Bəzi partiyalar parlamentə düşmək üçün indidən İŞƏ BAŞLAYIB

2020-ci ilin noyabrında Azərbaycanda növbəti parlament seçkilərinin keçiriləcəyi gözlənilir.

 Bəs partiyaların parlament seçkiləri ilə bağlı bir planları varmı?

 Modern.az bununla bağlı partiyalar arasında sorğu keçirib.

 Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı qeyd edib ki, təmsil olunduğu təşkilat daim seçkiyə hazırlaşır.

Bununla belə bildirib ki, seçkilərdə iştirak etməkləri barədə hələ qərar verilməyib.  “Çünki seçki keçiriləcəyi vaxt elan olunmayıb”.

 REAL Partiyasının icra katibi natiq Cəfərli isə bildirib ki, seçkilərə blok şəklində getmək müzakirə mövzusu deyil:

 “Çünki seçkilərə qədər yaranacaq siyasi konyukturadan da çox şey asılı olacaq. Amma bütün siyasi partiyalarla funksional əməkdaşlıqla bağlı problem yoxdur. Yəni dairələrin seçilməsi, seçkilər zamanı bir-birinə maneçilik yaradılmaması məsələləri önəmli məsələlərdir”.

 N.Cəfərli söyləyib ki, bunlar vaxtı çatanda müzakirə olunacaq:

 “Lakin hazırda seçkilərlə bağlı çox ciddi iş gedir. Biz artıq dairələrin, namizədlərin müəyyənləşdirilməsi ilə bağlı işləri tamamlamaq üzrəyik”.

 Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının (AMİP) üzvü Əli Orucov bildirib ki, AMİP bütün seçkilərə daim hazır vəziyyətdədir:

 “Seçkilərdə blok və ya tək iştirakımızla bağlı hələ qərar verilməyib. Bu, seçkilər zamanı gedən vəziyyətə uyğun olaraq baş verəcək. Hələ parlament seçkilərinə 1 ildən çox vaxt var. Amma AMİP seçkilərə hazırlığı davam elətdirir".

 Liberal Partiyasının sədri Əvəz Temirxan qeyd edir ki, rəhbəri olduğu qurum bütün seçkilərə hazırlaşır. Onun sözlərinə görə, Liberal Partiyası seçkilərdə təkbaşına iştirak edəcək:

 “Biz seçkilərdə tək iştirak edəcəyik. Çünki istəyirik ki, başqasına görə deyil, özümüzə görə məsuliyyət daşıyaq”.

 Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə deyib ki, parlament seçkilərinə blok şəklində getməyi düşünür. 

 






Fikirlər