“Rusiyaya müttəfiqlər yox, vassallar lazımdır“ - Politoloq

“Rusiyaya müttəfiqlər yox, vassallar lazımdır“ - Politoloq

Rusiyalı deputatlar ard-arda Qazaxıstan əleyhinə açıqlamalar verirlər. Onların sözlərinə görə, Qazaxıstan adında dövlət olmayıb və bu dövlət Rusiya torpaqları üzərində qurulub. Deputatlardan biri isə Qazaxıstanı açıq hədələyib: “Elə etməyin ki, torpaqlarımızı geri alaq!”.

    “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni şərh edib. O, ilk əvvəl Qazaxıstanın Rusiyanın müttəfiqi, o cümlədən Moskvanın təsis etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olduğunu diqqətə çatdırıb:

“Axı Qazaxıstan və qazaxlar nə ediblər ki, rusiyalı deputatlar bu ölkəni hədələməyə başlayıblar? Qazaxıstan Rusiyanın maraqları əleyhinə Qərb ölkələri ilə də sıx əlaqələr qurmayıb ki, deyəsən, Moskva buna görə Astananı hədələyir. Qazax dostlarım məndən soruşurlar ki, bu Azərbaycanın Ermənistan üzərində qələbəsiylə əlaqəli ola bilərmi? Əlaqə görmürəm. Çünki rəsmi Astana aşkar şəkildə Azərbaycanı dəstəkləmədi ki, Moskva Qazaxıstan hakimiyyətinin bu siyasətindən narazı qalsın. Halbuki qazaxların mütləq əksəriyyətinin bizə böyük simpatiyası var”.

Politoloq yeni heç bir şeyin olmadığını və Rusiya rəsmilərinin və deputatlarının, həqiqətən, Qazaxıstanın Rusiya torpaqları üzərində qurulduğuna inandıqlarını vurğulayıb:

“Ancaq bəziləri bunu açıq dilə gətirir, digərləri isə Astananın xətrinə dəyməməmək üçün düşüncələrini səsləndirmirlər. SSRİ-nin son illərində rusların əfsanəvi yazıçısı Aleksandr Soljenitsın də “Komsomolskaya pravda” qəzetində təxminən bir səhifəlik yazısında iddia edirdi ki, Qazaxıstanın az qala yarısı Rusiyaya aiddir. Elə Rusiya prezidenti Vladimir Putin də bir neçə il əvvəl açıqlamasında demişdi ki, Nursultan Nazarbayev olmasaydı, Qazaxıstan adında dövlət olmazdı. Putin bununla guya Nazarbayevi tərifləyirdi, ancaq həmin cümlədə Astanaya xəbərdarlıq var idi. Yəni Putin də Qazaxıstanı hədələyən deputatlar kimi düşünür.

 

Astana daha nə etməlidir ki, rusiyalı rəsmilər və deputatlar bu ölkəyə ərazi iddialarından əl çəksinlər?! Rusiya Krımı ilhaq edəndə belə Astana bunun əleyhinə açıqlama vermədi, hətta Krım tatarlarının lideri Mustafa Cəmiloğlu Qazaxıstan hakimiyyətinin siyasətini anlamadığını bildirdi. Moskvanın siyasəti bir daha sübut edir ki, Rusiyaya müttəfiqlər yox, vassallar lazımdır. Qazaxıstan hakimiyyəti və cəmiyyəti isə Rusiyadan çəkinməkdənsə, müstəqil xarici və təhlükəsizlik siyasətinə üstünlük verməlidir. Rusiya real güclə hesablaşır. Bu, Azərbaycan üçün də keçərlidir. Ukraynadan çox Rusiyaya yaxın dövlət yox idi, başına nələr gətirdi. Bu gün Belarusda hakimiyyətə fərqli qüvvələr gəlsə, Moskva qardaş adlandırdığı növbəti ölkənin də parçalanması prosesinə başlayacaq. Rusların yaxşı bir atalar sözü var: “Не так страшен чёрт, как его малюют”. /Yenisabah.az






Fikirlər