ÇEÇENLƏR: Rusiyanın QƏNİMLƏRİ nədən rusun MUZDLUSUNA ÇEVRİLDİLƏR?

Çeçenlər: Rusiyanın qənimləri nədən rusun muzdlusuna çevrildilər?

General DUDAYEVlə dostluq edən, Yandarbiyevi evində qonaq saxlayan araşdırmaçı-jurnalist Ağası Hunun musavat.com-a ilginc açıqlamaları

 

1980-ci illərin sonlarından başlayaraq Sovet İttifaqının tərkibində olub rus imperiyasına qarşı fəal siyasi-hərbi mübarizə aparan xalqlardan biri çeçenlər idi. Sonradan Çeçenistan prezidenti general Cövhər Dudayevin rəhbərliyi ilə Quzey Qafqazın bu mübariz xalqı imperiya buxovlarını qırmaq üçün illərlə mübarizə apardı, üzərlərinə gələn çoxminlik qoşunlarla cəsarətlə döyüşdü. Kreml Qroznıda daşı-daş üstə qoymayanda meşələrə, dağlara çəkilib partizan savaşı apardı.  Sözsüz, kiçik bir xalqın böyük imperiya ilə mübarizədə qalib gəlməsi mümkün deyil. Çeçen-rus savaşında da belə oldu. Geniş imkanları olan Moskva çeçenləri parçalamaqla yenidən bu torpaqları işğal etdi. Rusların işğal zamanı ən güclü silahı isə hərbi texnika yox, təriqətçilik oldu. Kreml Quzey Qafqaza əsrlərlə bu torpaqlarda yaşayanların dinindən fərqli bir inancı – vəhhabizmi gətirdi. Son burdan başladı.
Cəmi 20 il öncə övladlarının adı mübarizə rəmzi kimi çəkilən çeçenlər haqqında günümüzdə olan xəbərlər müsbət emosiya yaratmır. Dudayevin silahdaşlarının belə işğalla barışması, indiki prezident Ramzan Kadırovun Qroznıdakı xalqa nümayişkaranə  güc göstəriləri, onun yaxın dostları olan məmurların adının ən müxtəlif qanunsuzluqlarda, o sıradan erkən nikah qalmqallarında hallanması, çeçenlərin Ukraynaya qarşı Rusiya muzdluları kimi döyüşməsi çeçenlər haqqındakı öncəki təsəvvürləri tamamilə dağıdıb. Çeçen xalqının yaxın tarixdə öz xarakterini bu şəkildə dəyişməsinin səbəblərini rus-çeçen savaşı zamanı dəfələrlə Çeçenistanda olan, prezident Dudayev də daxil, bütün çeçen liderləri şəxsən tanıyan araşdırmaçı Ağası Hunla söhbətdə aydınlaşdırmağa çalışdıq.
 
