Azərbaycanın “çılpaq məmurları” - ilginc təfərrüatlar

Azərbaycanın “çılpaq məmurları” -Əslində “çılpaq məmur” ifadəsini hərfi mənada başa düşmək lazım deyil. "Wikipedia"nın məlumatına görə, “çılpaq məmurlar” (Çin sadələşdirilmiş heroqlifləri ilə裸体官员, pinyin luŏtĭ guānyuán) - ailəsi ölkə hüdudlarından kənarda yaşayan, əmlakı da xaricdə yerləşən və ailə üzvlərinin adına qeydiyyata alınmış dövlət qulluqçularını bildirən Çin neologizmidir. 
Çin Xalq Respublikası (ÇXR) İctimai Elmlər Akademiyasının qiymətləndirməsinə görə, çinli məmurların təxminən 40%-nin ailəsi və uşaqları Çinin qitədə olan ərazisindən kənarda yaşayır. Qeyd cedək ki, bu, 2013-cü ildən öncəki statistikadır. 
Əmlakın xaricə köçürülməsi və ailənin də ölkə hüdudlarından kənarda yaşaması məmurun mütləq rüşvətxor olmasının göstəricisi olmasa da, ÇXR hökuməti belə məmurları rüşvətə daha çox meylli hesab edərək, onlara bəzi yüksək vəzifələri (məsələn, bəzi idarələrin rəisi və rəis müavini vəzifələri) tutmağa qadağan edir.
ÇXR-nın Kommersiya Nazirliyinin məlumatlarına görə, 1978-2003-cü illərdə Çindən qaçmış dörd min rüşvətxor məmur ölkədən 50 milyard dollara yaxın vəsait çıxara bilmişlər. Onların əksəriyyəti əvvəlcə ailəsini xaricə göndərir, daha sonra pulları köçürür və özləri də ölkəni tərk edirdilər.
Məlum Çin neologizmindən yola çıxsaq, Azərbaycanda da kifayət qədər “çılpaq məmur” olduğunu söyləyə bilərik. Hər halda bizim yüksək çinli məmurlarının bir çoxunun yalnız ölkə daxilində deyil, ondan kənarda da dəbdəbəli, dəyəri milyonlarla dollarla ölçülən mülklərə, biznes obyektlərinə və digər sərvətlərə sahib olduğu bilinən həqiqətdir. Onların arasında ailə üzvləri xaricə yerləşən məmurlar da az deyil.
Məsələn, iki il öncə o vaxtki kənd təsərrüfatı naziri İsmət Abbasovun Britaniya paytaxtı Londonda 2 milyon dollara mülk aldığı aşkarlandı. Eyni zamanda məlum oldu ki, Abasovun oğlu bu şəhərdə yaşayır. İddiaya görə, o iş adamıdır. Sabiq nazirin oğlu faktı təsdiqləsə də, mülkün çox əvvəldən – 1991-ci ildə aldığını iddia etdi, amma çox keçmədən onun yalan danışdığı aydınlaşdı.
Çin qaydalarına görə, Abasov gərək bir daha vəzifə tutmayaydı, nazir vəzifəsindən gedəydi. Getdi də. Amma buranın Azərbaycan olduğunu nəzərə aldıqda qətiyyən təəccüblənməməli olduğumuz təyinat gerçəkləşdi - İsmət müəllimi nazir vəzifəsindən daha yüksək posta təytin etdilər. O indi baş nazirin müavinidir. 
İsmət Abbasov
 
