Erməniləri fövqəladə vəziyyət rejimində “seçki” keçirməyə nə məcbur edib? (ŞƏRH)

Erməniləri fövqəladə vəziyyət rejimində “seçki” keçirməyə nə məcbur edib? (ŞƏRH)

"Separatçıların yeni "liderini" köhnə problemlər gözləyir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu aprelin 14-də Dağlıq Qarabağda keçirilmiş "prezident seçkisini" şərh edərkən deyib. 
Politolq qeyd edib ki, Dağlıq Qarabağda "prezident seçkisinin” ikinci turunun təyin olunan "qalibi” bəlli olub:
 
"Separatçıların keçmiş baş naziri Araik Arutunyan separatçıların yeni "lideri” təyin edildi. Ona görə "təyin edildi” yazırıq ki, birincisi, bölgədə koronavirusun geniş yayıldığı vəziyyətdə ermənilərin "seçki məntəqələrinə” getdiyi ağlabatan deyil. Təsadüfi deyil ki, "seçki” oyunu keçirsələr belə, vətəndaşlara müraciət ediblər ki, "məntəqələrdə” sosial məsafəni qorusunlar. Hətta 65-dən yuxarı olan ermənilərə müraciət edilib ki, "seçki məntəqələrinə” gəlməsinlər. 
İkincisi, Araik Arutunyanın "ikinci turda” rəqibi olmayıb. "İkinci tura” keçən separatçıların keçmiş "xarici işlər naziri” Masis Mailyan koronavirusun yayıldığı dövrdə seçkinin "ikinci turunun” keçirilməsinin əleyhinə olub. Masis Mailyan "ikinci tur” öncəsində tərəfdarlarını "seçkini” boykot etməyə çağırıb". 
Elxan Şahinoğlunun fikrincə, Dağlıq Qarabağ dünyada yeganə bölgə olub ki, separatçılar koronavirusun yayılmasına baxmayaraq, insanları təhlükə altına ataraq "seçki” keçirməyə qərar veriblər: 
"Halbuki seçkinin "ikinci turu” ərəfəsində Dağlıq Qarabağda onlarla virusa yoluxan var və bu say getdikcə artır. Təsadüfi deyil ki, separatçılar "seçkidən” əvvəl Ermənistanla sərhədi bağlamağa məcbur olublar, üstəgəl bölgədə məktəblərin fəaliyyətini dayandırıblar. Separatçılar mayın 12-ə qədər bölgədə fövqəladə vəziyyət elan ediblər. 
Bəs separatçıları fövqəladə vəziyyət rejimində "seçki” keçirməyə nə məcbur edib?
Birincisi, separatçıların artıq keçmiş lideri Bako Saakyan Araik Arutunyanın xələfi seçilməsi üçün nə yolla olursa-olsun "ikinci turu”  keçirməyə qərar verib. 
İkincisi, Araik Arutunyanı Ermənistanın baş naziri Nikol Paşinyan da dəstəkləyirdi. "Seçkinin” təxirə salınması separatçılarla Ermənistan hakimiyyəti arasında suallar yarada bilərdi. Tamamən Ermənistandan asılı olan Dağlıq Qarabağ separatçıları "seçkini” keçirməklə İrəvanın da mövqeyini nəzərə alıblar.
Üçüncüsü, separatçıları qorxublar ki, "seçki” təxirə salınsa, bölgədə xaos yarana və bundan Azərbaycan hərbi təzyiqi artırmaq üçün istifadə edə bilərdi. 
Araik Arutunyanı dərhal Ermənistan prezidenti Armen Sərkisyan "təbrik” edib. Arutunyanın separatçıların "yeni prezidenti” seçilməsiylə heç nə dəyişməyəcək. Nə danışıqlarda irəriləyiş olacaq, nə də separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini qəbul edəcəklər. Dəyişən sadəcə, bu olacaq ki, Bako Saakyandan fərqli olaraq Araik Arutunyan Nikol Paşinyan daha çox asılı olacaq. Bako Saakyan Paşinyanın qatı düşmənləri Robert Köçəryanın və Serj Sərkisyanın namizədi idi. Saakyan Paşinyanla tez-tez görüşsə də, Robert Köçəryana dəstəkdən imtina etmir, eks-prezidentin həbsinin əleyhinə çıxırdı. Paşinyan da bunu ikiüzlülük kimi qiymətləndirirdi. Araik Arutunyanla Paşinyanın bu məsələdə problemi olmayacaq. Buna baxmayaraq, Dağlıq Qarabağ əvvəlkitək Ermənistana həm siyasi, həm də iqtisadi yük olmaqda davam edəcək".
Politolq sonda bildirib ki, koronavirus Ermənistan iqtisadiyyatını daha bərbad vəziyyətə salıb: 
"Belə vəziyyətdə Ermənistanın Dağlıq Qarabağ iqtisadi və hərbi baxımdan ayaqda tutması daha da çətinləşəcək". 

 






Fikirlər