08.09.2014- “Bəlkə də Elmardan əvvəl ölmüşəm...” (Yenilənib)

08.09.2014- “Bəlkə də Elmardan əvvəl ölmüşəm...” (Yenilənib)2014-cü il sentyabrın 8-də vəfat etmiş Sabir Hüseynovun oğlu – 2005-ci il martın 2-də öldürülmüş jurnalist Elmar Hüseynov haqqında “Media forum” saytına dediklərindən seçmələri oxucuların diqqətinə təqdim edirik.

29 dekabr 2008-ci il:

- Mənim üçün hər şeyin başlanğıcı və sonu olan yalnız bir tarix var – 2005-ci il martın 2-si. Mən günləri martın 2-dən, Elmar öldürülən gündən sayıram. Hər şeyi, Elmarın yadigarı olan nəvəm Aslanın böyüməsini, yaşının artmasını da o gündən hesablayıram.

2005-ci ilin 2 mart gecəsi baş prokuror Zakir Qaralovla daxili işlər naziri Ramil Usubov bizim qapıda idilər. Söz verdilər ki, iki həftəyə qatili tapacağıq. Dedilər tapmasaq, bizi işdən azad edəcəklər... İki həftə dörd həftə oldu, dörd həftə dörd ay, indi də dörd il olacaq. Nə Elmarın qatili tapılıb, nə kimsə işini itirib.

Hər dəfə deyirlər ki, MTN-in əməkdaşları Gürcüstana gedib qatilləri bura gətirə bilmirlər. Başa düşə bilmirəm ki, onları necə gətirə bilmirlər... Elə bil düşmən ölüb, düşmən öldürülüb, heç kəsin heç nə vecinə deyil... Elmarın qatilini tapmaqla məşğul olan yoxdur. Ya da bu işlə məşğul olmağa qoymurlar. Dövlət, hakimiyyət xalq üçündür, xalqın qayğısına qalmalıdır. Əgər belə bir hadisə baş veribsə, bir oğul, bir jurnalist qətlə yetirilibsə, dövlətin, hakimiyyətin borcudur ki, qatili üzə çıxarsın, onu cəzalandırsın. Kim öz işinin öhdəsindən gəlmirsə, onu vəzifəsindən azad etmək lazımdır.

Elmarın xalq içində hörməti məni yaşadır. Şəhərdə tanımadığım adamlar mənə yaxınlaşır, mənə təskinlik verir, Elmarın əsl kişi, gözəl jurnalist olduğunu deyirlər. Dörd ildir oğul dərdi çəkirəm, tək ümidim Aslandır – böyüsün, atasının yerini tutsun.

Bu dörd ildə hər cümə axşamı günü ailəvi Elmarın qəbrini ziyarətə gedirik. Yanvarın 1-i də cümə axşamıdır, qəbir üstə gedəcəyik. Bu illər ərzində cəmi bir dəfə – qardaşım oğlu rəhmətə gedəndə ziyarətinə çatdırmamışdım. Cümə günü getdim onda...


23 fevral 2010-cu il:

- Mən artıq əlimi üzmüşəm, heç nəyə ümidim qalmayıb. Nə qədər gözləmək olar? Nə qədər ümid edib gözləmək olar?! Yaxşı yadımdadır, qətl günü, elə binanın həyətindəcə daxili işlər naziri və baş prokuror söz verdilər ki, qətlin üstü iki həftəyə açılacaq. Beş il keçir. Gör bu beş il içərisində neçə dənə iki həftələr var?! Əgər bir şeyi yerinə yetirəcəksənsə, söz ver, yerinə yetirə bilməyəcəksənsə, nəyə ümid verirsən? Onsuz da hamı bilir ki, Elmarla bağlı nə olub.

16 iyul 2010-cu il:

- Dövlət orqanlarına nə qədər müraciət etmək olar? Daha yorulmuşam. Səhhətimdə də ciddi problemlər var. Həm də artıq bezmişəm. Özümdən asılı olmadan kənara çəkilmişəm. O müraciətlərin heç bir nəticəsi yoxdur, heç kimə təsir etmir.

Elmar, demək olar, hər gecə yuxuma girir, ancaq əlimdən heç nə gəlmir... Onsuz da mən həyatda yoxam. Bəlkə də Elmardan əvvəl ölmüşəm. Günlərimi sayıram. Getdiyim yerdə başım gicəllənir, yıxılıram. Ev telefonunu yazıb cibimə qoymuşam ki, birdən yıxılıb küçədə qalsam, evə məlumat versinlər.


