KİMİN DAHA ÇOX QIZILI VAR?- Böyük dövlətlər qızıl ehtiyatlarını harada və necə saxlayır? - ARAŞDIRMA

Nyu-York Federal Ehtiyatlar Bankı bugünlərdə bir qrup yerli və əcnəbi jurnalist üçün maraqlı ekskursiya təşkil edib. KİV nümayəndələri həm Birləşmiş Ştatların, həm də başqa ölkələrin qızıl ehtiyatlarının qorunduğu depolarda olublar. Məlum olub ki, Nyu-Yorkda – Manhattanın cənubunda yerləşən depoda ümumi dəyəri 260 milyard dollar olan 6,2 min ton qızıl var. Bu qızıllar 28 ayrı dövlətə məxsusdur və ABŞ-ın buradakı payı 5 faizdən artıq deyil.

Strateq.az xarici mətbuata istinadən böyük dövlətlərin öz qızıl ehtiyatlarını harada və necə saxladığına aydınlıq gətirəcək.

 

Lider – Birləşmiş Ştatlar

 

Təmiz qızıla sahiblikdə və onun saxlanılmasında şəksiz lider Birləşmiş Ştatlardır. Son rəqəmlərə görə, bu ilin əvvəlində ABŞ-ın depolarda 8133,46 ton qızıl olub.

Bu ölkədə qızıl ehtiyatlarının əsası 1920-ci illərin sonunda qoyulub. Artıq 1933-cü ildə hökumət qərar verib ki, ABŞ vətəndaşları və şirkətləri bütün qızılları sabit qiymətə dövlətə təhvil verməlidilər. İkinci dünya müharibəsi zamanı ABŞ-ın qızıl ehtiyatları artmağa başlayıb.

Nyu-York Federal Ehtiyatlar Bankı və Fort-Noks zirzəmiləri ilə yanaşı, ABŞ ərazisində qızıl ehtiyatları həm də Vest-Point (Nyu-York) hərbi bazasında və Denverdə saxlanılır.

Maraqlıdır ki, prezident Donald Tramp ABŞ depolarında söylənildiyi qədər qızıl saxlanılmadığını iddia edib. Və bildirib ki, gizli zirzəmilərdə ətraflı auditin aparılmasına göstəriş verəcək.

 

İkinci yer – Almaniya

 

Qızıl ehtiyatlarının həcminə görə, siyahının ikincisi Almaniyadır və bu sahədə Avropa ölkələri arasında liderdir. Bu ilin əvvəlində açıqlanan rəqəmlərə əsasən, Almaniyanın qızıl ehtiyatları 3373,6 tondur.

Maraqlıdır ki, Almaniya hökuməti sahib olduğu qızıl ehtiyatlarının yalnız üçdə birini öz ərazisində saxlayır. Yerdə qalanı Avropa ölkələrində və ABŞ-dadır. Bura Nyu-York Federal Ehtiyatlar Bankı, İngiltərə Bankı və Fransa Bankı da aiddir.

Lakin son illər sahib olduğu qiymətli metalların xaricdə olması Almaniya hökumətini qane etməməyə başlayıb və rəhbərlik onların ölkəyə gətirilməli olduğunu bəyan edib. Hökumət 2013-cü ildə bu istiqamətdə konkret qərar qəbul edib və qızılların ölkəyə gətirilməsi prosesi başladılıb.

Lakin bununla belə, bu gün də Almaniyaya məxsus qızıl ehtiyatlarının 51 faizə yaxını xaricdə saxlanılır.

 

Üçüncü yer – İtaliya

 

İtaliya 2451,84 ton qızıl ehtiyatı ilə üçüncü yerdədir. Avropa ölkələri arasında isə yalnız Almaniyadan geri qalır. Diqqətçəkəndir ki, son 19 ildə İtaliyanın qızıl ehtiyatları dəyişməz olaraq qalıb.

Deyilənlərə görə, müharibə zamanı nasist Almaniyası İtaliyanın qızılını ölkəsinə aparmaq istəyib. Qızıl dolu yüklər uzun müddət İsveçrə və Britaniya arasında qalıb. Nəticədə həmin qızılların bir hissəsi saxlanılması üçün ABŞ depolarına göndərilib.

Bu məlumat mütəmadi olaraq İtaliya hökumətinin dəhlizlərində müzakirə və mübahisələr yaradıb. Nəticədə senatorlar ölkənin qızıl ehtiyatının olub-olmadığına əmin olmaq üçün İtaliya Bankının zirzəmisinə baxış keçiriblər. Məlum olub ki, qızılar oradadır. Lakin bir hissəsi hələ də İngiltərə Bankında saxlanılır.

 

Dördüncü yer – Fransa

 

Fransa qızıl ehtiyatına görə İtaliyadan bir qədər geri qalır – 2436 ton. Savaşdan sonra Fransa dollar ehtiyatlarını aktiv şəkildə artırırıb.

Lakin bu da frankın zəifləməsinə gətirib çıxarıb. Nəticədə Şarl de Qoll hökuməti qərar qəbul edərək öz dollarlarını qızılla əvəzləyib.

1965-ci ildə 875 milyon dollar pul qızılla əvəz edildi. Bu siyasət öz bəhrəsini verməyə başlayıb və 1966-cı ilədək Fransanın qızıl ehtiyatları 73 faizdən 86 faizə yüksəlib.

Lakin hökumət qızıl ehtiyatlarının Nyu-York Federal Ehtiyatlar Bankının zirzəmilərində saxlanılmayacağını bəyan edərək onların ölkəsinə gətirib.

 

Beşinci yer – Rusiya

 

Beşinci yerin sahibi 1891,1 tonluq qızıl ehtiyatına sahib olan Rusiyadır. Rusiya qızıl ehtiyatlarının həcminə görə keçmiş sovet ölkələri arasında liderdir.

Rusiya Mərkəzi Bankı mütəmadi olaraq qızıl toplanması siyasəti həyata keçirir. Təckə ötən il ərzində Rusiya öz qızıl ehtiyatını 223,6 ton artırıb və 6-cı sıranı tərk edərək 5-ci yerə yüksəlib.

Rusiya öz qızıl ehtiyatlarını əsasən Rusiya Mərkəzi Bankında saxlayır.

Böyük Vətən Müharibəsinin əvvəlində SSRİ-nin qızıl ehtiyatları 2,8 min ton idi. SSRİ-nin çöküşündə isə bu rəqəm 290 olub. Sonrakı illər xeyli irəliləyiş oldu ki, bu da Rusiyanı dünya reytinqində 5-ci pilləyə yüksəldib.

 

Altıncı yer – Çin

 

Çin 1842,6 tonluq qızıl ehtiyatı ilə siyahının altıncısıdır. Şərqi Asiya ölkələri arasında isə liderdir. Başqa ölkələrdən fərqli olaraq Çin 2015-ci ilədək öz qızıl ehtiyatlarının həcmi barədə nadir hallarda məlumat verirdi. Sonrakı illər Beynəlxaq Valyuta Fondunun tələbinə görə, bunu açıqlamağa başladı.

Qərbin bir çox maliyyəçiləri elan edilən rəqəmə inanmırlar. Və əmindilər ki, Çinin qızıl ehtiyatı açıqlanan rəqəmdən dəfələrlə çoxdur. Ekspertlərə görə, Çinin belə etməsinin səbəbi milli valyutasını maksimum sabit saxlamaqdır.

Bu arada, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb. 2017-ci ilin yanvar ayının 1-ə olan göstəriciyə əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var.

Strateq.az






Fikirlər