İranı MÜDAFİƏ, yoxsa CASUSLUQ? - Siyasətçilərdən sərt REAKSİYALAR...

İranı müdafiə, yoxsa casusluq? – Siyasətçilərdən sərt reaksiyalar

Son günlər Azərbaycan ictimaiyyətində və siyasi çevrəsində ən çox müzakirə olunan mövzuların başında heç şübhəsiz, İran-Azərbaycan münasibətləri gəlir.

İran prezidenti Həsən Ruhaninin dolayısı ilə Azərbaycana qarşı torpaq iddiası və bu azmış kimi erməni prezidenti Paşinyanın özçəkimində arxa fonda ”Qarabağ Ermənistanındır və son” plakatının olması ciddi tənqidlərə yol açıb.

Ümumilikdə, məlum plakatın İranda açılması iki dövlət arasında gərginliyin hansı həddə olmasının göstəricisidir. Bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidməti İrana casusluq edən bir neçə ləğv edilmiş MTN əməkdaşını ifşa edib. Həmin şəxslər vətənə xəyanətdə ittiham olunurlar.

İran xüsusi xidmət orqanlarının Azərbaycanda şəbəkə qurması və fəaliyyət göstərməsi illərdir yazılmaqdadır.

İranın Azərbaycana qarşı tutduğu mövqe bir neçə gündür tənqid atəşinə tutulub. Az sayda insanlar İranı müdafiə etməyə cəhdlər edib. Bu isə dəryada damla kimi görünürdü. Ancaq birdən-birə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İranı müdafiə edəcək fikirlər səsləndirib.

"AzerTaym.az Yenicag.az-a istinadən Akif Nağının İranı müdafiə edən fikirlərini təqdim edir:

“Bəzilərinin əlinə fürsət düşüb, İrana hücuma keçib, hətta İranı məhv etməyə çağırırlar. Bəlkə də heç fikir verməzdim, boş hay-küydü. Amma bu hay-küy bir çox sadə insanlarda yanlış təsəvvür yaradır. Hər kəs bilsin ki, Azərbaycanla İran arasında münasibətlərin pisləşməsi ABŞ, İsrail və Ermənistana sərf edir. Hər kəs bunun fərqində olmalı və məsuliyyətini dərk etməlidir. Biz dövlətimizin maraqlarına uyğun hərəkət etməliyik. Həmişə demişəm və deyəcəm ki, İranla Azərbaycanın xoş münasibətləri hər iki ölkənin maraqlarına cavab verir. Onsuz da bu hay-küylə o münasibətlərə heç kəs xələl gətirə bilməz. Sifarişin də haradan gəldiyi məlumdu. Bəziləri məsuliyyətsiz hərəkətləri ilə İrandakı soydaşlarımızı da zərbə altına qoyurlar. Bunu da düşünməyinizi təklif edirəm. İranda bir dəstə erməni təxribat törətdi, Təbriz, Ərdəbildə olan soydaşlarımız da onların cavabını artıqlaması ilə verdi. Ermənilər Tehranda pis əməlləri ilə xırda bir iş gördülər. Amma o hərəkətin nəticəsi olaraq Azərbaycanla İranın münasibətlərinə bəzi bəsit fikirlilərimizin əli ilə xələl gətirə bilsələr, niyyətlərinə tam çatmış olarlar. Bunu da düşünün. Ermənilər pərişan vəziyyətə düşüblər ki, İran rəhbərliyi onları Tehrana səfərə çağırıb, görüş günündə də Tehranda Xocalı soyqırımına sərgi açıblar. Ermənilər bunu özlərinə təhqir kimi qəbul edir, incidiklərini bildirirlər. Siz isə onları bu sözlərinizlə vəziyyətdən çıxarırsınız. Xahiş edirəm, hər kəs mənim sözlərim üzərində ciddi düşünsün, hay-küyə getməsin. Yetər boş fərziyyələrin, mənasız və ziyanlı şüarların dalınca getmək. Hər kəsi millətimizin və dövlətimizin maraqlarını düşünməyə çağırıram”.

Akif Nağının fikirləri cavabsız qalmayıb. Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Akif Nağıya bu cür cavab verib:

“Xocalı soyqırımı günlərində işğalçı və terrorçu Ermənistanın dövlət başçısının İran İslam Respublikasında qəbulu, görüşləri, verdiyi pozlar, bəyanatlar, İrandakı erməni diasporu şəxsləriylə görüşdə, Tehranda “Qarabağ ermənilərindir” şüarı rəzaləti İran adına da, İslam adına bir ləkədir və heç bir “Qarabağ islam torpağıdır” deməklə bu ləkəni silmək olmaz!

İran rəsmilərinin işğalçı, terrorçu, əli minlərlə müsəlmanın qanına batmış, açıq-aydın müsəlmanlara qarşı Səlib yürüşü apardığını bəyan edən, dini düşmənçilik siyasəti yürüdən Ermənistanı himayə siyasətinə haqq qazandırmaq olmaz!

İran rəsmiləri açıq şəkildə “Qarabağ Azərbaycan torpağıdır” deməyə belə lüzum görmür?!

Əgər İran da Qarabağ məsələsində Türkiyə kimi “nə qədər ki, Qarabağ işğal altındadır, biz Ermənistanla münasibətləri normallaşdırmayacağıq” desəydi, xalqlara zülm gətirən bu münaqişə, müharibə bəlkə də çoxdan qurtarmışdı!

İranın Qarabağa münasibətdə belə siyasətinin müdafiəsinə, vəkilliyinə necə qalxmaq olar? İnsanlarımızın bu siyasətdən haqlı narazılığına, qəzəbinə, qınaqlarına necə qarşı çıxmaq olar? Akif Nağı bunu necə edə bilir! Ən azı susmaq doğru olmazdımı?

Mən İranın rəsmi dairələrinin mövcud Qarabağ siyasətini və işğalçı Ermənistanla dostluğunu qəbul etmirəm, qınayıram, şiddətlə pisləyirəm və soydaşlarımızın etirazları ilə həmrəyəm”.

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl isə İranın Azərbaycanda casusluq fəaliyyəti ilə məşğul olduğunu bildirib. İlham İsmayıl ad çəkməsə də, Akif Nağı və indiki zamanda İranı müdafiə edənləri vətənə xəyanətdə ittiham edib:

“Azərbaycana qarşı casusluq fəaliyyəti göstərən dövlətlərin başında İran gəlir. Azərbaycan vətəndaşlarını daha çox İran vətənə xəyanətə cəlb edir. Cəlb olunanlar müxtəlif kateqoriyalı insanlardır. İçərisində sıravilərdən, dindarlardan tutmuş siyasilərə qədər uzantı var. Dini zəminlə yanaşı maddi prinsiplər də bu cəlbetmədə əsas rol oynayır. Maddi prinsiplər əsasında fəaliyyət göstərənlər qarşısında qoyulan tələblərdən biri İranın siyasi mövqeyinin müdafiəsidir. Xocalı soyqırımı günündə Nikol Paşinyanı bağrına basıb ”Qarabağ Ermənistanındır və son” şüarını qaldıran İran, burada cəlb etdiyi adamlardan İranı müdafiə etməyi tələb edib. Belələri də indi şüvənliklə İranın müdafiəsinə qalxıb. Bunun vətənə xəyanətdən başqa adı yoxdur”.






Fikirlər