“TƏMİZLƏNMƏ” sırası hakimiyyət nümayəndələrinə çatdı

“Təmizlənmə” sırası hakimiyyət nümayəndələrinə çatdı

AKP hökumətinin 4 keçmiş naziri haqqında “FETO-çu” ittihamı ilə cinayət işi açılır

İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən AKP hökumətinin 4 keçmiş naziri barəsində “FETO terror təşkilatı üzvlüyü” ittihamı ilə cinayət işi açılıb. 
İhlas Xəbər Agentliyinin məlumatında görə, İstanbul Vəkillər Kollegiyasının üzvü Burak Bekiroğlu tərəfindən Prokurorluğa verilən iddianamədə keçmiş nazirlər Bülənt Arınc, Hüseyn Çelik, Suat Kılıç və Sadullah Ergin barəsində iddia qaldırılıb.
Vəkilin iddiası Prokurorluq tərəfindən qəbul olunub. İddianamədə 4 nazirin FETO ilə bağlantısının araşdırılması və ölkədən çıxışına yasaq qoyulması tələb olunur. Bundan başqa vəkilin iddianaməsində adları qeyd olunan şəxslər terror təşkilatının rəhbərliyində təmsil olunmaq, silahlı terror təşkilatı ilə fikir və hərəkət birliyi, qiyama zəmin hazırlamaq, eləcə də üzvlərini dövlət qurumlarına yerləşdirdikləri iddia olunur. Eyni zamanda polis və parlament komissiyasının şübhəlilər barəsində araşdırma aparmaları tələb olunur.
Qeyd edək ki, AKP-nin qurucuları sırasında olan Bülənt Arınc bir müddət parlamentin spikeri olub, daha sonra baş nazirin müavini vəzifəsini tutub. Arınc özü daha əvvəl də F.Gülənlə yaxın olduğunu etiraf edib. Hüseyn Çelik də AKP-nin önəmli şəxslərindən biri olub, millət vəkili və o cümlədən mədəniyyət, səhiyyə naziri postlarını tutub. Jurnalist olan Suat Kılıç AKP hökumətində 2011-2013-cü illərdə gənclər və idman naziri postunu tutub, deputat olub. Hüquqşünas olan Sadullah Ergün isə 2009-2013-cü illərdə Türkiyənin ədliyyə naziri olub. 
Türkiyə mediası uzun müddət bu şəxslərin Gülən camaatına yaxın olduğu haqda yazılar dərs edib. 15 iyul qiyamından sonra isə mediada adları hallanan camaat üzvləri sırasında bu şəxslərin adı çəkilirdi. İndi isə artıq faktiki olaraq cinayət işi başladılır və böyük ehtimalla onlar barəsində cinayət işi araşdırması aparılacaq. Bu şəxslər uzun müddət həm hakim partiya, həm də hökumətdə önəmli postları tutublar. Böyük ehtimalla camaat üzvlərinin önəmli dövlət postlarına yerləşdirilməsində bu adamlar ittiham olunacaqlar. 
Türkiyədə hökumətə qarşı son dövrlərdə kəskin qərarlar verən hakimlərin böyük çoxluğunun məhz bu şəxslə, xüsusən də keçmiş ədliyyə naziri S.Ergin tərəfindən məhkəmələrə yerləşdirildiyi iddia olunur. Hətta 17-25 dekabr 2013-cü il hadisələrindən sonra bir sıra məhkəmə hakimlərinin hökumətə qarşı qərarlar alması, prezidentin ittiham iddia qaldırdığı şəxsləri azad edən hakimlərin camaatçı olduğu haqda iddialar vardı. Yeri gəlmişkən, 15 iyul qiyamından sonra 2 minə yaxın hakim məhz camaatçı olduğu ittihamı ilə işdən kənarlaşdırılıb, bəzi hakim və prokurorlar isə məsuliyyətə cəlb olunub, polis tərəfindən saxlanılıblar. Bu şəxslərin məhz hökumətdəki camaatçı şəxslər tərəfindən yerləşdirildiyi sübuta yetirilərsə, o zaman adı çəkilən şəxsləri ağır cəzanın gözlədiyini demək olar. 






Fikirlər