Şahmatda İLK QADIN ÇEMPİON, kişilərin qənimi, bombardman qurbanı – VERA MİNÇİK...
Hələ 21 yaşı olanda şahmatla bağlı söylədiyi fikirləri çoxları zarafat kimi qəbul etsə də, bəzi tanınmış kişi şahmatçılar bu bəyanat xarakterli fikirlərdən qıcıqlanıblar. Vera Mençik mətbuata verdiyi müsahibəsində qeyd edib ki, şahmat təkcə kişilərə aid olan oyun deyil və o, əks cinsdən olan istənilən şahmatçı ilə mübarizə aparmağa hazırdır. Sözsüz ki, xanım şahmatçı bu fikirlərin arxasında hansı məsuliyyətin durduğunu da dərk edib... Şahmat taxtası arxasında kişilərə “meydan oxuyan” Vera Mençik kim olub? Vera Mençik 1 mart 1906-cı ildə Moskvada anadan olub, uşaqlıq və yeniyetməlik illərini Rusiyada keçirib. Uşaqlıq illərindən musiqi duyumu və rəssamlıq qabiliyyəti ilə fərqlənib. 7 yaşında atası ona şahmat oynamağı öyrədib və cəmisi 2 ildən sonra o, qızına məğlub olub. Atası çex, anası ingilis olan Vera Mençik 15 yaşı olanda valideynləri ilə birgə İngiltərəyə, Qastinqs şəhərinə köçüb. Qeyd edək ki, bu şəhər dünyada şahmat ənənələri ilə tanınıb. Moskvadan sonra fərqli Qastinqs mühitinə düşən Vera Mençik bu şəhərdə bütün fəaliyyət və məşğuliyyətini şahmata bağlayıb, peşəkar şahmatçıların təlimlərinə qatılıb. O özünün hər bir oyunu ilə İngiltərənin tanınmış şahmatçılarını təəccübləndirməyi bacarıb və onlar bu balaca dolu qızın parlaq gələcəyini elə ilk oyunlarından hiss ediblər.
Vera Mençik ilk dəfə böyük turnirə 1923-cü ildə, 17 yaşında qatılıb. O, kişiləin Qastinqsdə keçirilən turnirində çıxış edərək 6-cı pillədə qərarlaşıb. 1927-ci ildə 7 ölkənin 12 qadın şahmatçısı Londonda ilk dəfə olaraq qadınların dünya birinciliyində toplaşanda 21 yaşlı Vera Mençik bütün rəqiblərinə asanlıqla qalib gələrək, qadınlar arasında birinci dünya çempionu adını qazanıb. 11 oyundan 10 qələbə və 1 heç-heçə ilə çıxan Vera Mençik sonralar 7 dəfə öz çempionluq titulunu saxlayıb. Qeyd edək ki, ilk dəfə şahmat üzrə qadınlar arasında dünya çempionatı keçiriləndə Vera Mençik Rusiyanı təmsil edib. Vera Mençik dünya şahmat tarixinə təkcə qadınlar arasında ilk çempion kimi yox, həm də kişilərdən ibarət şahmat turnirlərində çıxış edən ilk qadın kimi də düşüb. O, bir sıra turnirlərdə, xüsusən kişilərin yarışlarında çıxış edərək, böyük ustalıq nümayiş etdirib, 17 qrossmeysterlə və tanınmış ustalarla, o cümlədən Aleksandr Alyoxinlə 8, Xose Raul Kapablanka ilə 9, Maks Eyve ilə 6, Botvinniklə 2, Florla 10 dəfə şahmat taxtasını bölüşüb.
Vera Mençikin şahmat həyatında maraqlı hadisələr də az olmayıb. Londonda keçirilən turnirlərin birində tanınmış qrossmeyster Maks Eyve bir-birinin ardınca iki dəfə Vera Mençikə məğlub olub. Maks Eyvenin həyat yoldaşı bu məğlubiyyətin reallığına inana bilməyib və elə düşünüb ki, əri Vera Mençikə vurulduğuna görə qəsdən uduzub. Qısqanc xanım məsələni yerində aydınlaşdırmaq üçün elə həmin gün Fransadan İngiltərəyə gəlib. Vera Mençiklə görüşdükdən sonra sakitləşib və həyat yoldaşını da sakitləşdirib: - Sənin bu şişman rəqibin lap evdar qadınlara oxşayır. Sən eləsini sevə bilməzsən, o, sənin zövqünə uyğyn qadın deyil.
Daha bir maraqlı fakt “Vera Mençik klubu”nun yaranması ilə bağlıdır. Tanınmış avstriyalı qrossmeyster Albert Bekker ayrı-ayrı görüşlərdə bir neçə dəfə Vera Mençikə məğlub olduqda, xanım rəqibinə “ilişmək” üçün təklif irəli sürməyi planlaşdırıb. Mötəbər turnirlərin birində ziyafət zamanı o, bir çox tanınmış şahmatçıların toplaşdığı restoranda öz təklifini bəyan edib: - Mən təklif edirəm ki, Vera Mençikin adına klub təsis edək. Bu klubun üzvləri isə Mençikə məğlub olan kişilər olsun. Oyunları heç-heçə ilə başa vuran kişilər isə klub üzvlüyünə namizəd olacaqlar. Təmkinini pozmayan Vera Mençik elə həmin andaca fikrini bildirib: - Cənab Bekker, təklifinizdən çox məmnun oldum. Amma mənim də bir təklifim var. Yəqin ki, bir centlmen kimi onu qəbul edəcəksiniz. Gəlin “Vera Mençik klubu” ilə bağlı ilk oyunu elə indi keçirək, bax, elə bu restoranda. Mən sizi şahmat taxtasının arxasına dəvət edirəm.
Albert Bekker çıxılmaz vəziyyətdə qalaraq xanım həmkarının təklifini qəbul edib. Onlar şahmat taxtasının arxasına keçiblər. Vera Mençik çox da “əziyyət” çəkmədən Albert Bekkeri məğlub edib. Beləliklə Albert Bekker “Vera Mençik klubu”nun ilk üzvü olub. Sonralar 150-dən artıq kişi şahmatçı da bu klubun “fəal” üzvlərinə çevriliblər. Müasirlərinin fikirlərinə görə, Vera Mençik öz imkanlarını şahmat müstəvisində tam realizə edə bilməyib. Faciəli ölümü şahmatçı xanımın bir çox “gediş”lərini yarımçıq qoyub. Vera Mençik 1944-cü il iyunun 27-də 38 yaşında Londonun almanlar tərəfindən bombalanması zamanı faciəli surətdə həlak olub. 1957-ci ildə Vera Mençikin adını daşıyan kubok təsis olunub. Bu mükafat beynəlxalq şahmat turnirlərində qalib olan qadın şahmatçılara təqdim olunur. İLHAM CƏMİLOĞLU.