Araz Əlizadə: “Seçkinin ŞƏKSİZ favoriti məlumdur, amma bizim də DEMƏYƏ SÖZÜMÜZ var”
“Azərbaycanda heç vaxt boykot baş tutmayıb” Prezidentliyə iddiaçı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə imzatoplama kampaniyasını başa vurub. Artıq onun imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim edilib. A.Əlizadə ilə seçki və digər məsələlərlə bağlı söhbət etdik. Partiya sədri öncə imzatoplama kampaniyasını başa vuraraq, imzaları MSK-ya təqdim etdiklərini dedi. - Hazırkı seçki mühitini necə dəyərləndirirsiz? - Normal seçki mühitidir. - Özünü əsas favorit namizədlərdən sayırsınız? - Bu seçkinin şəksiz favoriti cənab prezidentdir. Amma bizim də deməyə sözümüz var. - Sizdən əlavə, 10-dan çox namizəd var... - Onların hər birinin işini Allah avand eləsin. - Siz də şahidi oldunuz ki, Azərbaycan müxalifəti iki hissəyə parçalandı, seçkidə iştirak edən və etməyənlər, eləcə də, boykotçular. Sizcə, seçkidə iştirak etməyənlərin proseslərə hər hansı təsirləri olacaqmı? - 1988-ci ildən Azərbaycan siyasətinin içərisindəyəm. Heç vaxt boykot baş tutmayıb. Boykotu həyata keçirmək üçün siyasi qüvvələrin gücü olmalıdır. İndiyə qədər cəmi bir dəfə boykot baş tuta bilərdi, o da 2003-cü ilin seçkilərində. O zaman 22 siyasi partiya bir araya gəlmişdi, boykot haqqında qərar vermişdi. O zaman demişdim ki, əgər bu dəfə boykotdan imtina edib seçkiyə gedəcəksinizsə, gələcəkdə bu silahı unudun. Amma imza qoyulan günün səhəri Müsavat, AXCP, ADP və digərləri seçkiyə getdilər. Yalnız boykotu davam etdirən biz və Vəhdət partiyası oldu. Ona görə də, bunların hamısı boş şeylərdir. İndi boykota gedənlər bunu acizliklərindən edirlər. Bilirlər ki, qalib gəlmək şansları yoxdur, imza toplaya bilməyəcəklər. - Martın 10-da birləşmiş müxalifət mitinq keçirəcək. Bunun hər hansı bir təsirləri gözlənilirmi? - Son prezident seçkilərində 98 ictimai təşkilatı, partiyanı və QHT-ləri birləşdirən Milli Şura nə etdi ki, indi də nəsə edə bilsin? İndi əvvəlkindən daha zəifdirlər. - Güc yoxdursa, bu mitinqləri keçirməkdə məqsəd nədir? - Göstərmək istəyirlər ki, biz də varıq. - Zəif mitinqlərlə daha çox itirdiklərinin fərqində deyillər? - Bu, əsas deyil. Onları himayə edən qüvvələrə göstərirlər ki, biz əlimizdən gələni edirik, maliyyə dəstəyinizi bizdən əsirgəməyin. - Sizin özünüz necə, təbliğat-təşviqat dönəmində aksiyalar keçirməyi planlaşdırırsız? - Seçicilərlə görüşlərim olacaq. Amma mitinq keçirmək fikrim yoxdur. 2013-cü ildə də mitinqlər keçirməmişdim. - Seçkinin müəyyən dönəmində geri çəkilmək fikriniz varmı? - Xeyr. Heç vaxt mübarizədən qaçmamışam. Məğlub olmuşam, amma mübarizəmi dayandırmamışam. - Mübarizədən danışırsınız, seçkinin favoritinin kim olduğunu deyirsiniz, o zaman hansı mübarizədən söz açırsınız? - Futbol Üzrə Dünya Çempionatı keçirilir. Orada hamı bilir ki, bu çempionatın favoriti Braziliya, Almaniya, Argentina və digər ölkələrdir. Amma bu çempionatda favorit olmayanlar da iştirak edirlər. Bir də görürsünüz ki, gözlənilməz nəticələr də baş verir, sürprizlər yaşanır. - Futboldakı sürprizi siyasətə gətirəcəyinizə deyəsən çox ümidlisiniz... - Siyasi mübarizə də mübarizədir. Yadınıza salım ki, ABŞ-da son prezident seçkiləri keçiriləndə hamı deyirdi ki, Hillari Klinton qalib gələcək. Azərbaycan siyasətçiləri arasında yeganə mən idim ki, Donald Trampın qalib gələcəyini deyirdim. Buna görə məni çox təhqir edirdilər, dolayırdılar. Nəticə göz önündədir. - Trampa nə üçün bu qədər inanırdınız? - Mən ona inanmırdım, amma Hillari Klintonun məğlub olacağına inanırdım. Düşünmürdüm ki, Amerika xalqı o qədər axmaq olsun ki, dünyanı III Dünya Müharibəsinə gətirib çıxaracaq, seksual cəhətdən öz ambisiyalarını təmin edə bilməyən və buna görə də siyasətdə radikal addımlar atan bir xanıma səs versin. Onun təşəbbüsü ilə həyata keçirilən “Ərəb baharı”nı bütün dünya gördü. Bu baxımdan bilirdim ki, Allah bilib dəvəyə qanad verməyəcək. - Özünüzü Azərbaycanın Donald Trampı sayırsınız? - Xeyr. Mən Azərbaycanın Araz Əlizadəsiyəm. Heç vaxt heç kəsə bənzəmək istəməmişəm... 