Rəsulzadənin məzarüstü abidəsi bərbad günə düşüb – AÇIQLAMA

 

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Ankarada Cəbəci Asri məzarlığındakı qəbirüstü abidəsi baxımsız vəziyyətə düşüb. Məzarın üst qismindəki dairəvi bayrağın belə rəngi pozulub. 

Bu haqda Moderator.az saytına məzarı ziyarət edən araşdırmaçı yazar Dilqəm Əhməd məlumat verib.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, orada dəfn olunub.
1992-ci ilədək Sovet İmperiyasının mövcudluğu, Azərbaycanla Türkiyə arasında gediş-gəlişin olmaması Rəsulzadənin məzarını ziyarət etməyə imkan vermirdi. Ancaq sovetlər dağılandan sonra Azərbaycanla Türkiyə arasında əlaqələr bərpa olundu, Azərbaycandan M.Ə.Rəsulzadənin məzarını ziyarətə gedənlər çoxaldı. 1999-cu ildə isə məzarının üstü yeniləndi.   
2008-ci ildə isə məzarın üzərində qəbirüstü abidə tikildi. İndi Məhəmməd Əmin Rəsulzadənin məzarında yenidən təmirə ehtiyac yaranıb. D.Əhməd bildirib ki, Türk Xalqları Konseyinin başqanı Mahmut Oral məzarı təmir etməyə hazır olduqlarını deyib.
Moderator.az saytı məsələ ilə bağlı ulu öndərin nəvəsi Rəis Rəsulzadə ilə də danışıb.
Rəis Rəsulzadə məzarı son dəfə 2008-ci ildə ziyarət etdiyini bildirib: “Mən məzarın durumu ilə bağlı ara-sıra məlumat alıram. Hazırda Bakıda olan Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu ilə də dünən görüşdük. O da məzara baş çəkdiyini bildirdi”. 
Məsələni araşdıracağını deyən Rəis Rəsulzadə məzarüstü abidənin təmirinə ciddi ehtiyac duyulyuğu təqdirdə, bu haqda əlaqədar şəxslərlə məsləhətləşmələr aparacağını qeyd edib. 






Fikirlər