- Ağası bəy, 90-cı illərin başlanğıcında Azərbaycanda Əbülfəz Elçibəyin, Çeçenistanda Cövhər Dudayevin rəhbərliyi altında rus işğalına qarşı fəal mübarizə gedirdi. Azərbaycanda çətinliklə olsa da, dövlət quruldu, müstəqillik qorunub saxlana bildi, çeçenlər isə rus buxovundan qurtula bilmədi. Sizcə, səbəblər nə idi?
- Hər bir milləti istənilən formaya salmaq olar. Hər şey yönətimdən asılıdır. Prezident Cövhər Dudayevin prezident Əbülfəz Elçibəylə ortaq fikirləri çox olsa da, onlar şəxsiyyət olaraq tamamilə fərqli idi. Dudayev daha xarizmatik, daha cəsarətli lider idi. O, açıq şəkildə deyirdi ki, mən Rusiya mətbəxində bişən, ancaq onların başına bəla generalam. Dudayev bildirirdi ki, xalqımın azadlığı üçün mən istənilən yolu uyğun sayıram, təki sonda məqsədə çatılsın. Elçibəy də sovet mətbəxində bişən şərqşünas idi. Ancaq o, strateq deyildi, məsələlərə daha çox fəlsəfi baxırdı, həm də qərar qəbul etməkdə Dudayev qədər çevik deyildi. Genaral Dudayev eyni zamanda çox fəal həyat tərzi keçirirdi. Səhər saat 6-dan özü ayaqdaydı, idman edirdi, çox erkən işə başlayırdı, bütün məmurları da bu düzənə tabe etdirmişdi. Onun şüarı işləmək idi. Elçibəy bu məsələdə özünü çox da zorlamazdı. O daha çox düşünən adam idi. Dudayev da düşünən idi, ancaq həm də hərəkətli idi. O, bütün Qafqazı tamamilə rus işğalından  azad görmək istəyirdi. 
- General Dudayevin milliyəti ilə bağlı çox versiyalar  səslənib. Sizin dəfələrlə təmaslarınız olub. Bu haqda ondan soruşmuşdunuzmu?
- Soruşmuşam, daha sonra isə dostumuz Ənvər Börüsoy bu hekayəni mənim dilimdən yazıb. O, qarabulaq olduğunu deyirdi. Qarabulaqlar türk tayfasıdır. XIX əsrin sonları XX əsrin başlanğıcında qarabulaqlar ruslara qarşı ən geniş mübarizə aparan xalq olub. Bu səbəbdən rus çarı I Aleksandr qarabulaqların qadınlı-kişili, qocalı-cavanlı tamamilə məhv edilməsi haqqında əmr evrib. Bu əmrdən sonra çar ordusu qarabulaqlara aid çoxlu kəndi yandırıb, böyük qırğınlar tərədib. O zaman sağ qala bilən qarabulaqlar dağlara çəkilib və vaynaqların içərisində əriyib. Ancaq onlar öz tayfa adlarını saxlayıblar. İndi çeçenlərin və inquşların arasında qarabulaq tayfası qalmaqdadır. Dudayevin ailəsi də qarabulaqdır. Bir dəfə o mənə özünün və doğma qardaşının pasportlarını göstərdi. Çövhər Dudayevin pasportundakı “milliyət” qrafasında “çeçen”, qardaşının pasportunda “inquş” yazılmışdı. 
- Görünür, hətta bir ailəni iki yerə bölmək rus imperiyasının “parçala, hökm et” siyasətindən irəli gəlir... 
- Təbii.. Rusiya hakim olduğu bütün torpaqları, xalqları belə idarə edib və edir.
- Sizin çeçenlərin mübarizəsinə marağınız hardan yaranmışdı?  Necə oldu ki, savaşın ən qaynar vaxtlarında Çeçenistana getdiniz? Bu sırf jurnalist marağı idi?
- Mən Moskvada təhsil almışam. Çoxlu çeçen tanışlarım var idi. Onlar müasir gənclikdən qətiyyən seçilməyiblər. Yəni onları fövqəladə xalq saymaq olmazdı. Sıradan tələbələr idilər, üstəlik, oğlanlar içkiyə çox meylli idilər. Qızlar da Moskvada tələbə həyatını dolu-dolu yaşayırdılar. Rus-çeçen savaşı başlayanda mən bu xalqı tamamilə yeni keyfiyyətdə gördüm. Araşdırmaçı jurnalist kimi dəfələrlə səfərlər etdim, çeçen liderlərlə tanış oldum. Oradan çəkdiyim unikal kadrlar dünya mediasına çıxdı. Cövhər Dudayev sanki bu xalqı yenidən şəkilləndirmişdi. O, görürdü ki, çeçen cəmiyyəti çox pis durumdadır. 
 
