Roma Papasının 9 saatlıq Bakı səfəri başlayır –Qərbdən "hamımız qardaşıq" şüarıyla gələn "sülh elçisi", yoxsa...?

papa-99

Roma Papası Fransisk oktyabrın 2-də, təxminən, 9 saat Bakıda olacaq, ancaq bu səfərdən aylardır danışılır.

Qısa tarixçə: 1997-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyev Vatikana gedərək, Roma Papası ilə görüşüb. Ardından – 2002-ci ilin mayında Papa II İohan Pavel ilk dəfə Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev də 2005-ci ildə İtaliyaya rəsmi səfərin gedişində Vatikana baş çəkib. O vaxt İlham Əliyevə üstündə II İohan Pavelin şəkli olan xatirə medalı da verilib. 2008-ci ilin martında Vatikanın dövlət katibi, kardinal Tarchisio Bertone Azərbaycana gəlib. Onun səfəri zamanı Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılışı olub. 2012-ci ilin iyununda birinci xanım Mehriban Əliyeva Romaya gedərək, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac (Vatikan) arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalayıb. Prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva ötən il Vatikanda rəsmi səfərdə də olublar.

 Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun şöbə müdiri, Vatikanın məxfi arxivlərində Azərbaycana aid sənədləri araşdıran tarixçi-alim Fərid Ələkbərli həmin əlaqələrdən söz açır:

“Səfəvilər, Elxanilər dövründən Vatikanla istər siyasi, istərsə mədəni əməkdaşlıq olub. İndiki zamanda biz başqa xalqlar və dinlər arasında qarşılıqlı anlaşmaya nail olmalıyıq. İndi bəzi regionlarda islam aləmi ilə xristian dünyası arasında xoşagəlməz hadisələr baş verir. Mənə elə gəlir ki, Vatikanın da, Azərbaycanın da bu proseslərə təsir etmək imkanı var. Üstəlik, Avropa ilə əlaqələri genişləndirmək, Vatikanla əlaqələri yüksək səviyyədə saxlamaq lazımdır. Vatikan kiçiksə də, demək olar, dünya katoliklərini idarə edən bir dövlətdir. Biz Vatikanla əlaqələri möhkəmləndirirksə, deməli, katolik dünyası ilə münasibətlərimizi möhkəmləndiririk”.

Politoloq Zərdüşt Əlizadə deyir ki, Papa Fransiskin dönəmində Vatikan təsəlliyə, tolerantlığa, sülhə çağırış rolunu oynayır. “O, çox müsbət insandır”, – deyən politoloq əlavə edir ki, Papanın Ermənistan və Azərbaycanı sülhə çağırması təbiidir: “Papa günahların qarşılıqlı bağışlanması, tövbə, mənəvi paklıq, qarşılıqlı iddiaların aradan qaldırılması şəraitində sülh arzulayır. Amma onu eşidənlərin (istər kütlə olsun, istər siyasi rəhbərlər) sülhə baxışı xeyli fərqlidir”.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Vatikanın hələ də dünya siyasətinə təsir imkanları böyükdür. Onun fikrincə, Roma Papasının səfəri Azərbaycanın Qərb siyasətinə müəyyən təsir göstərəcək: “Bu səfərdən çox böyük dəyişikliklər gözləməsək də, geosiyasətdə müəyyən korrektələrin olacağını düşünmək olar. Son zamanlar Azərbaycan siyasi elitasının bəyanatları ölkənin Qərbə və Avropaya inteqrasiya yoluna qayıtdığını nümayiş etdirir. Bu səbəbdən, səfər Avropa ilə əlaqələr baxımından dəyərləndirilə bilər”.

