5 milyon manatlıq QALMAQAL: "Cinayətləri Arif Əsgərovun OĞLU TÖRƏDİB"

Sabiq nazir müavini Arif Əsgərovun baldızı oğlu və hazırda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə zərərçəkmiş şəxslərə 5 milyon manata yaxın pul ödənilməsi ilə bağlı məlumatlar verilib.

Emil Hüseynovun valideynləri Lətifə Hüseynova, İsmayıl Qaraoğlu Lent.az-a müraciət edərək həmin pulun onlar tərəfindən ödənilmədiyini qeyd ediblər: “Biz Tovuz rayonunun Qovlar şəhərində yaşayırıq. Kənd təsərrüfatı ilə məşğuluq. Bizim həyatımız boyu o boyda pulumuz olmayıb. Həmin pulları zərərçəkmişlərə Arif Əsgərovun oğlu Elnar ödəyib”.

Valideynlər qeyd edib ki, onların hər iki oğlu Elnar Əsgərova görə cinayət məsuliyyətinə cəlb ediliblər: “Bütün cinayətləri Elnar törədib. Camaatın pullarını da məhz o mənimsəyib. Mənim iki oğlumu qabağa verib, özü bu cinayətdən yayınır.  Məhkəmədə də Elnar  zərərçəkən Qoşqara obyekt, bağ verib, o da gətirib ərizə verib ki, zərər ödənilib. Elnar özünü təmizə çıxardır”.

Qeyd edək ki, Elnar Əsgərov bu iş üzrə əsas şahiddir. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Emil Hüseynovun özü də E.Əsgərovu ittiham edirlər. Çünki alınan pulların Elnar Əsgərova çatdığı bildirilir. Emil Hüseynov isə məhkəmədə deyib ki, sadəcə E.Əsgərovun işlərini görüb.

Bildirək ki, ittihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

E.Hüseynov hazırda ev dustaqlığındadır. Onun barəsində olan həbs qətimkan tədbiri bir müddət əvvəl dəyişdirilib və o azadlığa çıxıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnterpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Onu da qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu yəni Emil Hüseynovun qardaşı Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə nəqliyyat nazirinin müavini təyin edilib.

 






Fikirlər