Qarabağlı ermənilər Ukraynaya ölümə göndərilir...
Ukraynanın şərqində, Donetsk və Luqansk vilayətlərindəki hərbi əməliyyatlarda iştirak etmək üçün formalaşdırılmış "erməni batalyonu" əslində Ermənistanın və Rusiyadakı erməni diasporunun əsl xislətini göstərir. Qədim türklərin hələ də aktual olan "cidanı çuvalda gizlətmək olmaz" deyimi Ermənistanın hakimiyyət dairələrinin və Rusiya Federasiyasındakı məskunlaşmış ermənilərin diaspor təşkilatlarının fəaliyyətini riyazi dəqiqliklə əks etdirir. Ukraynada aparılan hərbi əməliyyatlara qatılmaq və guya "Rusiyanı müdafiə etmək" pərdəsi altında ermənilər merkantil maraqlarını təmin etməyə çalışırlar. Həmişə olduğu kimi, onlar xislətlərinə və amplualarına sadiq qalaraq yaranmış vəziyyətdən maksimum istifadə etməyə, mənafelərinin reallaşmasına can atırlar. İyunun 30-za Moskvada "Arbat" adlı "erməni könüllülər batalyonu"nun kilsədə xeyir-dua və ibadət mərasimi ilə Ukraynanın Donetsk vilayətinə, döyüşlərə yola salınması "mərasimi" keçirilib. Həmin "batalyon"a isə "Vaqner" özəl hərbi şirkətinin sabiq mənsubu, törətdiyi çoxsaylı cinayətlərə görə həbsxanada cəza çəkmiş erməni rəhbərlik edəcək.
Sabiq məhbusun "komandir" olduğu "Arbat"ın sıralarındakı ermənilər arasında xeyli kriminal elementlər də var. Onların bəziləri iyunun 30-da Moskvadakı erməni kilsəsində keçirilmiş mərasimə də qatılmışdılar. Rusiya Erməni Apostol Kilsəsinin rəhbəri, arxiyepiskop Ezras Nersisyanın xeyir-dua verdiyi batalyonnun əsasını qarabağlı erməni separatçılarının silahlı dəstələrinin üzvləri təşkil edirlər. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilər indi sülhdən, hüquqlardan və təhlükəsizlik təminatından bəhs etsələr də, onların arasında yüzlərlə ekstremist Rusiyaya yollanıblar. 44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Xankəndindəki separatçı rejimin heç bir perspektivi olmadığını anlayan bu separatçılar Rusiyada bir müddət yerli erməni diasporunun himayəsində qaldıqdan sonra bəziləri RF vətəndaşlığı alaraq yollandıqları şəhərlərdə yaşamağı, bəziləri isə Rusiyanı tərk edərək müxtəlif ölkələrə mühacirət etməyi planlayırdılar. Onların planlarını Rusiya Erməniləri İttifaqı (REİ) və Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun yerli mərkəzi alt-üst ediblər. Rusiyadakı ermənilərin əsas iki diaspor "təşkilatı"nın rəhbərliyi müzakirələrdən sonra qərara gəliblər ki, qarabağlı erməni separatçıların Ukraynaya döyüşlərə yollamaq gərəkdir. REİ funksionerlərinin etiraflarına görə, onlar bu minvalla "ermənilərin Rusiya uğrunda döyüşməkdə qərarlı olduqlarını göstərməklə yerli cəmiyyətin və xüsusilə də hakimiyyət dairələrinin rəğbətini qazanmaq" istəyirlər. "Arbat" batalyonu sadəcə, qarabağlı erməni separatçılardan ibarət deyil. Ukraynaya döyüşlərə göndərildiyi vurğulanan batalyonda hazırda separatçı rejim tərəfindən idarə olunan Abxaziyadan olan silahlılar da var.
