Nazir müavinimiz Əsədi dəstəklədi, STEYNAR Gil ona cavab yazdı

Nazir müavinimiz Əsədi dəstəklədi, Steynar Gil ona cavab yazdı

Araz Əzimovun dedikləri sosial şəbəkələrdə də müzakirə olunur 

 

 
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun müsahibəsi ölkədə ən çox müzakirə edilən mövzuya çevrilib. Avstriya mətbuatında Suriya olayları ilə bağlı açıqlama verən cənab Əzimov prezidenti Bəşər Əsədi Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə təminatçısı adlandırıb.
"Əsədin ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik. Əgər sabah Əsəd getsə, biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq", - deyə nazir müavini bildirib.
Araz Əzimov bildirib ki, Bəşər Əsəd prezident kimi hazırda Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə qarantıdır. Bundan əlavə Araz Əzimovun müsahibəsində Türkiyə yox, İran və Rusiya meyilli fikirlər səsləndirməsi Ərdoğanın Azərbaycan səfəri öncəsi şok effekti yaradıb.
Artıq bu açıqlamaya bəzi reaksiyalar da verilib. Bunlardan biri də Norveçin Azərbaycandakı səfiri Steynar Gilə məxsusdur. Cənab Gil facebook statusu vasitəsilə buna ironik cavab verib. Sabiq səfir A.Əzimovun məlum açıqlamasını bu şərhlə yayıb: “Bilməmişdik. Yeddi dəqiqə ərzində arayış alıb və duş qəbul etməyib”. 
Millət vəkili Fazil Mustafa da bu açıqlamaya sərt mövqe bildirənlərdən olub. O da son statuslarından birində buna reaksiyasını belə bildirib: “Azərbaycan Xarici İşlər Nazirliyindən ən yüksək ranqlı bir məmur çıxıb desə ki, mən İŞİD-i dəstəkləyirəm, və ya başqa birisi özünü Hizbullah heyranı kimi təqdim etsə, yaxud digəri mən Putin uğrunda ölümə getməyə hazıram desə, inanın ki, qətiyyən təəccüblənmərəm. Burası guya ki, Azərbaycanın ən önəmli nazirliyidir, ancaq fəaliyyətinin ən az Azərbaycana dəxli olduğu görünür. Bu qurumun ən təcrübəli və ağıllılarından biri Araz Əzimov sayılır, adam Avstriyada müsahibə verir və sanki, Putinin xoşuna gəlmək üçün bölgədə vəziyyəti şərh edir. Halbuki Suriya problemi bizə bir o qədər də dəxli olmayan məsələdir, tərəf tutmağa qalsa, bizim marağımıza uyğun nə o tərəfdən, nə də bu tərəfdən hansısa qüvvə yoxdur. Milli duyğularımızdan çıxış edərsək, orada qan qardaşlarımız olan türkmənlərin Əsəd gücləri və Rusiya aviasiyası tərəfindən qətliamına etiraz etməməz lazım gəlir. İnsanlıq duyğusundan çıxış edərsək, rejim tərəfindən qətl etdirilən, Türkiyənin və Avropanın çöllərində səfalət içində yaşayan milyonlarla insanın aqibətinə acımamız yerində olur. Ancaq Əsədin və onun dəstəkçilərinin haqlılığını, legitimliyini diplomatik dillə ifadə etmək, həm millilikdən, həm də humanizmdən uzaq bir davranışdır. Araz Əzimov çox yaxşı bilir ki, Əsəd ordusu deyilən ciddi bir qüvvə yoxdur, onun saflarında İran xüsusi təyinatlıları-Hizbullah, Rusiya hərbçiləri və son vaxtlar da kürdlər döyüşürlər. Əsədi dəstəkləyən qüvvələr tam əmin ola bilərsiniz ki, Dağlıq Qarabağda sabah ermənilərilə müharibəyə başlasaq, eyni tərkibdə ermənilər tərəfdən bizə qarşı vuruşacaqlar. Ona görə də hətta millətimizə düşmən olan ünsürlərə ürəklərində simpatiya olsa belə, bu kimi həssas mövzularda diqqətli olmaq bütün rəsmi şəxslər üçün vacibdir”.

 






Fikirlər