General Dudayevin bir sözü heç zaman yadımdan çıxmır. Görüşlərimizdən birində dedi ki, mən dini öz xalqıma xidmət etdirəcəm. Ona görə də ilk qərarlarından biri spirtli içkini yasaq eləmək oldu. Səbəb də bayaq dediyim kimi, çeçen kişilərin içkiyə həddən artıq meylli olmaları idi. Dudayev deyirdi ki, biz müsəlman toplumuq, içki haramdır. Onun prezidentliyi dönəmində Çeçenistanda heç yerdə spirtli içki satılmırdı. İkinci böyük qərarı Rusiya televiziyalarının yayımını qadağan etmək oldu. Ən xırda detalı belə diqqətdən qaçırmırdı. Yadınıza gəlirsə, mərkəzi televiziyadan “Gecəniz xeyrə qalsın, uşaqlar” verilişi var idi. Onun qəhramanların biri donuz balası Stepaşka idi. Dudayev deyirdi ki, Allah donuzu müsəlmanlara haram buyurubsa, çeçen uşaqlar mənası nə olursa-olsun donuzun danışdığı nağılların təsiri altında böyüyə bilməz. Əvvəlcə o veriliş, az sonra isə bütün Rusiya kanallarının yayımı qadağan edildi. O düşünürdü ki, telekanallar Kremlin əlində çox böyük ideoliji maşındır və nə qədər ki, həmin kanallar Çeçenistanda yayımlanır, insanları bu ideoloji təsirdən xilas etmək, özgür Çeçenistan qurmaq mümkün olmayacaq. 
- Sizcə, o haqlı idi? Axı telekanallar həm də qarşı tərəfin necə təbliğat apardığını, hansı nöqtələri sıradan çıxarmaq istədiyini öyrənməyə imkan verir.
- Düşünürəm ki, çox haqlı idi. Siz indi Rusiya kanallarının yayımlandığı coğrafiyaya, o sıradan Azərbaycana, Orta Asiya respubliklarına baxın. Bu ölkələrdə Rusiya tərəfdarlarının olmasının əsas səbəblərindən biri  telekanallardır. Rusiya gecə-gündüz təbliğat aparmaqla məşğuldur.  Götürək Moldovanın qaqauzlar olan hissəsini. Digər ərazilərdə yayım qadağandır, ona görə də orada rus düşüncəlilər azdır. Qaqauzlarda yayım var, ona görə də Moskva yeri gələndə qaqauzlardan alət kimi istifadə edir.
- Ağası bəy, deyirsiz Dudayev dini xalqına xidmət etdirmək istəyirdi. Ancaq Çeçenistanda çox qısa zamanda vəhhabilik yayıldı. Bu ənənəvi din deyldi. Bu proses Dudayevin dönəmində başladı?
 
- Yox. Bu, onun qətlindən sonra baş verdi. Dudayev ənənəvi İslamı bərqərar etmək istəyirdi. O, dinə həm də insanları rus təsirindən, pis adətlərdən qoparan vasitə kimi baxırdı. O xalqı daha çox millətçilik üzərindən şəkilləndirmək istəyirdi. Məsələn, Dudayev Çeçenistana ilk dəfə Boz qurd emblemini gətirdi. O kökən olaraq türk olduğu üçün hesab edirdi ki, türk xalqının milli dəyərlərini Çeçenistana gətirməklə xalqın milli şüurunu inkişaf etdirmək olar. Xalqın qarşısına çıxırdı, deyirdi ki, qurd dünyada yeganə heyvandır ki, onu heç zaman əhilləşdirmək mümkün deyil, çeçen xalqı da qurd kimi tabe olmaz, zülmə boyun əyməz, qürurlu və mübarizdir, onu sındırmaq mümkün olmayacaq. Dönəmin ünli bir rus şairi vardı, ona xeyli pul verib Boz qurda şeirlər yazdıqmışdı və o şeirlər əl-əl gəzirdi.  Ümumiyyətlə o, millətin ruhunu yüksəltmək üçün onu tərifləməyi, ona özünəinam aşılamağı vacib sayırdı. Biz bu haqda onunla çox söhbət etmişik. Dudayev deyirdi ki, davamlı mənfi tərəfləri qabardılan xalqdan böyük qəhrəmanlıqlar gözləmək doğru deyil. Ona görə çıxışlarında çeçenləri ən yenilməz, ən qəhrəman xalq adlandırırdı. Xalqın gözündə mif yaratmağı da bacarırdı. Məsələn, deyirdi ki, dağlarda elə sularımız var, onu içənlər cəsur olur. O, millətin ruhunu ölməyə qoymurdu. Bəzən deyirdilər ki, sizin yaman çox generalınız var, cavab verirdi ki, hər çeçen anadan general doğulur. Xalq da onun bu çağırışlarına cavab verirdi. O illərdə mən çeçenlərin bərabər olmayan şərtlər altında necə cəsarətlə vuruşduğunu, rus hərbçilərə sözün əsl mənasında qan uddurduğunu gözümlə görmüşəm.
 