Bir müddət əvvəl isə məlum oldu ki, Çexiyanın paytaxtı Praqada on milyonlarla krona elit daşınmaz əmlak alan azərbaycanlıların sayı artır. Bu haqda Çexiyanın “Mlada Fronta Dnes” qəzeti yazmışdı.
İddiaya görə, ruslar Praqada mənzilləri məxsusi olaraq bu iş üçün ixtisaslaşmış Rusiya daşınmaz əmlak şirkətləri üzərindən almağa üstünlük verir, azərbaycanlılar isə əsasən birbaşa alırlar. Məsələn, Cəmil Məlikov adlı Azərbaycan vətəndaşı kimi. O, Praqanın Mərkəzi Parkındakı elit yaşayış kompleksindən Manhetten göydələnlərini xatırladan binada 3,3 milyon krona özünə mənzil alıb.
Çex nəşri yazırdı ki, bu şəxsin kimliyi barədə Çexiyanın daşınmaz əmlak reyestrində məlumat yoxdur. Ancaq Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Agentliyinin rəhbərinin ad və soyadı da Cəmil Məlikovdur. 
Ümumiyyətlə, Çexiyada biznesə və daşınmaz əmlaka sahib olan azərbaycanlılar arasında vəzifəli şəxslərin və millət vəkillərinin (o cümlədən, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin deputat qardaşı Cavanşir Paşazadənin və s.) olması yeni xəbər deyil.
Kərəm Həsənov
Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əsasən Şərqi Avropada, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun başda Rusiya olmaqla bir neçə MDB ölkəsində, vergilər naziri Fazil Məmmədovun Ukraynada, Diaspora İşləri üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Qərbi Avropada biznesə və daşınmaz əmlaka malik olduğu barədə yerli KİV kifayət qədər yazıb. Bu cür iddialar rəsmi olaraq təsdiqlənməsə də, hər halda təkzib də edilməyib. 
Cahangir Əsgərov
Qeyd etmək yerinə düşər ki, xaricdə biznesi, əmlakı olan və ya ailə üzvləri yerləşən məmurlara qarşı qadağalar gətirən birinci və sonuncu ölkə Çin deyil. Məsələn, 2013-cü ildə Rusiya  prezidenti Vladimir Putin Rusiya Dövlət Dumasına məmurların öz pul vəsaitlərini xarici dövlətlərin banklarında saxlamalarını qadağan edən qanun layihəsi təqdim edib. Bu qadağanı nəzərdə tutan sənəd Rusiya Federasiyasını dövlət xidmətində çalışan məmurlara və Rusiya Bankı direktorlar şurasının üzvlərinə aid edilir. Rusiya məmurlarının xaricdə aktivlər əldə etməsinin qarşısının alınmasına yönəlmiş bu qanun laihəsi həmçinin dövlət və hərbi qulluqçuların xarici ölkələrdə daşınmaz əmlaka da sahib olmalarını da yasaqlayırdı. Qanun layihəsində bildirilirdi ki, qadağaları pozan məmurlar vəzifədən etibarsız və yararsız məmur kimi tutduğu işdən azad ediləcək, 5 milyon rubldan 10 milyon rubladək cərimələnəcək və yaxud 5 il müddətinə azadlığdan məhrum olunacaqlar. Dövlət Duması qadağaları təsdiqləyib.
Bir sıra ölkələrdə hesab edirlər ki, yerli məmurların xaricdə biznes və daşınmaz əmlaka malik olması, ailə üzvlərini orada yerləşdirməsi onları həmin ölkələrin təsiri altına salır, hakimiyyətlər üçün daxili təhdidə çevirir. Məlum yasaqlar da adətən bunu önləmək üçün gətirilir.
Azərbaycanda rəsmi olaraq belə qadağa(lar) yoxdur. Olsa belə, onlara nə qədər əməl olunacağını demək çətindir. Unutmayaq ki, bizdə məmurların bizneslə məşğul olması da qanunla yasaqlanıb, amma vəzifəli şəxslər həmin yasağı dəlməyin və qısa vaxtda fantastik var-dövlətə sahib olmağın yolunu asanlıqla tapırlar.
Odur ki, hətta məmurlarımıza xariclə bağlı haqqında bəhs etdiyimiz rəsmi qadağalar qoyulsa belə, onların buna əməl edəckləri sual altındadır. 
Ümumiləşdirək: məsələ əslində hansısa biznesin, daşınmaz əmlakın harada yerləşdiyi  də deyil. İstər ölkə daxilində, istərsə də xaricində olsun, fərq etmir. Vacib məsələ həmin bizneslərdən, daşınan və ya daşınmayan əmlaklardan korrupsiya, rüşvət qoxusunun, haram iyinin gəlib-gəlmədiyidir.Qaynar.info (Azərtaym.az)






Fikirlər