“Qəddafinin sirli otağına heç kəs buraxılmırdı” SƏFİRDƏN ŞOK ETİRAFLAR

Sabiq Liviya lideri Muəmmar Qəddafi zamanında Türkiyənin oradakı səfiri olan Uluç Özülker yerli mətbuata müsahibəsində  bir çox maraqlı məqamlara toxunub.

Keçmiş səfirin müsahibəsində Qəddafi ilə bərabər, onun idarə etdiyi Liviyanın gerçək üzünü də görmək mümkündür

Moderator.az U. Özülkerin müsahibəsindən bəzi maraqlı detalları təqdim edir:
“Qəddafi ilə görüşmək mümkün deyildi. Başqa dövlətlərin səfirləri ilə də ünsiyyətdə olmurdu. Məsələn, Fransa, Almaniya kimi nəhəng ölkələrin səfirlərini heç zaman qəbul etmədi. Yalnız Misir səfiri ilə tez-tez görüşərdi. Misir səfirinin daha çox hərbi rejimə məxsus insan olduğunu nəzərə alsaq, bu təbii hal idi. Ondan sonra isə ən çox mən Qəddafi ilə görüşdüm”. 
Sabiq səfir Qəddafinin onu qəbul etdiyi hərbi istehkamdakı sirli otağından da danışıb. Bu otaq yalnız az qisim insanın ola biləcəyi rəsmi qəbul otağı idi:
“Onunla beş dəfə görüşdüm. Bir axşam qəfildən məni çox az adamı dəvət edəcəyi hərbi istehkama çağırdı. O, dövlətlə bağlı qərarlarını bəzən burada müzakirə edirdi.  Ümumiyyətlə, Qəddafi xalqın arasında çıxmağa qorxardı. Hər zaman “məni vuracaqlar” deyə düşünürdü. O səbəbdən də vacib qərarları çox güclü mühafizə edilən qərargahda qəbul edirdi. İçəri girərkən bərk qorxdum. 
Qərargahın həyətindəki tankların lüləsi və pulemyotlar nəhəng darvazaya tərəf yönəlmişdi. Onların arasında iqamətgaha keçdik. Xeyli gedəndən sonra qarşımıza dəmir qapı açıldı. Qəddafinin olduğu sirli otaq bu nəhəng qapının qoruduğu dəhlizdə idi. Bomba da atsa idilər o qapı dağılmazdı. Bu cür yerdə rəsmi görüşlərini keçirirdi”. 
Səfir daha sonra həmin gizli otaqda Qəddafi ilə söhbətini xatırlayır:
“Bizim görüşümüz bir neçə dəqiqə sürməli idi. Amma mən ona sula verdim: Madam ki, Türkiyəyə bu qədər hörmətiniz var, Turqut Özaldan bu qədər çox söz edirsiniz, bəs o zaman niyə PKK-nı dəstəkləyirsiniz?
O, “mənim “Yaşıl kitab”ımda belə yazılıb” deyərək,  qısaca cavab verdi. Daha sonra ayağa qalxıb mənə yaxınlaşdı, “şükran” deyib əlimi sıxdı. Bu artıq sağollaşmaq demək idi. Amma o məqamda çox cəsarətləndim. Qəddafiyə dedim ki, sizin bəzi fikirlərinizlə razılaşmıram, icazə verin, daha bir neçə sual verim. Həmən yerinə geri döndü. Beləcə, biz bir saatdan çox söhbət etdik. Mənə söz verdi ki, nə qədər ki, Tansu Çillər Türkiyənin baş naziridir, mən PKK-ya dəstək verməyəcəyəm”.






Fikirlər