Donald Tramp "ağ faşizm"i dünyaya yönəlik təhdid hesab etmir

ABŞ prezidenti Donald Tramp ağ millətçiliyi dünya üçün böyük təhlükə hesab etmədiyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ağ Evin sahibi Yeni Zelandiyanın iki məscidində ağ irqin üstünlüyünü müdafiə edən şəxslər tərəfindən qətliam törədilməsini şərh edərkən problemin bu cür qoyulmasının doğru olmadığını bildirib.

“The Guardian” qəzetinin məlumatına görə, reportyorlardan biri D. Trampdan “ağ millətçiliyi dünya üçün təhdid sayırsınızmı” deyə sual ünvanlayıb.

“Əslində, xeyr. Fikirləşirəm ki, bu çox ciddi problemləri olan kiçik bir insan qrupudur. Mən hələ kifayət qədər məlumata sahib deyiləm”, deyə ABŞ lideri qəribə cavab verib.

Qeyd olunur ki, Donald Tramp ABŞ-da məhz ağ millətçilərin səslərinin çoxunu alaraq hakimiyyətə gəlib. ABŞ prezidenti bunu nəinki gizlətmir və hətta hər yerdə öyünərək bəhs edir.

Donald Trampa informasiya dəstəyi verənlərin başında isə ağ irqin üstünlüyü nəzəriyyəsini müdafiə edən, müsəlmanlara nifrət aşılayan və sonradan onun seçki qərargahının rəhbəri və müşaviri olmuş Stiv Bennon olub.

Bennonun sahib olduğu “Breitbart News” portalı isə ksenofob və irqçi ideyaların yayılması ilə tanınır.






Fikirlər