PAN Gi MUN və ROMA papasının Bakı səfərindən imtina sirri – TƏSADÜF, yoxsa etiraz?

Məlum olduğu kimi, aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.

Forumda dünyanın bri sıra tanınmış simalarının, eləcə də Roma papasının, BMT baş katibi Pan Gi Munun iştirakı gözlənilsə də, həm Roma papası, həm də BMT baş katibi Bakı səfərindən imtina edib. Belə ki, hər iki şəxs ölkə başçısına ünvanladığı məktubda daha vacib məsələlərələ bağlı tədbirə qatıla bilməyəcəklərini vurğulayıb və üzrxahlıq edib.

Maraqlıdır, Roma papası və Pan Gi Munun Bakı səfərindən imtinası həqiqətən də onların iş qrafikinin gərgin olması ilə əlaqədardır, yoxsa bu, beynəlxalq təşkilat və güclərin rəsmi Bakıya etiraz və etinasızlığıdır?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bunun hər hansı etiraz əlaməti kimi dəyərləndirilməsinin yanlış olduğunu qeyd etdi:

“Adətən bu kimi tədbirlərlə bağlı birinci şəxslərə müraciət olunur, onlar tədbirə dəvət edilir. Əgər hansısa dövlət başçısının və ya təşkilat rəhbərinin bu tədbirə şəxsən qatılmaq imkanı olmursa, o zaman tədbirə öz nümayəndəsini yollayır və ya videomüraciətlə tədbirə qatılır. Hesab edirəm ki, adını çəkdiyiniz şəxslərin də Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etməməsi bununla bağlıdır və yəqin ki, biz onların videomüraciətlərinə şahid olacağıq. Yəni bu şəxslərin forumda iştirak etməməsinin rəsmi Bakının yürütdüyü siyasət və ya ortaya qoyduğu mövqe ilə hər hansı əlaqəsi yoxdur”.

 






Fikirlər