- Dövlətin əsas dayağı iqtisadiyyatdır. Dudayev Çeçenistan iqtisadiyyatını hansı resurslarla formalaşdırmaq, dirçəltmək istəyirdi?  
- Çeçenistanda neft var. O, bu amili iqtisadi dirçəlişin əsas faktoru kimi görürdü. Hesab edirdi ki, neft, Çeçenistanın Rusiyadan asılılığını yox edə, müstəqil yaşamasını təmin edə bilər. Dudayev bunu illər öncədən düşünmüşdü. Bundan başqa, o, qısa zamanda Çeçenistanda azad iqtisadi zona yaratdı. Dubaydan, Türkiyədən, Çindən nə qədər mal-məhsul gətirilirdi. Texnikadan geyimə qədər bir çox məhsulu Moskva topdançıları belə Çeçenistandan alırdı. Qısa zamanda Çeçenistana çox güclü pul axın etməyə başlamışdı. Əlbəttə ki, Kreml bundan son dərəcə narahat idi və qısa zamanda bunun əleyhinə işləyən mexanizmləri işə saldı.
- Çeçenlərin təslimiyyəti nədən başladı? Dudayevin qətlə yetirilməsindən?
- Güclü lider hər bir xalq üçün böyük nemətdir. Dudayevdən sonra çeçen liderlər düşmənlə əlbirliyində olan şəxslər oldu... Rusiya hər yerdə olduğu kimi çeçen xalqını özünə tabe etdirmək üçün onun içərisindəki satqınları axtarıb tapmağa başladı. Kreml hərəni bir yolla ələ alırdı. Birinə pul verirdi, birinin Moskvada, digər Rusiya şəhərlərində oxuyan övladını ələ alırdı, bəzilərini narkomaniyaya qurşadıb həbsə atırdı, deyirdi, dediyimi et, uşağının həyatı mənim əlimdədir, kiməsə vəzifə vəd edirdi. O qədər çox satqın oldu ki, Dudayev məcbur olub satqınlara qarşı cəza batalyonu yaratdı. Şamil Basayevi də həmin batalyona başçı təyin etdi. Mən o batalyonda 10-15 satqının başının kəsildiyinin şahidi olmuşam. Bu haqda zamanında “Müxalifət” qəzetində yazmışdım.
 
- Sözünüzdən belə başa düşdüm, hətta baş kəsilməsi belə çeçenlərin ələ alınmasını əngəlləyə bilmədi.
- Böyük qorxu yaranmışdı. İnsanlar ifşa olmaqdan xoflanırdı, təbii. Ancaq Rusiyanın təsir imkanları çox geniş idi. Bir yolu sınaqdan çıxarırdılar, effekti azalanda artıq başqa yola keçirdilər. Çeçenistan Rusiyanın qarşısında tək dayanmışdı. Çeçenlər bu mübarizədə heç yerdən yardım görmədi.
- Türkiyədən də?
 
- Türkiyədən gələn yardımlar ünvanına çatmırdı. Ankaranın ayırdığı yardım karvanı yola çıxırdı. Rusiya  xüsusi xidmət orqanlarının nümayəndələri bu haqda xəbər tutub Kremlə ötürürdülər və həmin karvan Çeçenistana çatan kimi yardım Rusiya təhlükəsizlik orqanlarına təhvil verilirdi. 
 
