Ard-arda xüsusi əməliyyat: Rusiya Azərbaycana qarşı təxribata hazırlaşır?
Xəbər verdiyimiz kimi son günlər mediada Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumatda isə belə bir halın olmadığı deyilib. Xəbər təkzib edilib. Rusiya və Azərbaycan arasındakı mövcud münasibətlər, gərginlik fonunda şimal bölgəsindəki rayon və əsasən də kəndlərlə bağlı nə kimi təhlükə var? Politoloq Elçin Abdullayev deyib ki, Daxili İşlər Nazirliyi yaydığı bəyanatda Azərbaycanın sözügedən bölgələrdə hər hansı post qoymağı zəruri hesab etmədiyini bildirir: “”Sərhəd-sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonlarda uzun illərdir ki, belə tədbirlərin keçirildiyi bildirilir. DİN və Dövlət Təhlükəsizlik Xidməti bir neçə gün öncə “Meşə qardaşları” ilə bağlı da əməliyyat keçirdilər. Məlum oldu ki, terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı 8 nəfər zərərsizləşdirilib, 6 nəfər isə həbs olunub. DİN-in ard-arda bəyanatları fonunda “Meşə qardaşları” ilə bağlı məsələnin üzərində dayansaq, bir çox məqam aydın olar. Elçin Abdullayev “Meşə qardaşları” adı altında fəaliyyət göstərən terror qruplaşması Dağıstan Respublikasından dəstək alır. Azərbaycana qarşı təsir rıçaqı kimi Rusiya ərazisindən istifadə olunur. Rusiya çox vaxt rəsmi Bakı və Moskva arasında soyuqluq yarananda dərhal öz təhdid vasitələrini işə salır. Bunlardan biri də “Meşə qardaşları” və Azərbaycanın şimal cinahında olan əlaltılarıdır. Dekabrın 25-də məlum təyyarə qəzasından sonra Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaranıb. Bütün dünyanın Rusiyadan üz çevirdiyi bir vaxtda Azərbaycanın rəsmi Moskva ilə isti münasibət qurmasına baxmayaraq rəsmi Moskva səhvini qəbul edərək öhdəliklərini yerinə yetirməkdən yayınır”. Politoloqun sözlərinə görə, Rusiya münasibətləri normallaşdırmaq əvəzinə, digər variantlara əl atır: “Bu variantlardan biri qeyd etdiyimiz qruplaşmalardır. Onların vasitəsilə Azərbaycana hədə-qorxu gəlməyə çalışırlar. Lakin Rusiyanın bu cür addımları rəsmi Bakını yolundan döndürməyəcək. Moskva öz vəziyyətini daha da ağırlaşdıracaq”. / Globalinfo.az