19.06.2014.- Azərbaycanda “facebook” cinayəti niyə açılmır? - RƏYLƏR

19.06.2014.- Azərbaycanda “facebook” cinayəti niyə açılmır? - RƏYLƏRSon zamanlar Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı artıb. Sosial şəbəkələr həm də istifadəçilər üçün ciddi problemə çevrilib. Belə ki, tanınmış simaların, ictimaiyyət nümayəndələrinin hesabları hakerlər tərəfindən oğrulanaraq onların cəmiyyətdə nüfuzlarına xələl gətirmək məqsədilə istifadə olunur. Zərərçəkmiş insanlardan biri də tanınmış jurnalist, Aznews.az saytının baş redaktoru Elçin Zahiroğludur.

Ötən ilin may ayında onun “facebook” profili naməlum şəxs (lər) tərəfindən oğurlanıb. Jurnalistin adından tanınmış insanlara, vəzifəli şəxslərə, eyni zamanda qohumlarına, dostlarına qeyri-etik mesajlar, təxribata çağırış xarakterli yazılar, virus göndərilərək onların da parolları ələ keçirilir.

Baş redaktor deyir ki, məsələ ilə bağlı hüquq- mühafizə orqanlarına etdiyi müraciətlərə müsbət cavab verilməyib:

“Bununla bağlı Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinə rəsmi müraciət etmişəm. Ancaq indiyə qədər müsbət cavab olmayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib yardım göstərmələrini istəmişəm. Bir köməklik olayıb. Hamı Daxili İşlər Nazirliyinə yönləndirir. DİN-də bununla bağlı xüsusi şöbə var. Mənim müraciətimdən sonrə həmin şöbənin əməkdaşı mənə zəng edərək profilimi oğurlayan şəxsin başqa ölkədə olduğunu, bu səbəbdən onu məsuliyyətə cəlb edə bilmədiklərini dedi. Mən də cavabımda bildirdim ki, siz işin əsas hissəni görmüsünüz, şəxsin kimliyini bilirsiniz. Son olaraq heç bir nəticə olmadı. Hadisənin də qurbanları günbəgün artır. Cinayətkar məsuliyyətə cəlb olunmamasından arxayın olaraq, çox rahat şəkildə hər gün fəaliyyətini daha da genişləndirir, ayrı-ayrı şəxslərin profillərini oğurlayır”.

Media- ekspert, hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı bildirib ki, texniki təqib metodlarından yararlanıb profili oğurlayan şəxsin kimliyinin dəqiqləşdirilməsi üçün məhkəməyə müraciət edilməsi daha məqsədəuyğundur:

“Hər bir vətəndaşın şəxsi hüquqlarının, şərəf və ləyaqətinin qorunması, konstitusyon olaraq, dövlətin vəzifəsidir. Elçin Zahiroğlunun şikayətlərinə baxılmaması düzgün deyil. Müəyyən qurumların həmin şəxsin kimliyini müəyyən etməsi üçün məhkəməyə müraciət olunmalıdır. Profildən informasiya yayan şəxsin İP adresini müəyyən edərək, onun haradan internetə daxil olmasının dəqiqləşdirilməsi, şəxsin kimliyini öyrənib məsuliyyətə cəlb edilməsi məsələsi qaldırıla bilər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaranan yeni qurum dövlət strukturlarının və vətəndaşların hüquqlarının müdaifəsi üçün nəzərdə tutulub. Əgər onlar öz imkanları ilə bunu edə bilmirlərsə, bu məsələdə, konkret olaraq, hüquq- mühafizə orqanlarının vasitəsi ilə texniki təqib metodlarından istifadə oluna bilər. Texniki baxımdan şəxsin müəyyən edilməsi çətin məsələ deyil”.

"Multimedia" İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə saytımıza açıqlamasında qeyd edib ki, profili oğurlayan şəxsin kimliyini müəyyən etmək üçün hüquq- mühafizə orqanları zərərçəkənin şikayəti əsasında araşdırma aparmaq, müəyyən məlumatları əldə etmək üçün həmin sosial şəbəkənin administrasiyası ilə əlaqə saxlamalıdır:
“Məsələnin birinci tərəfi isə hesabı oğurlanan şəxsin şəbəkə administrasiyası ilə əlaqə yaratmasıdır. “facebook”da bunun üçün imkanlar var. İkinci yol isə hüquq- mühafizə orqanlarının məsələ ilə bağlı araşdırmasıdır”.
Ekspert bunun təkcə Azərbaycana məxsus problem olmadığını deyir:
“Bu, təkcə Azərbaycana məxsus problem deyil. Dünyada bununla bağlı çoxsaylı məhkəmə çəkişmələri var. Sosial şəbəkə rəhbərərinin bəzi ölkələrə münasibətində ikili standartlar mövcuddur. Amerika və ya Almaniya höküməti onlara müraciət edəndə məsələni araşdırırlar. Amma Azərbaycan və digər ölkələrin müraciətlərinə reaksiya vermirlər”.






Fikirlər