"Arbat"ın komandiri Hayk Qasparyan isə əvvəllər "Vaqner"in birləşmələrinin birinin tərkibində Ukraynada döyüşməklə yanaşı, silahlı qarətdə suçlanaraq 7 il müddətinə azadlıqdan məhrum edilmiş şəxsdir. Batalyonun formalaşmasında ciddi maliyyə "yardım"ları göstərmiş şəxslərdən biri isə Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərinin sakini, kriminal avtoritet Armen Sarkisyandır. O, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin "sağ əli" sayılmış Yuri İvanyuşenkonun silahlı bandit dəstəsinə rəhbərlik edir. Ukraynadakı "Avromaydan" zamanı aksiya iştirakçılarına hücum edən və atəş açan "tituşka" dəstələrindən birini də məhz A.Sarkisyan yaratmışdı. Kiyevdə müxalifətçilərə divan tutan, siyasətçilərə qarşı sui-qəsdləri gerçəkləşdirən həmin banditlərə bilavasitə rəhbərliyi isə A.Sarkisyan yaxın adamlarına - Yuri Krısinə və Vladimir Koşelyova həvalə etmişdi. Məşhur ukraynalı jurnalist Vyaçeslav Veremiyin 2014-cü ilin fevralın 19-da Kiyevdə sui-qəsd nəticəsində qətlə yetirilməsini də A.Sarsiyan təşkil etmişdi. 2014-cü ildə Ukraynanın tələbi ilə beynəlxalq axtarışa elan olunmuş A.Sarkisyan 2018-ci ildə Fransada tutulsa da, az sonra azadlığa buraxılmışdı. 2022-ci ilin fevralın 24-dən bəri A.Sarkisyan Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki kriminal qruplaşmaların "lider"inə çevrilib. "Arbat" batalyonunun maliyyə mənbələri də üç hissədən ibarətdir: əsas qrupa REİ-nin sədri Ara Abramyan və Rusiyanın ən iri sənaye-inşaat şirkətlərindən biri "Taşir Holdinq"in sahibi Samvel Karapetyan başçılıq edirlər. Ermənistanın elektrikpaylama şəbəkələri, İrəvandakı tikinti və ticarət şirkətlərinin tam əksəriyyəti S.Karapetyana məxsusdur. İkinci qrup Ukraynanın Donetsk vilyətindəki oliqarxlar və iş adamlarından ibarətdir ki, bu dəstənin də rəhbəri Ukraynanın sabiq daxili işlər naziri Vitali Zaxarçenkodur. Üçüncü qrup isə birbaşa rusiyalı erməni milyarder, hazırda Xankəndində olan Ruben Vardanyandan və onun əlaltılarından ibarətdir. "Arbat" batalyonunun qərargah rəisi də "maraqlı" fiqurdur. O, Donetsk vilayətində "Donbasın Vəhşi Diviziyası"nın tərkibində Ukrayna lrdusuna qarşı vuruşmuş Axra Avidzbadır.
