Azərbaycana qarşı növbəti çirkin KOMPANİYA
Mayın 29-da Bakıda keçiriləcək UEFA kubokunun final oyunu ilə bağlı xaricdəki bəzi dairələr əndişə içindədir. Artıq anti-Azərbaycan dairələri ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Beynəlxalq ictimaiyyətdə bu yarışın Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəyin formalaşdırılmasına cəhdlər edilir. Bu da haqlı olaraq, hiddət doğurur. Çünki 2019-cu ildə UEFA-nın finalının keçirilməsi üçün məkan olaraq Bakı Olimpiya Stadionu uzun müddət öncə seçilib. O zaman qəflət yuxusunda yatanlar final öncəsi ayılıblar. Maraqlıdır ki, bu çirkin kampaniyada Böyük Britaniyadakı dairələr daha fəal görünür. Bu da suallar doğurmaya bilməz. Çünki Bakıdakı finalda iki ingilis klubu - “Çelsi” və “Arsenal” iştirak edəcək. Əslində qalsa, bu cür kampaniyanın təşkili o qədər də təəccüb doğurmur. Belə ki, Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Sanki bu dairələr unudublar ki, ölkəmiz indiyə qədər 2012-ci ildə “Eurovision”, 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə İslam Həmrəyliyi Oyunları və digər bu tipli yarışlar keçirib. Bu yarışların heç birində xoşagəlməyən hallar yaşanmayıb. İstər yarış iştirakçıları, istərsə də, Bakıya gələn turistlər öz razılıqlarını dəfələrlə dilə gətiriblər. Məlumat üçün bildirək ki, indiki kampaniyada ənənəvi olaraq, insan haqları, demokratiya kimi məsələlər qabardılır. Azərbaycan tərəfi bu iddiaların əsassız olduğunu dəfələrlə sübut edib, Qərb ölkələrinin bir çoxunda insan hüquqları və digər məsələlərdə problemlərin olduğunu önə çəkib. Yaxın keçmişə nəzər salsaq, Fransanın nümunəsində bunun şahidi ola bilərik. Mayın 29-dakı finalla bağlı anti-təbliğatda yer alan iddialardan biri də viza rejimi ilə bağlıdır. Guya viza şərtləri Bakıya gəlməyə ciddi əngəl yaradır. Ancaq sadələşdirilmiş viza rejimi bu iddiaları tam təkzib edir və hər bir xarici vətəndaşın çox asan şəkildə viza almasına şərait yaradır. Otellərin baha olmasından da söz açılır. Amma Bakıda 20-30 dollardan başlayaraq daha yüksək qiymətlərə otellər on minlərlə idman azarkeşini qəbul etməyə imkan yaradır. Kampaniyada uçuş biletlərin qiymətləri də yeri alır. Lakin Azərbaycan tərəfinin bu iddiaları konkret faktlarla darmadağın edəcək imkanları ortadadır. AZAL hazırda Böyük Britaniyaya və geri olan reyslərinə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayaraq daha yüksək qiymətlər tətbiq edir. AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. Gedən məlumatlarda “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryanla bağlı yazılar çoxluq təşkil edir. Təxribat xarakterli məlumatlarda guya erməni futbolçunun Bakıya gəlişi onun təhlükəsizliyinə problem yarada bilər. Azərbaycanın bu iddiaları da bariz sübutlarla bitirəcək əlində faktlar var. Belə ki, indiyə qədər Avropa Liqası çərçivəsində Mxitariyanın Bakıya iki dəfə gəlmək şansı olub. Ancaq Azərbaycana gəlməkdən imtina edib. İndi isə Mxitariyan Bakıya gələcək və bununla bağlı bir daha rəsmi Bakı onun təhlükəsizliyini qorumaq üçün zəmanət verib. Əvvəllər də erməni idmançılar Azərbaycana gəliblər, hətta dövlət başçısı onlara şəxsən mükafat təqdim edib və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb. Bu kampaniyada Böyük Britaniyanın canfəşanlığına gəlincə, onu deyə bilərik ki, UEFA finalının vaxtı və yeri təyin olunanda heç kim bu komandaların ingilislərə məxsus olacağını ehtimal etmirdi. Digər tərəfdən, təcrübə göstərir ki, bir çox hallarda finala çıxan komandalar oyunlarını öz vətənlərindən min kilometrlərlə uzaq ölkələrdə keçiriblər və heç vaxt belə iddialar irəli sürülməyib, kampaniyalar təşkil edilməyib. İngilis azarkeşlərinin bir o qədər də arzuolunan qonaq olmadığı bir faktdır. Bunu futbol yarışlarında çılğın ingilis fanatlarının törətdikləri ixtişaş, qarşıdurmalarla göstərmək mümkündür.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında belə kampaniyaların zaman-zaman təşkil olunduğunu söylədi: “Bu cür kampaniyalar gözləniləndir. Açığı, Azərbaycana qarşı bu cür münasibətdə həmin dövlətlərin mövqeyi sərgilənmir. Orada ayrı-ayrı ölkəmiz əleyhinə olan qrupların dövlət siyasəti, mövqeyi olaraq fikirləri daha çox diqqət mərkəzinə gətirilir. Ona görə də, belə kampaniyalara Qərb ölkələrinin məsələyə münasibətləri kimi baxılmamalıdır. Bunlar mənasız kampaniyalardır. Kim istəyirsə final oyununa baxmağa gəlsin, istəməyənin isə özü bilər. Gələnlər möhtəşəm bir final oyununu izləyəcəklər. Azərbaycan bu yarışı keçirməyə yüksək səviyyədə hazırlaşır. Hər zaman belə beynəlxalq tədbirlər ərəfəsində bu cür təxribatlar olur, amma heç bir nəticə vermir”.
