu ilin sonlarında Navka və Julin deklarasiyada bu evi satılmış əmlak kimi göstərmişdilər. Bununla yanaşı, cütlük boşanmadan sonrakı 3 il ərzində deklarasiyanı ər-arvad kimi doldurublar. Və bununla da vergidə bəzi güzəştlər əldə ediblər. Araşdırma müəllifləri bu səbəbdən Navkanın onminlərlə dollar vergi borcunun yarana biləcəyini və ABŞ-ın daxili gəlirlər xidmətinin tezliklə bu məsələyə görə onun qapısını döyə biləcəyini yazırlar. Qeyd edək ki, bu, Peskov və xanımının varidatına dair ilk ifşaedici araşdırma deyil. Tanınmış rusiyalı müxalifətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı dəfələrlə Peskov ailəsinin qanunsuz gəlirləri və sahib olduğu milyonlar barədə videomateriallar hazırlayıb.
Belə araşdırmaların birində qeyd olunurdu ki, üçüncü toyunda – Olimpiya çempionu Tatyana Navka ilə evlənəndə Peskovun qolunda “Richard Mille RM 52-01” markalı saat olub. Saatın dəyəri 38 milyon rubldur (620 min dollar). Sonradan Navka bildirmişdi ki, guya saatı Peskova o bağışlayıb. Navalnının dediyinə görə, Peskovun Rusiyada təkcə bir mülkünün dəyəri 1 milyard rubldur. Ailənin 90 sotluq ərazisi, elit qəsəbədə 779,2 kvadratmetrlik kotteci var ki, bunların da ümumi dəyəri 1 milyard rubldur (15,6 milyon dollar). Reyetsr sənədlərindən məlum olub ki, bu əmlak Navkanın adına hələ Peskovla toylarından yarım il əvvəl rəsmiləşdirilib. Navalnı deyir ki, Peskov cinayət yolu ilə əldə etdiyi gəlirləri bu cür leqallaşdırırmış. Çünki onun rəsmi gəlirləri belə əmlaka sahib olmağa imkan vermirdi. Fond rəhbəri prezident Putin və Rusiya hüquq-mühafizə orqanlarının bütün bunlara bilərəkdən göz yumduğunu bildirir… Hazırladı: G.Hüseynova Strateq.az