Həbsdəki BANKIR maliyyə nazirini yanında görmək istəyir

 Həbsdəki bankir maliyyə nazirini yanında görmək istəyir

Cahangir Hacıyev: “Samir Şərifov burada, mənim yanımda əyləşməlidir, bunu sübut edən faktlarım var”; Prokuror: “Cahangir Hacıyev həbs ediləcəyini düşünmürdü” 

 

Avqustun 17-də “Beynəlxalq Bank işi”nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
Təqsirləndirilən şəxslər “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və digərləridir.
Təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilir.
Məhkəmə prosesində C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlər veriblər.
Vəkil A.Layıcov ilk çıxışında bildirib ki, cinayət işində iki zərərçəkmiş tərəf tanınıb. Onlardan birinin ABB, digərinin isə “Aqrarkredit” QSC olduğunu deyən vəkil bu halın yolverilməz olduğunu bildirib.
Vəkil 2015-ci ilin əvvəlində bankın problemli kreditlərinin ayrılaraq idarə etmək üçün QSC-yə verildiyini və bu səbəbdən də ABB-nin zərərçəkmiş tərəf kimi tanınmasının mümkünsüz olduğunu söyləyib.
Vəkilinin vəsatətinə münasibət bildirən C.Hacıyev bunları deyib: “Mən hüquqşünas deyiləm. Ancaq məntiqlə baxanda burada bir zərərçəkmiş olmalıdır. Mən bu işə təəccüblə baxıram. Vəkilimin vəsatətinin təmin edilməsini istəyirəm”.
Dövlət ittihamçısı Fərid Nağıyev qaldırılmış vəsatətə münasibət bildirərkən qeyd edib ki, ittiham aktında ABB və “Aqrarkredit” QSC zərərçəkmiş tərəf kimi tanınıb. Prokuror səsləndirilən fikirlərin əsassız olduğunu və ittiham aktında bunu sübut edən faktların olduğunu əlavə edib.
Prosesdə ABB-nin nümayəndələri məhkəməyə mülki iddia ilə müraciət ediblər. Mülki iddia icraata götürülüb və məhkəmə baxışında baxılması üçün qərar qəbul edilib.
C.Hacıyevin vəkilləri hüquqlarını müdafiə etdikləri şəxsin cinayət işinə xitam verilməsi, şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, maliyyə naziri Samir Şərifovun şahid qismində məhkəmədə ifadə verməsi ilə bağlı da vəsatətlər qaldırıblar.
Vəkil Fəxrəddin Mehdiyev çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamlar əsassızdır: “Bankdan götürüldüyü deyilən kredit resursları müəyyən layihələrin həyata keçirilməsinə xərclənib. Fiziki şəxslərə verilən kreditlərin 2/3 hissəsi ödənilib. Qalan hissəsi isə ödəmə müddəti olan kreditlərdir. Həmin kreditlərin ödənilməsi üçün vaxt olub. Ancaq sonradan burada əyləşən şəxslərə qarşı cinayət işi açılıb. Bundan sonra kreditlərin ödənilməsi dayanıb. Burada hansı mənimsəmədən söhbət gedə bilər? Müvəkkilim 38 gün qanunsuz olaraq ”Bandotdel"də saxlanılıb. Həmin müddətdə istintaq qanunsuz olaraq aparılıb. Bacısı və həyat yoldaşı həmin müddətdə təzyiqlərə məruz qalıblar. Açılan cinayət işi mifdir və heç bir real əsası yoxdur. Bu işdə, sadəcə, olaraq Mərkəzi Bankın kredit verilməsi ilə bağlı təlimatlarının pozulmasından söhbət gedə bilər. Bu isə mülki işdir və  cinayət işi sayıla bilməz".
C.Hacıyevin digər vəkili A.Layıcov çıxışa əlavə olaraq qeyd edib ki, müvəkkilinin həbsi ilə bağlı Avropa Məhkəməsinə müraciət edilib: “Cahangir Hacıyevin həbsi qanunsuzdur”.