Dini məsələlər eksperti Elşad Miri deyir ki, ötən illər ərzində Vatikanla Azərbaycanın əlaqələri yetərincə yaxınlaşıb: “Bu gün Azərbaycan Vatikanda hər hansı bir yeri təmir etdirirsə, demək, kiçik yox, daha geniş münasibətlər var. Bizim bəzi qurumlara ordenlər verirlər, təşəkkür edirlər. Azərbaycanda əvvəllər yad icma olan katoliklər burada genişlənib, sayları da artıb. II İohan Pavelin gəlişindən sonrakı kimi, bu səfərdən sonra da dəyişikliklər olacaq. Burada əvvəllər katoliklərin sayı 30-40 nəfər idi, indi minlərlədir”.

Tarixçi-alim Fərid Ələkbərli isə deyir ki, indinin özündə Vatikanın çoxsaylı arxiv və muzeylərində Azərbaycana aid eksponatlar çoxdur. Bunlar təkcə əlyazmalar deyil, Azərbaycanın tarixi ilə bağlı müxtəlif əşyalar, qazıntılar zamanı tapılmış eksponatlar da var. Onun fikrincə, səfər iki dövlət arasında mədəni əməkdaşlığı da genişləndirəcək. (Azadliq Radios

"Roma Papası Fransiskin Qafqaz turu yayda Ermənistandan başlayıb. Sentyabrın 30-da isə o, pravoslav-xristianların qalası olan Gürcüstan və əhalisinin əksəriyyətinin şiə-müsəlman olduğu Azərbaycana 3 günlük səfərə çıxıb" – fikirləriylə başlayan "Washington Post" qəzetinin məqaləsində isə yazılıb ki, katolik və pravoslav kilsələri, eləcə də xristian-müsəlman münasibətlərinin Papa Fransiskin görüşlərində əsas yer tutacağı gözlənilir.

Qəzetin iddiasına görə, Papanın bu səfərindəki görüşlərin arxasında geosiyasi məsələlərin də gündəmə gələcəyi istisna edilmir.

Məqalədə deyilir ki, Rusiyanı, ya da bu il Kubada tarixi görüşdən sonra Rusiya Pravoslav kilsəsini narazı salmaq istəməyən Roma Papasının sülh və barışığa dair ümumi çağırışlardan uzağa getməyəcəyini gözləmək olar.

Gürcüstanın Vatikandakı səfiri Tamara Grdzelidze Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarının Rusiya tərəfindən işğalına işarə edərək, Papanın "işğal" sözünü işlədəcəyinə inanmadığını bildirib. "Amma Ermənistanda o, "soyqırımı" haqda danışmışdı" –deyə Tamara Grdzelidze bildirib.

"Washington Post" yazır ki, Papa Fransisk Ermənistanda başlayan və Azərbaycanda başa çatacaq səfərlə iki qonşu ölkə arasında simvolik körpüyarada biləcəyinə ümid edir. 

Vatikanın məlumatına görə, Roma Papası Bakıda cəmi 10 saat qalacaq. Onun dövlət rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və milli azlıqların nümayəndələriylə görüşü, Şəhidlər Xiyabanını ziyarət edəcəyi gözlənir. O, Bakıdakı katolik kilsəsində Azərbaycan əhalisinin bir faizini təşkil edən katoliklərin dini mərasimində də iştirak edəcək. (Amerikanın Səs

APA-nın xəbərinə görə isə, səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək.

Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək. Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.

Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.

Bundan başqa, Fransisk “Heydər Məscidi” və  Şəhidlər Xiyabanına baş çəkəcək.

Roma Papasının Bakıya səfəri bu gün axşam  başa çatacaq. 

Qeyd edək ki, Roma Papasının Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Roma Papası Fransiskin Azərbaycana səfəri Qafqaza ikinci apostol səfəri çərçivəsində baş tutur. Bundan əvvəl Fransisk Gürcüstanda iki günlük səfərdə olub. Roma Papası bu ilin iyununda İrəvana səfər etmişdi.   

““Hamımız qardaşıq” şüarı “Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin “bütün insanlar vahid ailənin bir hissəsi olaraq, qardaşlığa və dostluğa çağırılır”  təlimindən ilhamlanıb”, – deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, planlaşdırılan səfər Roma Papasının sayca 16-cı xarici səfəridir. 






Fikirlər