“Azərbaycan və Türkiyənin birləşməsi ƏBÜLFƏZ ELÇİBƏYİN də arzusu idi”

Aqil Səmədbəyli: “Lakin bu istək həyata keçmə imkanı tapmadı”

Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi general İlkər Başbuğ Azərbaycan və Türkiyənin birləşməsinin ən böyül xəyalı olduğunu bildirib. İ.Başbuğun bu açıqlamasından sonra iki dövlətin birləşməsi məsələsi yenidən aktuallaşıb ki, məsələyə münasibət bildirən bəzi siyasilər bunun nəinki mümkün olduğunu, həm də zəruri olduğunu iddia edib. Bu qəbildən olan siyasilərin sözlərinə görə, Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi ölkəmizin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasına kömək edə bilər.

Maraqlıdır, Azərbaycan və Türkiyənin birləşməsi, konfederasiya və ya digər formada bir araya gəlməsi mümkündürmü? Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ölkəmizin təhlükəsizliyi üçün etibarlı qarant ola bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ictimai-siyasi xadim Aqil Səmədbəyli bunun tamamilə mümkün olduğunu qeyd edib. A.Səmədbəylinin sözlərinə görə, belə bir bilrik milli-azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin də arzusu olub:

“Azərbaycanın milli-azadlıq hərəkatının lideri, əski cümhurbaşqanı Elçibəyin fikri bu idi ki, Türkiyə ilə Azərbaycan konfederasyon və ya federasyon şəklində birləşməlidir! Çox təəssüf ki, Elçibəy devrildikdən sonra bu fikir həyata keçmə imkanı tapmadı. Azadlığımızın ikinci mərhələsi bizə bir daha göstərdi ki, Türkiyə bizim özümüzdür! Türkiyə Azərbaycan, Azərbaycan da Türkiyədir! Biz əkiz qardaşıq! Azərbaycanın Qarabağ bölgəsinin işğalı Türkiyəni ən az Azərbaycan qədər narahat edir. Nə yazıq ki, bu günə qədər Azərbaycan iqtidarı ATƏT-in Minsk qrupu tərəfindən oyalanır.

Torpaqlarımızı işğal edən Rusiya və ermənilərə ən çox lobbi dəstəyi verən Fransa guya bizim torpaqlarımız can yandıracaq??? Azərbaycan özü öz torpaqlarını azad etməyincə, bizim torpaqlarımız işğalda qalacaq. Biz gerçəyi dərk edib təcili Türkiyə ilə inteqrasiyanı sürətləndirməliyik. Rusiyanın Ermənistanda hərbi bazaları varkən, Türkiyənin Azərbaycanda niyə hərbi bazaları olmasın? Biz niyə Türkiyə ilə birləşməyək? Bu birlik bizə çox şey qazandırar! Ortaya çıxacaq sinerjini təsəvvür edirəm! İlkər Başbuğun bu düşüncədə olduğuna çox sevindim – təşəkkür edirəm İlkər bəyə”.

 






Fikirlər