Prezidentliyə namizəd xalqa belə müraciət edəcək - Açıqlama

Prezidentliyə namizəd xalqa belə müraciət edəcək - Açıqlama 

Yanvarın 15-dən etibarən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq. Seçkilərdə iştirakı təsdiq edilmiş 7 namizəd bu tarixdən etibarən öz seçiciləri qarşısında təbliğat və təşviqat kampaniyalarını keçirəcəklər. 

Böyük Azərbaycan Partiyasından prezidentliyə namizəd Elşad Musayev seçki kampaniyası ilə bağlı planlarını və seçkilərin qışda keçirilməsinə dair düşüncələrini Yenisabah.az-la bölüşüb. 

“Məlum olduğu kimi bu növbədənkənar seçkidir və belə olduğu üçün hər şey qısa müddətə nəzərə alınıb. Təbii ki, qış vaxtı keçirilən seçki kampaniyası ilə yay vaxtı keçirilən seçki kampaniyası arasında müəyyən qədər fərqlər var. Amma onu da nəzərə alaq ki, indiki seçki kampaniyasının keçirilməsi ölkə üçün olduqca əhəmiyyətli dövrə təsadüf edir. Eyni zamanda ölkə başçısı da bu mövzuda öz mövqeyini ortaya qoydu. Onu da qeyd edim ki, məlum olduğu kimi ölkəmizdən başqa dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, ABŞ, Ukraynada da seçkilər keçiriləcək. Biz hesab edirik ki, indiki dövrdə seçkilərin keçirilməsi olduqca əhəmiyyətlidir”. 

Elşad Musayev təbliğat-təşviqat kampaniyası çərçivəsində daha çox kütləvi informasiya vasitələrindən istifadə edəcəklərini bildirib. 

“Qış fəsli olduğu üçün insanların irimiqyaslı mitinqlərdə toplamağın düzgün olacağını düşünmürük. İndi müasir dövrdü və artıq kütləvi informasiya vasitələrindən xalqa müraciət etmək daha effektiv və əlverişlidir. İndi seçiciyə müraciət formaları müxtəlifdir. Əvvəllər sadəcə dövlət nəzarətində olan televiziyalar və kütləvi aksiyalar vasitəsi ilə təbliğat-təşviqat prosesi aparılırdı. Hələlik təbliğat vasitələrimizi planlaşdırırıq və bir müddət sonra daha dəqiq bildirəcəyik”. 






Fikirlər