Ayaz Mütəllibov professorun ittihamlarına CAVAB VERDİ

Ayaz Mütəllibov professorun ittihamlarına cavab verdi

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Bakı Dövlət Universitetinin (BDU) professoru, fizika-riyaziyyat elmləri doktoru Niftalı Qocayevin onun haqqında söylədiyi ittihamlara cavab verib.

A.Mütəllibov Publika.az-a açıqlamasında deyib ki, qərbi azərbaycanlıların köçürülməsi ilə bağlı Niftalı Qocayevin ittihamları tamamilə əsassızdır:

“Onun fikirləri tamamilə yanlışdı. Əksinə, mən qaçqınların problemləri ilə daim məşğul olurdum, onların məsələsini diqqətdə saxlayırdım. Mənim dövrümdə Ermənistandan deportasiya edilmiş insanlar üçün Xocalıda sürətlə evlər tikilməyə başladı. Bütün bunlar şəxsən mənim onlara göstərdiyim diqqətin nəticəsində baş verirdi. O dövrdə mən və komandam Qarabağa bütün köməyi edirdik. Ancaq bütün məsələlərin həllinə bizim imkanımız çatmırdı. 1990-cı illərin əvvəlində hər şey məhdud idi, biz gözlənilməz hadisələrlə üzləşdik. Ona görə də müəyyən çətinliklər yarandı”.

A.Mütəllibov ona qarşı bu cür ittihamları qınadığını söyləyib:

“İndi durub mənə qarşı bu cür böhtançılıq etmək doğru deyil. Ümumiyyətlə, bəzilərimiz buna adət etmişik. Özümüzü kənara qoyub, hansısa günahları və ya hadisələri kiminsə boynuna yıxmağa çalışırıq. Bütün bunlar axı nə deməkdir? Mən Niftalı Qocayevi tanımıram. O, professor deyil, lap akademik olsun, ancaq düzünü danışmaq lazımdır. Axı o niyə yalan fikirlər söyləyir? Mən respublikaya rəhbərlik etdiyim dövrdə Ermənistandan deportasiya edilən insanlar üçün Xızıda, Xocalıda və digər rayonlarda qəsəbələr salınmışdı. Xocalıda saldığımız qəsəbələrdən sonra oranın əhalisi bir neçə dəfə artmışdı. Ermənistandan qovulan soydaşlarımızı bu ərzilərdə yerləşdirirdik. Məqsədimiz də o idi ki, Qarabağda yaşayan ermənilərdən sayca üstün olaq”.

Eks-prezident bütün bunlara görə erməni mediası tərəfindən hücumlara məruz qaldığını bildirib:

“Bütün bunlara görə erməni mediası mənə qarşı hər zaman hücum çəkib. Təsəvvür edin ki, məni atdığım addımlara görə ermənilər də, bir sıra azərbaycanlılar da tənqid edir. Anlamırlar ki, bütün bunları biz çox məhdud imkanlar çərçivəsində edirdik”.

A.Mütəllibov qeyd edib ki, Qərbi Azərbaycandan deportasiya edilənlərin Qarabağda yerləşdirilməməsi ilə bağlı ittihamların ona ünvanlanması düzgün deyil:

“Qərbi Azərbaycandan deportasiya edilənlərin Qarabağda nə üçün yerləşdirilməməsi ilə bağlı ittihamlar isə mənə ünvanlana bilməz. Bu məsələ mənim deyil, Kamran Bağırov və Əbdürrəhman Vəzirovun hakimiyyəti dövrlərinə aiddir. Mən 1990-cı ildən sonra bu məsələlərlə məşğul olmağa başlamışam. 1990-cı ilin yanvarına qədər ölkəyə Əbdürrəhman Vəzirov rəhbərlik edirdi. Mən isə təsərrüfat işləri ilə məşğul idim. Ona görə də mənim haqqımda bu cür mənfi obraz yaratmaq doğru deyil”.

Xatırladaq ki, professor Niftalı Qocayev Publika.az-a müsahibəsində Ermənistandan deportasiya edilən soydaşlarımızın Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov hakimiyyəti üzvləri tərəfindən təzyiqlərə məruz qaldığını bildirib:

“O dövrdə Qərbi Azərbaycandan olan soydaşlarımız bura deportasiya edilmişdi. Həmin insanları Azərbaycanda qarşılamaq və yer vermək lazım idi. Mən dəqiq deyə bilmərəm ki, bütün bunların arxasında konkret olaraq Ayaz Mütəllibov dayanırdı. Ancaq bir sözü dəqiq deyə bilərəm ki, həmin dövrdə qərbi azərbaycanlılara münasibət lazımı səviyyədə deyildi. Təbii ki, həmin vaxtı hakimiyyətdə Əbdürrəhman Vəzirov, daha sonra isə Ayaz Mütəllibov idi. Misal üçün o dövrdə Bakı şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışan Rüfət Ağayev vardı. Ayaz Mütəllibovun komandasının üzvü idi. O, qərbi azərbaycanlılara qarşı sərt mövqe tutmuşdu. Ancaq o zaman Azərbaycan Nazirlər Kabinetinin sədr müavini, rəhmətlik Zülfü Hacıyevin bizlərə çox böyük köməyi oldu.

Bundan başqa, rəhmətlik Ziya Bünyadovun da qərbi azərbaycanlılara ögey münasibəti var idi. Hətta, “yeraz” sözünü də ilk dəfə o işlətmişdi və insanlarda qıcıq yaradırdı. Sonra Ziya Bünyadov demişdi ki, Azərbaycandakı erməni ustaları getdi, bu ölkədə işlər necə olacaq? Sonra qaçqınlar bura gələndə, iqtidarda olan çox adam bu insanlara qarşı çıxırdı. Bütün bunlar çox ağır proses idi”.






Fikirlər