A.Avidzba hazırda Abxaziyadakı separatçı rejimin "hərbi əks-kəşfiyyat"ına rəhbərlik edir. "Arbat"ın tərkibinə Suxumidəki separatçı rejimin silahlı dəstələrinin üzvlərinin də "könüllü qatılması"nı məhz A.Avizdba təmin edib. Ermənilərin sosial şəbəkələrdə yazdıqlarına və Rusiya Erməniləri İttifaqının funksionerlərinin dediklərinə görə, əsas məqsəd sadəcə, "Arbat"ı Ukraynaya döyüşlərə göndərmək deyil. Əsas məqsəd artıq parçalanmağa başlamış "Vaqner"in analoqunu yaratmaq və Ukraynada döyüşlərdə iştirak adı ilə Rusiya Federasiyasının dövlət büdcəsindən külli miqdarda maliyyə vəsaitinin ayrılmasına nail olmaqdır. Həmin pulların sonrakı taleyini təxminləmək çətin deyil: Ara Abramyan, Samvel Karapetyan və Ruben Vardanyan üçlüyü indiyədək dəfələrlə büdcə vəsaitini kağız üzərindəki şirkətlərin və offşor firmalarının hesablarına paylaşaraq mənimsəyiblər. Üçlük yeni əməliyyatla da böyük gəlir əldə etmək fikrindədir. ABŞ-dakı Amerika Müharibə Tədqiqatları İnstitutu (Institute for the Study of War, ISW) da "Arbat"ın Ukraynada döyüşlərə göndərilmək üçün yaradıldığını təsdiqləyib. "Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, qarabağlı ermənilərlə Abxaziyadakı ermənilərin separatçı silahlı dəstələrinin üzvləri də var", - ISW-in hesabatında vurğulanır. A.Abramyan, S.Karapetyan və R.Vardanyanın bu "təşəbbüs"nə tam siyasi dəstəyi Ermənistanın baş naziri Nikol Paşinyan təmin edir. Son vaxtlar aşkar Qərbyönümlü siyasət yürüdən, Azərbaycanla yekun sülh sazişi imzalanmasına yönəlmiş prosesin Rusiya Federasiyasının inhisarından çıxarılaraq Vaşinqton və Brüssel platformalarına keçməsini razılıqla qarşılayan N.Paşinyan "Arbat" batalyonunun yaradılıb döyüşə göndərilməsi kimi tragikomik buffonadanaya dəstək verməklə "Rusiyanın maraqlarını daim nəzərə alan dövlət xadimi" imici yaratmaq, "Rusiyanın geosiyasi müttəfiqi və əzəli tərəfdaşı olan Ermənistan" narrativini gündəmdə saxlamağa çalışır. Eyni zamanda o, Rusiyadakı erməni diasporunun gündəmdən düşməməyə çalışan mənsubları Marqarita Simonyan, Tiqran Koeosoyan, Roman Babayan və Semyon Baqdasarov kimi propaqandistlərlə əlaqələrlə münasibətləri bərpa etməyə çalışır. Ruben Vardanyana gəldikdə isə, N.Paşinyan bu milyarderə nifrət etsə də, Xankəndindəki separatçı rejimə təzyiq imkanlarına malik fiquru gözardına vurmaq niyyətində deyil. Donetskdəki separatçı rejimin saiq rəhbəri Aleksandr Borodayın "maliyyə hami"lərindən olmuş Ruben Vardanyan da situasiyadan faydalanaraq qismən də olsa, nəzarət edə bildiyi yeni silahlı strukturun formalaşmasını gələcəkdə istifadə edə biləcəyi rıçaq hesab edir. Beynəlxalq hüquq Ukraynaya göndərilən qarabağlı erməni separatçılarını birmənalı olaraq hərbi cinayətkar və muzdlu hesab edir. Rusiya Sülhməramlı Kontingentinin nəzarətindəki ərazilərdə qalan, Ermənistan Müdafiə Nazirliyinin mənsubları olan hərbçilərlə yerli qarabağlı ermənilərin separatçı silahlı birləşmələrinin sadəcə, bölgə üçün yox, geniş miqyasda region üçün real təhlükə kəsb etdiyini Azərbaycan dəfələrlə bəyan edib. İndisə gördüyümüz kimi, qarabağlı ermənilərin separatçı silahlıları artıq Ukrayna üçün də təhlükəyə çevrilir. Kollektiv Qərb bundan sonra da rəsmi Bakıdan "qarabağlı ermənilərin müvafiq strukturları ilə sərt davranmamağı" tələb edəcəksə, demək, sepapartizmi, muzdlu döyüşməyi və terrorizmi nəzərə almaq istəmir. Halbuki "Arbat" batalyonu irrequlyar struktur, muzdlu əsaslarla formalaşdırılan, tərkibi sabiq məhbuslardan və separatçılardan ibarət ekstremist vahiddir. Bakının qarabağlı erməniləri Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək planlarını "tənqid" edən Qərb, görəsən, indi nə deyəcək? Elçin Alıoğlu
TREND