Təqsirləndirilənlərdən İlqar Abdullayevin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxsin həbsdə saxlanılmasını qanunsuz hesab edir: “Cinayət işi ilə tanış olarkən gördüm ki, ortaya saxta və qondarma faktlar qoyulub. İlqar Abdullayevə qarşı uydurulmuş kifayət qədər faktlar və sübutlar var. Əgər obyektiv araşdırma aparılarsa, dediklərim öz əksini tapar”.
Vəkil müdafiə etdiyi şəxs barəsində cinayət işinə xitam verilməsi ilə bağlı da vəsatət qaldırıb.
Cahangir Hacıyevin və İlqar Abdullayevin vəkillərinin qaldırdığı vəsatətlərə münasibət bildirən bütün vəkillər və təqsirləndirilən şəxslər razılıqlarını bildiriblər. Onlar vəsatətlərin təmin edilməsini istəyiblər. Yalnız “Aqrarkredit” QSC-nin nümayəndələri vəsatətlərin təmin edilməsini məhkəmənin səlahiyyətinə buraxdıqlarını deyiblər.
Qaldırılmış vəsatətlərə münasibət bildirmək sırası C.Hacıyevə çatıb.
O, vəsatətlərin təmin edilməsini istəyib və əlavə olaraq çıxışı edib: “Cinayət işi açılanda ölkədə deyildim, xaricdə müalicə olunurdum. Bir zəngə ölkəyə qayıtdım. Nə vaxt istintaqa dəvət edilmişəmsə, özüm getmişəm. 11 dəfə istintaqa ifadə vermişəm. Dekabrın 4-də mənim barəmdə həbs qərarı çıxarıldı. 38 gün ”Bandotdel"də qanunsuz olaraq saxlanılmışam. Əgər mənim bir günahım olsa idi vətənə qayıtmazdım. Yanımda əyləşən və digər təqsirləndirlən şəxslərlə birlikdə çalışmışıq. Gördüyümüz işdə də heç bir problem olmayıb. İstintaq qeyri-peşəkar və qərəzli aparılıb. 49 fiziki şəxsə kredit verilməsi ilə bağlı ittiham aktında məlumat yer alır. Kreditlərin hansı trayektoriya üzrə ayrılması, necə ödənilməsi ilə bağlı sənədlər bizim tərəfimizdən təqdim edilib. 
Bu işdə mənimsəmə olduğu deyilir. Ancaq pulu götürən şəxslərin heç biri pulu  mənə və ya digər təqsirləndirilən şəxslərə verdiyini demir. Burada mənimsəmə hardadır?
Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri idi. Onlar bankda oturub bütün qərarlara qol çəkirdi. Audit Komissiyasında, Maliyyə Şurasında, Beynəlxalq Bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç bir hal ittiham aktında qeyd edilməyib. Bunlar mütləq araşdırılmalıdır". 
Maliyyə naziri Samir Şərifovun da bu işə cəlb edilməsini istəyən C.Hacıyev bunları əlavə edib: “Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada, mənim yanımda əyləşməlidir. Bunu sübut edən faktlarım var.  Bəzi kreditlərin ödənilmədiyi deyilir. Lakin həmin kreditlərin ödəniş vaxtı başa çatmamışdı. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib, kredit verənləri tutmaq lazımdır”.
Dövlət ittihamçısı qaldırılmış vəsatətlərə münasibət bildirib. 
O qeyd edib ki, cinayət işinə xitam verilməsi mümükünsüzdür. Sübutları araşdırmağa ehtiyac var: “Sübutlar araşdırılmadan fikir səsləndirmək doğru deyil”.
Prokuror bankdan müxtəlif layihələrin həyata keçirilməsi üçün vəsaitin ayrılması və fiziki şəxslərə kreditlərin ayrılması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Vəkillər qeyd edir ki, müxtəlif layihələrin həyata keçirilməsi üçün bankdan pul ayrılıb. Ancaq bunu sübut edən sənədlər istintaqa təqdim edilməyib. Ayrı-ayrı şəxslərin adına kredit verilib. Onların bu məbləği ödəmək imkanları araşdırılmayıb”.