28 fevral 2011-ci il:

- Elmar üçün çəkdiyim əziyyətdən yorulmuram, bəlkə də məni hələ yaşadan budur.

8 iyul 2011-ci il:

- Qatilin tapılması, istintaqın gedişi barədə danışmaq artıqdır, sual da verməyinizi istəmirəm. Həqiqət əvvəl-axır açılacaq, amma yəqin o günü görmək mənə qismət olmayacaq. Mən o günə Elmarın yanından şahidlik eləyəcəm. Bunu fikirləşəndə keçirdiyim hisslər... Çox qəribə olmuşam, zamana niyə birmənalı tərif verilə bilmədiyini başa düşmüşəm. Zaman hər şeyi yerinə qoyur. Allah qalanların köməyi olsun, amma zaman bir məni ortalıqda qoyub. Gözləyirəm məni də biryönlük eləsin. Bəzən heç özümü tanıya bilmirəm. Elmar da yuxuma girmir, yuxuda elə anasının gileyi olur qulağımda.

Bizim nəsildə ümumiyyətlə kişilər çox yaşayır. Həmişə Elmara deyirdim, oğulbala, sənə bir iş yaxşıdır ki, bizim kişilər çox yaşayır, sən də, qardaşın da, mən də çox yaşayacağıq. Atam, əmim, babam 90-95 yaşlarında rəhmətə gediblər. Rahat həyatları da olmayıb ki, deyim dərdsizlik onları çox yaşadıb. Atam Sibirdə sürgündə qalıb, həyatı çox kəşməkəşli olub, amma 92 yaşında dünyadan köçdü. Əmim oğlu Raufun indi 96 yaşı var, cavan oğlana oxşayır. Yaxşı yadıma düşdü. Bir əmim oğlu da Moskvada var, üç qızı var idi, ortancılını Elmara vermək istəyirdik, Elmar da almadı. Elmar qətiyyən imkan vermirdi onun həyatına qarışasan. Özü qərar verirdi, nə illah eləsən fikrindən dönməzdi. Nə isə...

Elə bil Elmarın ürəyinə dammışdı, kimsə ona demişdi ki, sən çox yaşamayacaqsan. Mən həmişə “biz uzunömürlüyük” deyəndə “kişi, sən mənə hər dəfə bu sözü deyirsən, amma mən bilirəm çox yaşayan deyiləm” deyirdi. Həqiqətən də Elmar çox yaşamadı. Balam heç yaşamadı...

Hər cümə axşamı Elmarın qəbri üstə gedirəm. Bəzək-düzəkli söz də danışmaq istəmirəm, dediklərim ürəyimdəkilərin, ağlımdakıların cüzi hissəsi də deyil. Çalışıram yaşayım ki, ömrü başa vura bilim. Həyatdır, nə etmək olar. Balanın valideyndən qabaq getdiyi də olur...


28 fevral 2012-ci il:

- İllərə nə var... Güllə kimi gəlib keçir... Elə bil Elmar dünən öldürülüb. Amma yeddi il ötür. Açılmadı qətlin üstü. Mənə dedilər ki, iki aya açacağıq, amma açmadılar. Nə edim? Özünü öldürməklə nəsə olacaqmı? Bunun da xeyri olmayacaq, bilirəm.

Bir aydan çox olar Elmarın qəbrini ziyarət edə bilmirəm. Artıq 80-ni haqlamışam, havalar da pis keçdi, imkan olmadı getməyə. Amma bu günlərdə nə olur-olsun getməliyəm, ölsəm belə, gedəcəm qəbir üstünə. Bu dərddən sonra tez qocaldım. Biz tərəflərin kişiləri uzun ömür yaşayır. Atam, əmim mən yaşda olanda çox gümrah idilər, amma Elmar dərdi belimi bükdü.


28 iyun 2012-ci il:

- Heç bir yenilik yoxdur. Mənə heç nə demirlər. Çox çalışdım, get-gələ düşdüm, danışdım, ora-bura qaçdım, heç kəsdən ağıllı-başlı cavab ala bilmədim – hərə bir tərəfə dartdı, hərə bir söz dedi, bu gün-sabah deyə-deyə 7 ili yola verdilər, indi isə nə xəbər alan var, nə də soruşan...

