Bakı Vardanyanı, separatçı tör-töküntüləri danışıqların tərəfi kimi qəbul etməyəcək – Müsahibə

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov Globalinfo.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Elman bəy, erməni separatçılarının 10 gündür çalışdıqları mitinq Xankəndi şəhərinin mərkəzində baş tutdu. Erməni milyarder Ruben Vardanyan 30 oktyabr aksiyasında olduğu kimi, mitinqdə kütləviliyi təmin etmək üçün yenə kisənin ağzını açdı. Bu barədə siz nə düşünürsünüz?

– Hazırda Qarabağda baş verən proseslərin səbəbkarı separatçı rejimin tör-töküntüləri və erməni milyarder Ruben Vardanyandır. Vardanyan demək olar ki, özünü separatçıların lideri kimi aparır. Hətta deyərdim o, tədricən Arayik Artyunyanı kölgədə belə qoyur. Mümkündür ki, yaxın gələcəkdə bu iki separatçı arasında fikir ayrılığı yaşansın və nəticədə qarşıdurma yaransın.

O ki qaldı Xankəndidə təşkil olunan mitinqə, deyə bilərəm ki, Ruben Vardanyan bütün resurslarından istifadə edərək bu mitinqi təşkil etdi. Belə ki, o, mitinqə müəllimləri, həkimləri, müxtəlif təzyiqlərlə cəlb etdi. Hətta gəlməyənlərin işlərindən azad ediləcəyi də deyilib. Bundan başqa Xankəndi ətrafından gələnlərə 30-40 dollar pul verilib. Avtomobili olanların mitinqdə iştirak qarşılığında benzin xərcləri qarşılanıb. Bütün bunlar da azmış kimi mitinqə gələnlərdən uşaqlarını gətirmələri də istənilib.

Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan Xankəndidəki mitinqə uşaqların cəlb edilməsini sosial şəbəkə hesablarında paylaşım edərək tənqid edib.

– Ruben Vardanyan bundan öncə də bənzər formada Xankəndidə mitinq təşkil etmiş, həmin mitinqində kütləvi olması üçün bənzər vasitələrə əl atmışdı. O bu kimi cəhdlərlə nəyə nail olmaq istəyir?

– Vardanyanın məqsədi bəllidir. O bu yolla Azərbaycana təzyiq edə biləcəyini düşünür. Xüsusilə də rəsmi Bakının Laçın yolu ilə bağlı mövqeyini dəyişmək istəyir.

Azərbaycanın isə mövqeyi bəllidir. Ümumiyyətlə rəsmi Bakı Laçın yolunu bağlamayıb. Şuşa-Laçın yolunda keçirilən aksiya yalnız Qarabağa qanunsuz şəkildə daxil olan silah-sursatın və təbii sərvətlərin daşınmasının qarşısını almaqdır. Bunun xaricində Laçın yolundan humanitar və dinc məqsədlər üçün istifadəyə icazə verilir.

– Ermənistan tərəfi Azərbaycanı guya Laçın yolunu bağlamaqda və Qarabağdakı erməniləri humanitar böhran vəziyyətində saxlamaqda ittiham edərək BMT və digər təşkilatlara şikayət edib…

– Bir daha təkrar edirəm, Laçın yolunu bağlayan Azərbaycan tərəfi deyil. Mülki əhalinin blokadaya alınması iddiaları isə büsbütün yanlış və əsassızdır. Rəsmi İrəvan bu yolla Azərbaycana qarşı beynəlxalq aləmin təzyiq etməsini istəyir.

Hesab edirəm, ölkə rəhbərliyi Ermənistanın atacağı bütün addımlara qarşı qabaqlayıcı tədbirlər görüb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə gün öncə Qərbi Azərbaycan icması ilə görüşərkən bu məsələni qeyd etmiş, hətta yaxın zamanlarda beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı təzyiqlərin olma ehtimalını da bildirmişdi. Lakin bütün bunlar bizi haqq işimizdən geri çevirə bilməz.

– Elman bəy, bildiyiniz kimi, dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti keçirildi. Sammitdən bir gün öncə Xankəndidə aksiyanın təşkil edilməsi təsadüf idi, yoxsa məqsədyönlü şəkildə atılan bir addım?

– Xatırlayırsınızsa, separatçılar bundan öncə Rusiyanın Soçi şəhərində keçirilən üçtərəfli görüş öncəsi də Xankəndidə mitinq təşkil etmişdi. İndi isə MDB sammiti öncəsi mitinq təşkil etdilər.  Hesab edirəm, zaman seçimi təsadüfi deyildi.

Separatçılar açıq şəkildə beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər ki, Qarabağda özlərinin “legitim” hakimiyyəti var və danışıqlar onlarla aparılmalıdır. Ruben Vardanyan isə danışıqlarda erməniləri təmsil etməlidir.

Bütün bunlar cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycan Xankəndidə heç bir hakimiyyəti tanımır və danışıqların bir parçası olaraq görməyəcək. Təsadüfi deyil ki, cənab Prezident  Fransa Prezidenti Emnanuel Makronla telefon danışığı zamanı bu məsələyə bir daha toxunub.

– Son günlər Qarabağdakı ermənilər də Şuşa-Laçın yolundakı etiraz aksiyalarına cavab olaraq aksiyalar təşkil etməyə başlayıb və onlar sülhməramlılardan Laçın yolunun açılmasını tələb edib. Şuşa-Laçın yolunun açılması istiqamətində erməni və azərbaycanlı aksiya iştirakçıları arasında iğtişaşlar yaşana bilərmi?

– Bu mümkün deyil. Ümumiyyətlə belə bir təhlükə yoxdur. Ermənilər yolun açılmasını istəyirlərsə, ilk öncə mövcud problemlər həll edilməli, azərbaycanlı nümayəndələr əraziyə buraxılaraq monitorinq keçirməlidir. Əgər problem həllini taparsa, aksiyalar dayandırıla bilər.

 






Fikirlər