“Quska”dan Ağamalıya ağır sözlər - AÇIQLAMA

“Quska”dan Ağamalıya ağır sözlər - Açıqlama

Sabiq deputat Hüseyn Abdullayev millət vəkili Fəzail Ağamalı barəsində şok ittihamlar səsləndirib.

Vizual.az xəbər verir ki, "Quska” ləqəbli eks-deputat 2007-ci ildə baş vermiş məlum insidentdən yazıb. O, Feysbukda bu sətirləri qeyd edib:

"Həbs olunmağımın əsas səbəbi hökumətin nağıl hesabatını tənqid etməyim yox, hansısa Ağamalı adlı bir deputatın şikayəti idi. Güya ki, həmin vaxt parlamentdə baş vermiş insidentdə (halbuki mən o an sadəcə özümü müdafiə etmişəm) Fəzail bəy beyin travması almışdır. Absurd, yenə də absurd!

Dostlar, xahiş edirəm sonrakı kəlmələrə diqqət yetirin. Deməli qanuna uyğun olaraq, bir insanın hər hansısa beyin xəsarətin müəyyən edilməsi və son ekspertiza rəyinin çıxarılması üçün xəsarət alan şəxs ən azı 21 gün müddətində xəstəxanada yatmalı və mütəxəssis müayinəsindən keçməlidir. Sağ olsun o vaxtkı vəkilim Cavanşir Süleymanov. Onun peşəkar araşdırması nəticəsində məlum olmuşdur ki, həmin ərəfədə Fəzail bəy nəinki xəstəxanada yatmamış, əksinə hətta öz xidməti fəaliyyəti ilə bağlı Sankt - Peterburq şəhərinə səfər belə etmişdir. İndi isə baxın görün məhkəmə zamanı vəkilim Cavanşir bəyin Ağamalıya ünvanladığı suallara.

- Fəzail bəy, Siz axı qanunla müəyyən edilmiş 21 günü mualicə olunub, müayinədən keçməliydiniz. Bunu etdinizmi?

- Bəli, etdim və bu mualicəni və müayinəni öz evimdə, ixtisasca həkim olan gəlinim tərəfindən heyata keçirdim.

Sən demə məhkəməyə qədər tənbəllik etməyən dəyərli vekilim müəyyənləşdirib ki, bəli onun gəlini həqiqətəndə həkimimiş. Lakin ixtisasca GİNEKOLOQ imiş. Bu faktın ortaya çıxmasına rəqmən, sifarişi yerinə yetirən hakimlər bunu görməzdən gəldi. Belədirsə mən, canım qədər sevdiyim Azərbaycan xalqına bir sual vermək istəyirəm. Əzizlərim, mən əminəm ki, sizlər 2007-ci il mart ayında parlamentdə baş vermiş provokativ insindentin şahidi olmusunuz. İndi siz deyin həmin vaxt Fezail adlı deputatla mənim aramda baş vermiş insident zamanı ginekaloqiyaya aid hər hansısa bir hadisə baş vermişdirmi?”

 

***

Gəlinim mənə iynə vurub, təzyiqimi aşağı salmaq, ürək döyüntülərimi nizamlamaq üçün yardım edib.

Bu sözləri millət vəkili Fəzail Ağamalı Axar.az-a sabiq deputat Hüseyn Abdullayevin sosial şəbəkədə ünvanına yazdığı məlumata münasibət bildirərkən deyib.

F.Ağamalının sözlərinə görə, H.Abdullayevin yazdıqları böhtandan başqa bir şey deyil:

"Bəli, mənə ilkin tibbi yardımı evdə göstərdilər. Hadisə baş verən gün kifayət qədər xoşagəlməz vəziyyət yaranmışdı. Olduqca gərgin durum vardı, təzyiqim yüksək idi. Bunun üçün birinci növbədə evə gəldim və mənə tibbi yardım göstərildi. Bunu da Tibb Universitetinin Terapiya fakültəsini bitirən, onun dediyi kimi, ginekoloq deyil, anestezioloq vəzifəsində çalışan gəlinim etdi. O, sadəcə məni pis durumdan çıxardı. Mənə iynə vurdu, təzyiqimi aşağı salmaq, ürək döyüntülərimi nizamlamaq üçün ilkin yardım etdi.

Sabahı Neftçilər Xəstəxanasına gedib qeydiyyatdan keçdim. Dəqiq yadımda deyil, iki, ya üç sutka Neftçilər Xəstəxanasında yatdıqdan sonra Mərkəzi Klinikanın poliklinikasında bir aya yaxın müalicəni davam etdirdim. Bunu sübut edən sənədlər də var”.

Fəzail Ağamalı keçmiş həmkarının kişiyə yaraşan açıqlama vermədiyini də xatırladıb:

"O, yalan danışır. Onun dedikləri kişiyə yaraşan hərəkət deyil ki, kişi ilə kişi arasında olan məsələləri bu şəkildə gündəmə gətirməzlər. Bu, bir daha Hüseyn Abdullayevin hansı mənəviyyata malik olduğunu sübut edir. O unutmamalıdır ki, məhkəmə stenoqramında məndən, millət vəkillərindən və bütün Azərbaycan xalqından üzr istəməsi və digər məlumatlar hələ də qalır. Heç vaxt onun yaxınlarının mənə yaxınlaşması və digər məsələlər barədə nə isə dilimə gətirməmişəm.

Hüseyn Abdullayev konkret olaraq öz əməlinin hüquqi qiymətini aldı. Sadəcə, Ulu Öndərin ruhu onu tutdu. O, hamıya qarşı gedirdi. Çünki çox varlanmışdı. Hədsiz dərəcədə varidat sahibi idi, bütün keçmişini unutmuşdu. Onun inkişafında, bu var-dövləti qazanmasında rolu olan insanların zəhməti onun burnundan gəldi. O, heç kimi günahlandırmasın. Hər kəs öz əməlinə görə cavab verir. Düşünürəm ki, Hüseyn Abdullayev bu məsələləri yenidən gündəmə gətirməklə böyük allahsızlığa yol verir”.

Hüseyn Abdullayev Feysbuk səhifəsində aralarında yaşanan 2007-ci il davasından sonra Fəzail Ağamalıya ilkin tibbi yardımı "ginekoloq ixtisaslı” gəlininin etdiyini xüsusi eyhamla yazıb.

Xatırladaq ki, Milli Məclisdə yaşanan bu xoşagəlməz hadisədən sonra H.Abdullayev deputat mandatından məhrum edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdu.

 






Fikirlər