İqtidarda, yoxsa müxalifətdə ORUC TUTAN çoxdur?

 İqtidarda, yoxsa müxalifətdə oruc tutan çoxdur?

Artıq bir həftədən çoxdur ki, Ramazan ayını yaşayırıq. Müqəddəs ayda müsəlmanlar sağlamlıqlarının imkan verdiyi qədər oruc tutmağa çalışırlar. Bəs görəsən siyasətçilərdən kimlər bu il oruc tutur? İqtidar, yoxsa müxalifətdə oruc tutanların sayı çoxdur?

 
Mövzu ilə əlaqədar siyasətçilər arasında sorğu keçirdik.
İqtidaryönlü deputatFəzail Ağamalı oruc tutmadığını bildirdi: “Oruc tutanlara təbii ki, rəğbətim, hörmətim var. Hər zamanda da onlara xoş fikirlərimi ifadə etmişəm, Allahdan da arzu etmişəm ki, onların oruclarını, dualarını qəbul etsin. Lakin ciddi səbəblərə görə mən oruc tuta bilmirəm. Lakin oruc tutanlar qədər Allaha sədaqətliyəm. Təqribən 15 il bundan əvvəl on gün oruc tutmuşam. Yenə də müəyyən səbəblərə görə orucuma xitam vermişəm. 
Allah yolunda olmaq təkcə orucluqla müəyyən olunmur. Ona görə də kimsə orucluq tutmursa bu o demək deyil ki, o, Allah yoluna sədaqətli deyil, onun qoymuş olduğu yola, Qurani-Kərimin müəyyənləşdirdiyi  hədəflərdən kənarda qalır. Mən belə düşünmürəm. Düşünürəm ki, Allaha ibadətin, xidmətin biri orucluqdur. Kim bunu edirsə, Allah onun dualarını və orucunu qəbul etsin. Kim oruc tuta bilmirsə qınaq hədəfinə gəlməli deyil”.
Deputat Zahid Oruc da oruc tutmadığını açıqladı:“Ramazan ayında həmişə bu sualla mənə müraciət edəndə çox qəribə hisslər keçirirəm . Çünki soyadıOruc olan bir insanın oruc tutmadığını söyləməsi, yəqin onun bundan sonra Ramazanın fəziləti, bu ayın nəcibliyi və dünya müsəlmanları üçün əhəmiyyəti haqında söylədiyi fikirlər istər- istəməz şübhə altında düşmüş olur.  
 
Oruc Ramazan bitincə, hər Məkkədən dönüncə, namaz məsciddən çıxınca başlar. Bu fikrin mənası ondan ibarətdir ki, bir ay insanlar gerçəkdən ürəklərini Allaha bağlayır, kasıb imkansız insanları dərk etmək üçün fiziki sınaqları müəyyən qədər hiss edirlər. Eyni zamanda tikələrini bölməyə çalışır, dillərini, əllərini, gözlərini, qulaqlarını pis hərəkətlərə bağlayırlar. 
Lakin bu, kifayət deyil. Bir aydan sonra oruc ümməti, oruc insanı olaraq orucluğu həyatının mahiyyəti mənası kimi dərk edərək yaşamaq hər adama nəsib olmur. Kimsə  bunu edibsə o, gerçəkdən də orucdur. Yox, əgər belə deyilsə həmin şəxs sadəcə bir aylıq dieta tutmuş olub. Oruc tutmamağım gerçəkdən də işimlə bağlı olur. Amma zatən çalışıram ki, başqalarına qarşı əməllərimdə ilahi mənanı, qüdrəti, ədaləti yüksək tutaraq addımlar atım. Sadəcə cəmiyyətimizdə xidmətdə bu mövqeyi gözləyirəm. Ona görə də özümü hər zaman oruc kimi də dərk edirəm... Belə demək mümkündürsə, oruc tutmamağımızı daxilən günah hesab etmədən yaşayırıq”.
“Azərbaycan” qəzetinin baş redaktoru,  deputatBəxtiyar Sadıqov hər il oruc tutduğunu dedi: “2002-ci ildə Həcc ziyarətində olmuşam. Bu  arzum idi və Allah tala bunu mənə qismət edib”.
“AG blok”untəsisçilərindən olan Tural Abbaslı hələ məktəb illərindən oruc tutduğunu bildirdi: “Ramazan ayı hər bir müsəlmanın üzərinə düşən borcdur və özünü müsəlman hesab edən insan əgər sağlamlıq durumu imkan verirsə orucunu tutmalıdır. Biz də bacardığımız qədər oructutmağa çalışırıq”.
ADP sədri Sərdar Cəlaloğlu isə artıq 3 ildir ki, oruc tutduğunu deyib. 
 
KXCP sədri Mirmahmud Mirəlioğlu da məsələyə bu cür münasibət bildirdi: “İstər siyasətçi, istər həkim, jurnalist olsun, qaydalara uyğun olaraq səhhəti imkan verən hər kəs oruc tutmalıdır. Burda təəccüblü heç nə yoxdur”.






Fikirlər