“Cavan oğlandır, amma xalqına zülm edir” – Sərdar Cəlaloğlu

“Cavan oğlandır, amma xalqına zülm edir” – Sərdar Cəlaloğlu

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri müxtəlif kontekslərdə təhlil olunur. Qaribaşvilinin səfərinin siyasi əhəmiyyəti ilə yanaşı, onun xarici görkəmi və yaşı da, diqqətdən kənarda qalmayıb. Gürcüstan hökümətinin vitrininə nəzər salanda, əksər nazirlərin gənc və orta nəsli təmsil edən insanlar olduğunu görmək mümkündür.

Azərbaycanda isə son vaxtlara qədər bunun əksi müşahidə olunurdu. Ölkənin ən stajlı Baş naziri sayılan Artur Rasizadə tutduğu postu 84 yaşında tərk edib. Onun sələfi Novruz Məmmədov isə 72 yaşında hokümət başçısı olub. Nazir, komitə sədri vəzifələrini tutan bir çox digər şəxs də gəncliyi ilə öyünə bilmirdi.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, siyasətdə gənclərin olmasının heç bir müsbət cəhəti yoxdur:

“Çünki dövlət və siyasət tələb edir ki, ağlı başında, siyasi təcrübəsi və təfəkkürü olan insanlar dövlət idarəçiliyində olsun. ABŞ Senatında orta yaş həddi 60-dan yuxarıdır. Amerika prezidentlərin əksəri ahıl adamlar olub. Ona görə də, Azərbaycanda kimsə qohum-qardaşını hakimiyyətə dürtmək üçün belə bir uydurmanı – cavanlaşdırma siyasətini ortaya atıb. Axı siyasətin cavanlığa, yaxud qocalığa nə aidiyyəti var? 90 yaşında hökmdarlar olub ki, dünyanı fəth ediblər, 20 yaşında hökmdar olub ki, öz ölkəsini qoruya bilməyiblər”.

“Bu gün dünyanın təhdid edən, axmaq-axmaq işlər görən adamların siyahısına baxın. Məsələn, Suriya prezidenti Bəşər Əsəd cavan oğlandır, amma öz dövlətini işğal etdirib, xalqını qırıb-çapır. Ya da Şimali Koreya lideri Kim Çen İn. Cavan oğlandır, amma xalqına zülm, üstəlik, dünyada da sülhü və sabitliyi təhdid edir”, – deyə Sərdar Cəlaloğlu əlavə edib. 

Siyasətçi hesab edir ki, siyasət özünü həsretmə deməkdir:

“Gənclik özünü heç vaxt peşəsinə və sənətinə həsr etməz, çünki gənclikdən doğan müxtəlif bioloji tələbatlar var ki, bu qəbildən olan insanlar o tələbatları ödəməyə üstünlük verirlər. Buna görə də, cavanlaşdırma və qocalardan xilas boş söhbətlərdir. Əsas məsələ odur ki, bu adam doğrudan da siyasi şüura malikdir, ya yox. Vətəninə və xalqına bağlıdır, ya yox? Təəssüf ki, bu kriteriyalar əsas götürülmür”.

 






Fikirlər