1992-ci ildə məni seçkiyə buraxsaydılar, böyük qələbə qazanmaq şansım var idi. Sevinclə bunu Azadlıq meydanında Əbülfəz Əliyev elan etdi ki, şad xəbərim var, Araz Əlizadəni seçkiyə buraxmadılar. - 1992-ci ildə özünü favorit sayan bir siyasətçi nədən sonradan Azərbaycan siyasətinin ən zəifləri sırasında yer alır? - Çünki Araz Əlizadə üç il mühacirətdə oldu. İnsan üç il siyasətdə olmayanda onu unudurlar. Siz hər hansı bir siyasətçini mətbəxdə gizlətmək istəyirsinizsə, bunun asan bir yolu var. Onun haqqında mətbuat yazmasın, o heç yerdə görünməsin. - Xaricdə mühacir həyatı yaşayıb ölkə daxilində nüfuzunu qoruyanlar da var, məsələn, sabiq spiker Rəsul Quliyev və başqaları... - Rəsul Quliyevin Azərbaycan cəmiyyətində nəsə bir nüfuzu var? Onun reytinqi bu dəqiqə mənfidir, heç sıfıra da bərabər deyil. - 1992-ci ildəki nüfuzunu nə zamansa qaytarmağa ümid edirsinizmi? - Bunun üçün kifayət qədər imkanlarım yoxdur. O zamanın ab-havası ilə indiki bir-birinə daban-dabana ziddir. - Bir-birinə zidd olan nədir? - O zaman meydanlarda, telekanallarda siyasi mübarizə gedirdi. Araz Əlizadəni bütün SSRİ məkanı tanıyırdı. İndi tamam ayrı bir vaxtdır. Çinlilərin bir gözəl misalı var, “İki dəfə eyni suya girmək mümkün deyil”. - Bu seçkilərdə özünüzü müxalifət, yoxsa iqtidar namizəd sayırsınız? - Hər zaman özümü müxalifət sanmışam. Müxalifət kimi də qalacam. 1990-95-ci illərin parlamentində həm Xalq Cəbhəsinə, həm də kommunistlərə qarşı müxalif idim. - 11 apreldən sonrakı Azərbaycanı necə görürsünüz? - Həyat davam edəcək. Ən əsası odur ki, güclü ordumuz artıq var. Qətiyyətlə Qarabağın işğaldan azad olunmasını hərbi yolla təmin etməliyik. Bu mənim ən böyük arzumdur. - Seçkilər oktyabrda keçirilsəydi... - Heç bir şey olası deyildi. Müxalifətin yenə şansı olmayacaqdı. Onlar artıq yalançı çoban vəziyyətindədirlər. 1988-ci ilin dekabrını, 1990-cı ilin yanvarını, 1992-cü ilin dövlət çevrilişini, bundan bir il sonra vətəndaş müharibəsi qarşısında xalqı qoyub qaçmalarını, 2003-cü ilin seçkilərindən sonra yenə də xalqı qoyub qaçmalarını yada salın. İnsanları nə qədər güdaza vermək olar? - Açıqlamalarınızda sanki bilərəkdən “dövlət çevrilişi” ifadəsini işlədirsiniz ki, bu da ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrin əsas “fenomen”inə çevrilirsiniz... - Heç vaxt həqiqətdən başqa heç nə demərəm. Sosial şəbəkələrdəkilər isə məni maraqlandırmır. Artıq bir dəfə demişəm ki, əsasən işi-gücü olmayan yaxud hər hansı bir qüvvələrdən pul alıb kimisə söymək istəyənlər sosial şəbəkələrdədirlər. Məni sosial şəbəkələrdə söyəcəklər deyə, niyə yalan danışmalıyam? 1992-ci il martın 5-indən 6-na keçən gecə hamı durub demokratiyanın təntənəsindən danışanda orada durub çıxış etdim və dedim ki, gəlin özümüzü aldatmayaq, bu, demokratiyanın təntənəsi deyil, dövlət çevrilişidir. O zamandan çoxsaylı təhlillərimiz nəticəsində tam əmin olmuşam ki, o, dövlət çevrilişi idi. Bu baxımdan sosial şəbəkələrə görə fikrimi dəyişən deyiləm. - Əgər bu, dövlət çevrilişi idisə, o dövrün hakimiyyəti o qədərmi zəif idi ki, bunun qarşısından qaçdı? - Bəli elə idi. O zaman Azərbaycanda nə ordu, nə də normal Daxili İşlər Nazirliyi var idi. Prezident də qətiyyətsiz idi...
“Sosial şəbəkələrdə söyüləcəm deyə, fikrimi dəyişən deyiləm”