"ABŞ çalışır ki, veto hüququ ləğv edilsin və bu zaman Çinin, Rusiyanın əhəmiyyəti itir" — Politoloq rəyi

"ABŞ çalışır ki, veto hüququ ləğv edilsin və bu zaman Çinin, Rusiyanın əhəmiyyəti itir" — Politoloq rəyi

BMT Baş Assambleyasının 71-ci sessiyası qurumun baş katibi Pan Gi Mun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvünü sərt tənqid etmələri ilə yadda qalıb.

Pan Gi Mun bildirib ki, dəfələrlə müşahidə etmişəm ki, geniş dəstək görən bir çox təşəbbüslərə bir və ya bir neçə dövlət tərəfindən veto qoyulub və bu təşəbbüsün həyata keçməsinin qarşısı alınıb. Bunu edən böyük dövlətlərdir. Biz dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının həyati əhəmiyyət kəsb edən məhsuldar ideyaların həyata keçməsinə maneəçilik törətdiyinin şahidi olmuşuq. Məgər bir və ya bir neçə dövlətin öz gücündən istifadə edərək dünyanı girov saxlaması qanunidirmi? Bütün bunlar yolverilməzdir!"

Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da deyib ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün bütün dünyaya necə yaşamağı diqtə etməsi yolverilməz və ədalətsizdir.

Bununla bağlı politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a danışıb:

"Qlobal miqyasda siyasi hakimiyyət uğrunda mübarizə gedir. Məlum məsələdir ki, dövlətlərin tərəfdar olduğu ölkə ABŞ-dır. ABŞ İkinci Dünya müharibəsi nəticəsində yaranmış beynəlxalq nizamı pozmaq istəyir. ABŞ istəyir ki, BMT-də qərarların qəbulu "demokratik səsvermə" yolu ilə keçirilsin. ABŞ çalışır ki, veto hüququ ləğv edilsin. O zaman isə Fransanın, Çinin, Rusiyanın əhəmiyyəti itir. ABŞ və onun ətrafında olan dövlətlər say etibarı ilə mütləq əksəriyyətdir. Bu zaman BMT 100% ABŞ-ın əlinə keçir.

Bundan sonra səsvermə ilə ABŞ istədiyi dövləti, siyasətçini cani elan edə bilər. Ona görə də, BMT-nin baş katibi Pan Gi Mun da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da fikirlərində haqlıdırlar. ABŞ çalışsa da BMT-ni dəyişdirə bilməyəcək. Bunun olması üçün BMT-nin Təhlükəsizlik Şurası qərar qəbul etməlidir. BMT-nin Təhlükəsizlik Şurasında 5 veto hüququ olan dövlət buna razı olmayacaq".

BMT Baş Assambleyasının zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsinə diqqət çəkib və Avropanı verdiyi vədləri tutmamaqda günahlandırıb. Bununla bağlı politoloq bildirdi ki, bu çıxışa baxmayaraq Avropa-Türkiyə münasibətlərində köklü dəyişikliklər olmayacaq. Bunlar hamısı söz güləşdirməsidir.






Fikirlər