Prokuror ABB-dən adlarına kredit götürülən şəxslərin bir neçəsinin adını sadalayıb və onların kreditlərini gecikdirməsi ilə yaranan borcların məbləğini açıqlayıb.
Dövlət ittihamçısı vəkillərin C.Hacıyevin qanunsuz olaraq saxlanılması ilə bağlı məhkəmə qərarı olmasına da toxunub. Prokuror bildirib ki, C.Hacıyevin 2015-ci ilin 8-18 yanvar tarixlərində qanunsuz həbsdə saxlanılması ilə bağlı məhkəmə qərarı olsa da, qeyd edilən müddət ərzində istintaq hərəkətləri aparılmayıb.
Prokuror çıxışının davamında bunları deyib: “Vəkillərin qeyd etdiyi kimi, təkcə bankdan kreditlərin verilməsi ilə bağlı Mərkəzi Bankın təlimatları pozulmayıb, həmçinin ayrı-ayrı şəxslərin adına müxtəlif məbləğlərdə pul verilib. Bunu sübut edən faktlar ittiham aktında yer alır. Məhkəmə baxışında bunlara diqqət çəkiləcək”.
C.Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı qaldırılan vəsatətə də münasibət bildirən prokuror bu vəsatətin də təmin olunmamasını istəyib və bunu belə əsaslandırıb: “Cahangir Hacıyevin ölkədən çıxmasına ”stop" qoyulub. Amma onun ev dustaqlığına buraxıldığı zaman qanunsuz olaraq ölkədən çıxması halı istisna edilmir. İstintaqdan qaçıb gizlənmək ehtimalı var. Həmçinin ev dustaqlığına buraxılacağı halda şahidlərə və ifadə verməli olan digər şəxslərə təsir etmək imkanı da olacaq. Cahangir Haıyev öz istəyi ilə Azərbaycana qayıtdığını deyir. Qeyd edim ki, o əvvəlcə şahid qismində istintaqa ifadə verib. Cahangir Hacıyev bəlkə də həbs ediləcəyini düşünmürdü".
Təqsirləndirilən şəxslərin şüşə qəfəs arxasından çıxarılması və vəkillərinin yanında əyləşdirilməsi ilə bağlı vəsatətlərin də təmin edilməməsini istəyən dövlət ittihamçısı əlavə edib ki, əgər vəkillər müvəkkilləri ilə məsləhətləşmək istəyirsə, onlara fasilə zamanı və ya prosesdən əvvəl şərait yaradıla bilər: “Vəkillər təqsirləndirilən şəxslərin ziyalı olduğunu və şüşə qəfəs arxasından çıxarılmasını istəyir. Ancaq bu, təqsirləndirilən şəxslərin bərabərlik hüququnun pozulmasıdır”.  
Maliyyə naziri Samir Şərifovun məhkəməyə gətirilməsi ilə bağlı qaldırılan vəsatətə münasibətində isə dövlət ittihamçısı bildirib ki, maliyyə nazirinin hansısa bir əməli törətməsini sübut edən fakt yoxdur.
“İş məhkəmə baxışına verildikdən sonra Samir Şərifovun hansısa bir qanunsuz əməl törətməsi məlum olarsa, prosesin davamında vəkillər vəsatət qaldıra bilər. Buna da etiraz edilməz” deyə, prokuror bildirib.  
Dövlət ittihamçısı işin məhkəmə baxışına göndərilmsini istəyib.
Məhkəmə sədri prosesdə fasilə elan edib. Müşavirədən qayıdan məhkəmə heyəti qaldırılan vəsatətlərlə bağlı qəbul edilən qərarı elan edib. Hakim Əfqan Hacıyev bildirib ki, vəsatətlərin heç biri təmin edilməyib və iş məhkəmə baxışına verilib. 
Məhkəmə baxışı avqustun 24-nə təyin edilib.
Onu da əlavə edək ki, C.Hacıyev ləğv edilmiş MTN-in rəhbəri olmuş Eldar Mahmudovun qudasıdır.

 






Fikirlər