Sabah güclü şimal-qərb küləyi ƏSƏCƏK

Related image

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 18-23, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-80, gündüz 60-70 faiz təşkil edəcək. 

 Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 Tibbi-meteoroloji proqnoz

Mayın 11-12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

AzerTaym.az






Fikirlər