“RƏHİM Qazıyevi ifşa etmişdinizsə, bəs nə üçün məsuliyyətə CƏLB ETMƏDİNİZ?”

“Rəhim Qazıyevi ifşa etmişdinizsə, bəs nə üçün məsuliyyətə cəlb etmədiniz?” — Etibar Məmmədovdan AÇIQLAMA

“Sabiq müdafiə naziri Rəhim Qazıyevlə və AXC-Müsavat funksionerləri arasında yaranmış gərginliyə müdaxilə etmək istəmirəm. Onların bir-birləri haqqında səsləndirdikləri fikirlərə şərh verməyim doğru deyil”.

Bunu “Ölkə.Az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov bildirib. 

E.Məmmədov deyib ki, Rəhim Qazıyev, Əbülfəz Elçibəy, Sülhəddin Əkbər, Arif Hacılı, İsa Qəmbər və digərləri eyni komandanın üzvləri olublar:

“Ona görə də onların bir-birləri barəsində səsləndirdiyi ittihamlara şərh vermək istəmirəm. Sülhəddin Əkbərə də sual vermək olar ki, əgər siz Rəhim Qazıyevi Milli Məclisin qapalı iclası zamanı ifşa etmişdinizsə, bəs nə üçün məsuliyyətə cəlb etmədiniz? Məntiq də bunu deyir. İndi 25 ildən sonra gülməli şeylər danışırlar. Ümumiyyətlə, mən onların arasında olan söhbətlərə qarışmıram. Onlar 25 ildən sonra bir-biri haqqında nəsə deyirsə, buna mən nə üçün şərh verməliyəm?”.

E.Məmmədov AXC-Müsavat hakimiyyəti dövründə müxalifətdə təmsil olunduğunu söyləyib:

“Həmin vaxt mən o komandada olmamışam, onlara müxalifət olmuşam. Ona görə də onlar mənim haqqımda nəsə deyə və ya nəsə demək istəyə bilməzlər”. 

Xatırladaq ki, Rəhim Qazıyev “Ölkə.Az”-a müsahibəsində mərhum Əbülfəz Elçibəy, Sülhəddin Əkbər, İsa Qəmbər, Arif Hacılı, Aqil Səmədbəyli və digər şəxslər barədə ittihamlar səsləndirib.






Fikirlər