Əvəz Zeynallının səhhəti pisləşib

Əvəz Zeynallının səhhəti pisləşibMəhbus jurnalist Əvəz Zeynallının səhhəti pisləşib.

Bunu “Media forum” saytına onun xanımı Məlahət Zeynalova bildirib.


Məlahət Zeynalova qeyd edib ki, həyat yoldaşının hələ tutulandan qabaq səhhətində problemlər olub: “O, çətin nəfəs alır. Buna görə də 2009-cu və 2010-cu illərdə iki dəfə burnundan əməliyyat olunub. Amma həmin əməliyyatlar uğursuz keçib, nəticədə Əvəzin nəfəs almasında problemlər həllini tapmayıb. Həbsindən sonra dəfələrlə Əvəzin müalicəsinə şərait yaradılması üçün müraciət etmişik. Bakı İstintaq Təcridxanasında saxlananda “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev onunla görüşmüş, təcridxana rəhbərinə müraciət edib Əvəzin müayinə olunmasını istəmişdi. Bundan sonra Əvəz müayinə olundu və bir müddət müalicə aldı.
Lakin onun nəfəsalmasında problemlər qalır. Əvəzin üçüncü əməliyyata ehtiyacı var. Düzü, onun penitensiar müəssisədə əməliyyat olunmasına da razı deyilik. O cür şəraitdə problemi əsaslı şəkildə aradan qaldırmaq mümkün deyil. Nəfəs ala bilmir, beyninə kifayət qədər oksigen getmir, ürək döyüntüləri artıb, qıcolmaları var. Bu problemlər gecələr özünü daha ciddi büruzə verir. Bütün bunlar onun əsəb-sinir sisteminə də mənfi təsir göstərir. Artıq neçə ildir Əvəz bu vəziyyətdədir. Nə edəcəyimizi bilmirik”.


Hazırda nəşrini dayandırmış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Əvəz Zeynallı Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.






Fikirlər