Daha heç yerə getmirəm. Ağır hadisə oldu, atayam, birtəhər dözdüm, dözürəm də. Çox əziyyət çəkdim, birdən-birə qocaldım.

İtirdim uşağımı, qəbir üstünə gedirəm, təskinlik tapıram. Bu yaşda niyə yaşayıram, ölməli idim, ölmədim. Niyə qaldım ki?

7 ildir hər həftə ziyarətinə gedirəm. Xiyabanda məni tanıyırlar. Elmarın qəbrinə nəzarət edirlər. Təmizləyirlər. Uşaqlarımla da gedəndə oğlumun qəbrinin hər tərəfini qaydaya salırıq, oraya baxan işçinin pulunu veririk, qayıdırıq. Başqa gedib-gələsi yerim yoxdur. Gedəcəyim bir yer var, o da Elmarın qəbridir.

Ölkə rəhbərliyi mənə söz verdi, bir ay, ay yarım vaxt istədi, hər şeyi özüm təşkil edəcəm dedi. Bu günə qədər xəbər yoxdur. Başıma bu oyun gəldi. Bunu heç kimə bağışlamayacam, heç kimə.


8 yanvar 2013-cü il:

- Əvvəllər bir az yazıb-pozdular, bitdi. Bu işlə heç kim məşğul olmur. 2013-cü ildə də istintaqdan heç bir şey gözləmirəm. Ona görə ki, istintaq bu işlə məşğul olmur. Ola bilər, gələcəkdə məşğul olsunlar. Amma hələ ki, mümkün deyil. Heç gözləmirəm də. Heç kim öz əməlini açıb deməz. Hər şeyin vaxtı var.

11 sentyabr 2013-cü il:

- Qətlin istintaqında yeni heç nə yoxdur. Maraqlanan da yoxdur. İşi ört-basdır etdilər. Vaxtında çox yerə get-gəl elədim. Axırda gördüm boş-boşuna gedib-gəlməyin mənası yoxdur.

Deyirlər guya qatillər Gürcüstandan gəlib Elmarı öldürüblər. Bunların hamısı nağıldır. Bu işdə hakimiyyətin rolu var. Elmarın qətlini Azərbaycanda təşkil ediblər.

Cinayətin üstündən 8 ildən çox keçib. Vaxt gələcək, bu iş hökmən aydınlaşacaq. Allahdan bir arzum var ki, mənə cinayətin üstü açılana qədər ömür versin. Ölümdən qorxmuram. Elmardan sonra nə qorxu?

Elmar universiteti bitirəndən sonra 4 il Rusiyada işlədi. Azərbaycana gəlmək istəmirdi. Günah məndə oldu ki, onun Azərbaycana gəlməsini istədim. Orada zavod direktoru işləyirdi, normal yaşayışı da var idi. Böyük səhv etdim.


16 dekabr 2013-cü il:

- Nə istintaq? Elmarın nə istintaqı ola bilər? Mən daha heç nə gözləmirəm istintaqdan. Bir onunla təsəlli tapıram ki, Elmar cəmiyyətin yadından çıxmır. Elmarın məzarının yanında özümə yer götürmüşəm. Vaxt çatan kimi oğlumun yanına gedəcəm.

13 iyun 2014-cü il:

- Elmarın qətlinin üstü açılmadı. Dərinə getməyin mənası yoxdur, onu öldürənləri də tapmadılar, sifarişçiləri də, Elmarın qanı batdı getdi. O uşağı əlimdən aldılar.

İndi nə ümidim olacaq?! Elmar qəbiristanlıqdadır. Hadisə baş verəndən sonra çox ora-bura getdim. Gördüm ki, heç nəyin xeyri yoxdur. Görünür, baş qoşmaq istəmirlər. Söz vermişdilər qətlin üstü açılacaq, amma bu gün sabah deyə-deyə 10 ilə yaxın vaxt ötür.


* * *16:17

"Monitor" jurnalın baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov vəfat edib.

Lent.az saytının xəbərinə görə, bu barədə facebook sosial şəbəkəsində məlumat yayılıb. O da bildirilir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında oğlu E.Hüseynovun yanında dəfn olunacaq.






Fikirlər