Avropa Şurasından Azərbaycana SÜRPRİZ ZƏRBƏ - ŞOK gəlişmə

Avropa Şurasından Azərbaycana sürpriz zərbə - şok gəlişmə

Ermənistandan ölkəmizə qarşı diplomatik həmlə; AŞPA-da anti-erməni qətnamələrinin qəbulu ərəfəsində qurumun baş katibi Torbyörn Yaqland ölkəmizlə bağlı xüsusi araşdırma aparmağa göstəriş verib; Yeni ilədək siyasi dustaqların azad edilməsi ikiqat önəmli... 

 

Son zamanlar Azərbaycanda siyasi dustaqlarla bağlı  hakimiyyətin atdığı kövrək addımlar, gözlənildiyi kimi, ölkəmizin üzv olduğu Avropa strukturlarında təqdirlə qarşılanıb. Xüsusən də Leyla və Arif Yunus cütlüyünün azad edilməsi həm Avropa Birliyi, həm də Avropa Şurası rəhbərliyi tərəfindən alqışlanıb, bunun davamının gələcəyinə ümid ifadə edilib.
Gözləmək olardı ki, belə bir davamın gəlməsi üçün adıçəkilən qurumlar və onların rəhbərliyi zəruri atmosferin saxlanmasına və güclənməsinə hansısa şəkildə yardım edəcək, rəsmi Bakıya qarşı ənənəvi sərt ritorikadan və əks-effektli təzyiq taktikasından bir qədər uzaqlaşacaq. Lakin Azərbaycanla Avropa arasında münasibətlərin ilıqlaşmağa üz tutduğu məqamda hakimiyyət üçün, ölkəmiz üçün xoşagəlməz sürpriz sayılan fakt ortaya çıxıb.
Belə ki, AzadlıqRadiosu xəbər yayıb ki, Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb. Baş katib deyib: “Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda tənqidi səslərin susdurulması, söz azadlığının məhdudlaşdırılması üçün hüququn özbaşına (əsassız) tətbiqini üzə çıxarıb. Belə narahatedici bir şəraitdə durumun düzəlməsinə yönəlik müsbət addım atılmadığından, Azərbaycana təmsilçilər göndərəcəyəm. Onlar ölkənin insan haqları konvensiyasının icrası ilə bağlı hakimiyyətdən izahat istəyəcəklər”. 
Yaqland daha sonra deyib: “Fərdlər səlahiyyət sahiblərinin hakimiyyətdən sui-istifadəsi nəticəsində azadlıqlarından məhrum ediləndə xüsusi təşviş keçirirəm. Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun işində bunu üzə çıxarıb. Bu, konvensiyanın çox ciddi pozulmasıdır”. Avropa Şurasının yaydığı açıqlamada xatırladılır ki, ötən ilin mayında Avropa Məhkəməsi İlqar Məmmədova qarşı cinayət işinin hüquqi baxımdan əsassızlığını, onun azadlığını əlindən almaq, hökuməti tənqid etdiyi üçün susdurmaq məqsədi daşıdığını bəyan edib.
***
Yada salaq ki, Avropa Məhkəməsi bu yaxınlarda başqa bir siyasi məhbus Tofiq Yaqublu ilə bağlı da analoji qərar çıxarıb. Avropa İnsan Haqları Konvensiyasının 52-ci maddəsinə uyğun olaraq isə baş katib üzv ölkələrdə yerli qanunvericiliyin konvensiyanın icrasına necə təminat verdiyini araşdıra bilər. Ancaq məsələni maraqlı edən həm də budur ki, 52-ci maddə üzrə araşdırmalar nadir hallarda aparılır - baş katib ilk dəfədir ki, buna əl atır. 
 
Bu yerdə onu da xatırlatmaq zərurəti var ki, bir müddət öncə Torbyörn Yaqland Azərbaycanda insan haqları üzrə hökumətlə birgə yaradılan İşçi Qrupdan çıxıb. 
Əlbəttə ki, Azərbaycanda siyasi məhbuslar probleminin olması sirr deyil və onun həllinə çalışmaq normaldır. Lakin Yaqlandın qərarının məhz Yeni il qabağı - ölkədə əfv fərmanı ilə siyasi məhbusların da bir hissəsinin azad ediləcəyinin real olduğu ərəfəyə təsadüf etməsi əlavə suallar doğurur: indiki məqamda bu, kimə və nəyə lazım idi və yenə də siyasi dustaqlar üçün əks işarəli nəticəyə gətirməyəcək ki?     
 
***
Məsələdə başqa bir diqqətçəkən detal: məlum olduğu kimi, gəlin ilin yanvarında Avropa Şurası Parlament Assambleyasnın (AŞ PA) qış sessiyasında Azərbaycanla bağlı iki mühüm sənəd səsverməyə çıxarılacaq. Onlardan biri Dağlıq Qarabağla, digəri isə ermənilərin nəzarətindəki Sərsəng su anbarı ilə bağlıdır. Artıq qurumun müvafiq komitələrində (Siyasi və Sosial komitələr) təsdiqlənən hər iki qətnamə layihəsində Ermənistan birmənalı şəkildə işğalçı dövlət kimi göstərilir, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğal altında saxlandığı xüsusi vurğulanır.
O da bəllidir ki, bu fakt Ermənistanın siyasi, hakimiyyət və ekspert dairələrində ciddi təlaş və məyusluq doğurub, “diplomatik fiasko” adlandırılıb. Artıq prezident Serj Sərkisyanın tapşırığı əsasında AŞ PA-da Azərbaycanın xeyrinə olan qətnamələrin qəbulunu əngəlləmək, yaxud onun məzmununu yumşaltmaq  üçün Azərbaycana qarşı diplomatik həmlə barədə, bütün mümkün və qeyri-mümkün vasitələrdən istifadə barədə göstəriş verilib.
Heç şübhəsiz, Avropa Şurası baş katibinin son qərarı ermənilərin dəyirmanına su tökəcək, onların sessiyada Azərbaycana qarşı hücumlarını kəsərli edəcək. Bu da yekun etibarilə hər iki qətnamənin mətninə xeyrimizə olmayan düzəlişlərə gətirə bilər...
***
Sözsüz ki, biz Yaqlandın erməni diasporu ilə nə dərəcədə yaxın olduğunu söyləyə bilmərik. Ancaq əlahəzrət faktlar və onların üst-üstə düşməsi də özlüyündə az şey demir. Bütün hallarda rəsmi Bakının indidən müvafiq kontur-tədbirlər haqda düşünməsinə lüzum var. Yeni ilədək siyasi məhbusların hamısının azad edilməsi bu yöndə Ermənistana və onun havadarlarına ən tutarlı kontur-zərbə olardı...






Fikirlər