- Dudayevin Elçibəy hökuməti ilə yaxşı münasibətləri vardı. Yardım Azərbaycan üzərindən də mümkün deyildi?
- Azərbaycanla münasibətlər yaxşı idi. Ancaq bizdə də milli satqınlar vardı. Bir dəfə Dudayev şəxsən mənə dedi ki, Azərbaycanın Rusiyaya işləyən müdafiə naziri Rəhim Qazıyev bizə böyük ziyan vurdu. Bəlkə də ortada Rusiyanın xüsusi tapşırığı yox idi. Amma Rəhim Qazıyev həmin addımları Kremlə yaxşı görünmək üçün atmışdı.  Hər halda o, Dudayevin gözündə mənfi qəhrəman, daha dəqiqi xəyanətkar idi. Ancaq bütün çətinliklərə baxmayaraq çeçenlər döyüşdə üstünlük əldə elədilər və prezident Yeltsin onlarla atəşkəs müqaviləsi imzalamağa məcbur oldu. Həmin müqavilədə bir bənd vardı. Orada deyilirdi ki, atəşkəs rejimi Çeçenistan Rusiyanın digər ərazilərinə hücum edərsə qüvvədən düşmüş sayılacaq. Bu tələ idi. Rusiya provokasiya qrupları ilə Çeçenistan tərəfdən Rusiya ərazilərinə basqınlar təşkil edib savaşı yenidən başlatmaq istəyirdi və bunu etdi də. 
- Proses artıq o zaman daha çox Zəlimxan Yandarbiyevin əlinə keçdi?
- Bəli. Yandarbiyev Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdu. Onun sovet dönəmindən xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi haqqında çox yazılırdı. Bir faktı da deyim, Yandarbiyev Ədəbiyyat İnstitutundan bizim yazıçı-publisist Orxan Fikrətoğlu ilə bərabər oxuyub. Bizim də yaxın münasibətlərimiz vardı. Yandarbiyev Bakıya gələndə mənim evimdə də qalıb. Heyif ki, o, Rusiyanın fitvasına getdi və vəhhabizmin Çeçenistanda genişlənməsinə imkan yaratdı. Bu proje Rusiyada hazırlanmışdı və onun “memarı” o zamankı baş nazir Yevgeni Primakov idi. O, şərqşünas idi və Səudiyyə Ərəbistanı ilə sıx münasibətləri vardı. Həmin illər mən Çeçenistana çox gedirdim. Çox yüksək postlarda tanışlarım olmasına baxmayaraq Qroznıya çətin gedib çatırdıq. Hər 5-10 kilometrdən bir blok-postlar qurulmuşdu, maşınlardan düşürülürdük, uzun-uzadı yoxlanılırdıq. Yola çıxanlara sözün əsl mənasında zülm edirdilər.  O zaman uzun saqqalı ərəblərin sərbəst dolaşdıqları və postları faktiki yoxlanmadan keçməsi diqqətimi çəkmişdi.  Onlara toxunmurdular, üstəlik, istədikləri istiqamətlərə hərəkət etmələri üçün şərait yaradırdılar. Çeçenistanda vəhhabi hərbi bazalarını yaradan da Rusiyanın Federal Təhlükəsizlik Xidməti idi. Rusiya çalışırdı ki, nəyin bahasına olursa-olsun, Çeçenistan ərazisindən onun ərazisinə hücumlar təşkil etsin ki, atəşkəs anlaşması pozulsun. Bunu edə bildilər. Vəhhabizm də bunun üçün lazım idi. Nəticədə Rusiya 100 mindən çox çeçeni öldürdü, nə qədər şəhərlər, kəndlər viran qaldı. Çeçenlər ruslara nifrət edirdilər. Qəribədir ki, aradan çox qısa zaman keçib, bu gün ruslara ən çox məddahlıq eləyən də çeçenlərdir. Rusiyanın böyüklüyünə, qüdrətinə şeir yazanlar çeçenlərdir. Qroznıda, digət yerlərdə Putin küçəsi, Putin bağı salınıb. Bu gün ölkəyə rəhbərlik edən Ramzan Kadırovun atası Axmat Kadırov Cövhər Dudayevə xəyanət edən insanlaran biri idi. Onu iş başına gətirslər də, sonradan aradan götürdülər və vəzifəsini oğlu Ramzana verdilər. Ramzan Kadırov da çeçen savaşı dönəmində insan ticarəti ilə məşğul idi. Hətta bu barədə Rusiya mediasında saysız məqalələr dərc olunub. 
 
- Bəs  general Dudayevin silahdaşları, tərəfdarları haradadır? Kreml onların hamısını məhv elədi?
- İnsan zülmə tabedir. Dudayevin komandasında olan xeyli insan Avropaya sığınıb. Məsələn, onun yaşayan ən yaxın silahdaşlarından biri Əhməd Zakayev İngiltərədə yaşayır. Tabe olmayanların çoxu sui-qəsdlərlə aradan götürüldü. Ancaq mövqeyini dəyişənlər də çox oldu. Söhbət edəndə Kadırovu tərifləyirlər, deyirlər ki, o, ölkədə düzən yaradıb.
- Demək, savaşdan beziblər. Çox yerdə insanlar sabitliyi özgürlükdən üstün tuturlar...
-  Mən bu cür düşünənləri insan yox, sadəcə canlı adlandırıram. Onlar yemək və rahat yatmaq haqqında düşünürlər. İnsanı insan edən düşüncəsidir, özgürlük, öz taleyinə hakimlik cəhdidir. Bu keyfiyyətlərdən məhrum toplumlar məhvə məhkumdur.
 
 (musavat.com)






Fikirlər