AĞ Partiya başqanı Tural Abbaslı bu kampaniyanın təsadüf olmadığını düşünür: “Son günlər istər final oynayacaq komandaların rəsmilərinin, istərsə də azarkeş təmsilçilərinin adından bəzi narahatlıq ifadə edən fikirlər oxumuşam. Final oyununun Bakıda keçiriləcəyi əvvəlcədən bəlli idi. Əgər narahatlıq və ya şikayət vardısa, bunu öncədən bildirmək lazım idi. Həmçinin, mən bilən oyunlar UEFA tərəfindən hansısa şəhərə təyin olunarkən standartlara uyğunlaşdırılır və bəzi şərtlər irəli sürülür. Yəni ki, istər məsafənin uzaqlığı, istər biletlərin qiymətləri, istərsə də digər nüansların hamısı öncədən hesablanıb, nəzərə alınıb. Eyni zamanda, oyunların müxtəlif coğrafiyada keçirilməsi və futbolun təbliğat sərhədlərinin genişlənməsi UEFA və FİFA-nın öz marağındadır. Futbolun coğrafiyasının daha da genişlənməsi bu qurumların siyasətində prioritetlərdəndir. O ki qaldı ”Arsenal"ın tərkibindəki erməni oyunçusuna, bu barədə səhv etmirəmsə, AFFA və dövlət öz mövqeyini bildirib. Zatən, belə beynəlxalq tədbirlərdə bu ilk hadisə deyil. Burada da nəsə problemin olacağına inanmıram. Ümumiyyətlə isə, belə dövləti xüsusi xərcə salmadan, qısamüddətli idman tədbirləri ölkə üçün də önəmlidir. Büdcədən böyük xərcləmələr etmədən ölkəni dünyada tanıtmaq və turist cəlb etmək üçün də belə tədbirlər faydalıdır. Mən son zamanlar səslənən neqativ fikirlərin təsadüfi olmadığı və bəzi maraqlı dairələr tərəfindən təşkil olunduğu düşüncəsindəyəm".
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev bu cür müzakirələri gülünc sayır: “Azərbaycan kiçik ölkədir. Özünəməxsus siyasəti, mövqeyi və strategiyası var. Bəli, ola bilər ki, bu, kiminsə xoşuna gəlmir, yeridilən siyasəti bəyənmir. Bu, onların şəxsi işləridir. Azərbaycan son illərdə Avropa və dünya səviyyəli nəhəng yarışlar təşkil edib. Heç birində də nəsə problem çıxmayıb. Avroliqanın finalında da çıxma ehtimalı yoxdur. Çünki belə yarışların, böyük matçların təşkilində yetərincə təcrübəmiz var və necə deyərlər, sınaqlardan dəfələrlə üzüağ çıxmışıq. Yenə həmin valı qoyub oxutmağa ehtiyac yoxdur. Finalçıların ikisi də - ”Arsenal" da, “Çelsi” də son iki ildə ayrı-ayırlıqda Bakıya səfər edib və öz dilləriylə xoş qarşılanma, isti münasibətə görə təşəkkür edərək ayrılıblar. İndi nə oldu bəs? O ki qaldı Mxitaryana, bu məsələnin müzakirəsi belə gülüncdür. Bəli, onun Bakıya gəlməsi xoş hal deyil, amma Azərbaycan tərəfi dövlət səviyyəsində təminat verib. Bu təminat finalçının hətta Ermənistan komandasının olma ehtimalı olaraq belə verilmişdi. Bakıya dəfələrlə idmançılar istər tək, istərsə də komanda şəklində gəliblər, problemsiz də ayrılıblar. Yəni müzakirələrin açılması gülüncdür və kənardan məqsədyönlü görünür". (musavat.com) Xaricdəki anti-Azərbaycan qüvvələri təzədən fəallaşıb - səbəb; Bakıdan sərt reaksiyalar...