“Baba Vəziroğlu gedib parlamentdə nə deyəcək?” - Maraqlı AÇIQLAMA...

“Baba Vəziroğlu gedib parlamentdə nə deyəcək?” - Maraqlı açıqlama

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin bir çoxu artıq müəyyənləşib. Deputat olmaq istəyənlər arasında həm iqtidar, həm müxalifət, həm də bitərəf olan xeyli sayda namizəd var. 

Proseslə bağlı maraq doğuran əsas nüanslardan biri də bu seçkidə namizəd olaraq qeydə alınan şəxslər arasında mədəniyyət adamlarının olmamasıdır. Bəs görəsən, bunun başlıca səbəbi nədir? Mədəniyyət xadimləri niyə deputat olmaq istəmir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan şair Baba Vəziroğlu bildirib ki, ümumiyyətlə mədəniyyət sahəsində tanınan hansısa şəxsin deputat olması düzgün deyil: 

“Mən hələ Milli Məclis buraxılan vaxt bu barədə fikrimi bildirmişdim. Ümumiyyətlə, mədəniyyət sahəsində tanınmış adamların parlamentdə nə işi var? Parlamentdə iqtisadçılar, siyasətçilər, hüquqşünaslar olmalıdır. Ora qanunverici orqandır. Milli Məclisdə Azərbaycanın bu günü, gələcəyi üçün qanunlar işlənib qəbul olunur. Məsələn, heç kimi yox, özümü misal çəkirəm. Baba Vəziroğlu gedib parlamentdə nə deyəcək? Hansı qanuna irad bildirə və ya düzəliş edə bilər? Hansısa qanunun iqtisadi göstəricilərini, hüquqi müstəvidə uyğun olub-olmamasını nə cür anlaya bilər? O cümlədən də, bu sırada digər mədəniyyət xadimləri dayanır. Orada tanınmış mədəniyyət nümayəndələrinin olmaması lap əladır. Mən istəyirəm ki, orada doğrudan da, cavan, dünya siyasətindən, hüququndan və iqtisadiyyatından anlayışı olan insanlar olsunlar. Parlament bizim prezidentimizə, dövlətimizə layiq olmalıdır. Ölkə başçımız siyasi savadı, politqotluğu və hərətərəfli dünyagörüşü ilə dünyada liderləri arasında ön sıralarda durur. İcra strukturları, Milli Məclis də ölkə başçımıza dəstək olmalıdır”. 

Baba Vəziroğlu növbəti seçkilərlə bağlı gözləntilərini də açıqlayıb:

"Mən çox arzu edirəm ki, indiki Milli Məclisə əvvəlkinə nisbətən tam fərqli və dövlətin, millətin rifahına xidmət edən insanlar seçilsin. Amma açıq deyim ki, heç indiki seçkilərdən də gözüm su içmir. Digər tərəfdən “ataları gedir, övladları gəlir” fikrinə də qatılmıram. Dünyada 7 milyard insan var və heç birinin barmaq izi belə bir-birinə bənzəmir. Elə ola bilər ki, hansısa yartımaz atanın olduqca bacarıqlı və savadlı övladı olar. Uşaqlar atalarına görə cavabdeh deyil. Ona görə belə yanaşmalar düzgün deyil. Yaş senzi də düzgün deyil. 30 yaşında deputat var ki, Milli Məclisə ancaq mürgüləməyə gedir. Eləsi də var ki, 60-70 yaşı olmasına baxmayaraq fərqli və yenilikçi yanaşma göstərir”. 






Fikirlər