GÖMRÜK sistemində inqilab: Prezidentin sərəncamı nələri dəyişəcək?

gomruk-2

Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam inqilabi dəyişikliklərə yol açır.

 İlk növbədə məcburi sertifikatlaşdırılmalı olan malların siyahısı azaldılacaq. Bununla əlaqədar  Nazirlər Kabineti iki ay müddətində yeni siyahı hazırlamalıdır.  Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda  təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların sırasında  32 adda məhsul, eyni zamanda köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları, yibbi immunobioloji preparatları vardı. Bununla yanaşı yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısında məhsullar 7 qrupda qruplaşdırılmışdı.  Böyük ehtimalla bu siyahı xeyli azalacaq. Çünki məhsulların məcburi sertifikatlaşdırılması sahibkarlar üçün əlavə çətinliklər və xərclər yaradırdı.  Bu həm idxal, həmdə ixrac üçün əlavə stimul yaradacaq

 Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, vahid siyahısı  hazırlanacaq. Vahid siyahı formalaşması sahibkarlar üçün vaxt itkisinin azalması, sənədləşmənin asanlaşması deməkdir.

 Bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulu iki ay müddətinə təmin olunmalıdır. Bu isə sahibkarların, vətəndaşların məmurlarla birbaşa təmasını azaldacaq. Eyni zamanda şəffaflığı və uçot əməliyyatlarının daha dəqiq aparılmasını təmin etməyə imkan verəcək.

 Qısa idxal bəyannaməsinin tətbiqi də çox mühüm yenilik olmaqla idxal prosedurlarını sadələşdirəcək. Eyni zamanda vaxt itkisinin, bürokratik əngəllərin qarşını alacaq.

 Tranzit yükdaşımaları sahəsində də müddətlərin azaldılması üçün tədbilər görülməsi nəzərdə tutulur. İndiki halda Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin işə düşməsi üçün hökumətin səyləri fonunda zamanında atılmış düzgün addım olacaq.

 Ən vacib yeniliklərdən biri kimi xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirilməsi ilə bağlı mexanizmlərin tətbiq edilməsini qeyd edtmək olar. İndiyə qədər xüsusən, idxal sahəsində tərəfdaş ölkələrin açıqladığı statistika ilə Gömrük Komitəsinin məlumatları ərasında kəskin fərq yaranırdı. Müstəqil ekspertlər qeyd edirdilər ki, bu gömrükdə uçotdan böyük yayınmalarla bağlıdır. Bundan sonra isə bu problem həllini tapmalıdır.

 Bütün dünyada geniş istifadə olunan  “Yaşıl dəhliz” təcrübəsinin tətbiqi də çox əhəmiyyətli novasiya olacaq. Bu imkan verəcək ki, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etməklə mallar və nəqliyyat vasitələri gömrük sərhədindən çox asan və maneəsiz keçilsin.

 Gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi təmin olunacaq. Bu isə sahibkarlar üçün çox böyük töhfə deməkdir. Azərbaycandakı hazırkı gömrük prosedurları öz mürəkkəbliyi ilə fərqlənirdi.

 Hazırda gömrük nəzarətinin həyata keçirilməsinin əsası Yük Gömrük Bəyannaməsidir (YGB). Gömrük nəzarətinin həyata keçirilmə prosedurası bütövlükdə şərti olaraq beş mərhələyə bölünür.  Birinci mərhələdə YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir. Bunun üçün yük şöbəsi tərəfindən bəyannamənin bütün qrafalarının doldurulmasının düzgünlüyü yoxlanılır, bəyan edilmiş gömrük rejimi və malların adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb olunan sənədlərin mövcudluğu müəyyən edilir.

YGB yoxlanıldıqdan sonra ona nömrə verilir və aşkar edilmiş səhvlərin düzəldilməsi üçün deklaranta qaytarılır.

 İkinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları nəzarət predmeti olur. Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı tərəfindən valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır.

Üçüncü mərhələdə gömrük ödənişlərinin hesablanma dəqiqliyi, gömrük güzəştləri verilməsinin qanunamüvafiqliyi yoxlanılır, ödənişlərin gömrük orqanlarının hesabına daxil olmasına nəzarət edilir.

Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların doldurulmasını yoxlayır.

Nəhayət, beşinci mərhələdə yük şöbəsinin səlahiyyətli vəzifəli şəxsi malın gömrük müayinəsi (yoxlaması) barədə qərar qəbul edir.

Gömrük nəzarətinin bütün mərhələləri bitdikdən sonra yük sənədinə “Buraxılışa icazə verilir” ştampı vurulur. Bu ştamp və YGB-nin nömrəsi (yük sənədinin yuxarı sağ küncündə) şəxsi nömrəli möhürlə təsdiqlənir.

 Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə təsnifatlandırılır.

1. Ticarət sənədləri.

2. Nəqliyyat sənədləri.

3. Gömrük sənədləri.

4. Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər.

Bütün bu qruplar üzrə isə xeyli sayda sənədlər tələb olunur.

Sənədlərin sayının azaldılması və prosedurların sadələşdirilməsi korrupsiyanın qarşısını almaq, ixracın  stimullaşdırılması, sahibkarların vaxt itkisindən, bürokratik əngəllərdən azad olunmasına yol aça bilər.

Eyni zamanda bu tədbilər gömrükdə inhisarçılığı aradan qaldırmağa hesablanıb. “Yaşıl dəhliz” praktikasının tətbiqi, uçot sisteminin təkmilləşdirilməsi, elektron bəyyannamələrin verilməsi inhisarçılığa da böyük zərbə olacaq.  






Fikirlər