İRƏVANIN son seçimi, BAKININ avantajı, AĞ EVİN planı...
“Yeni Müsavat” 2018-ci il başlar-başlanmaz Ermənistanda gündəlik tələbat mallarının, benzinin və maye yanacağın bahalaşması haqda məlumat vermişdi. Yeni bahalaşma dalğası ilə bağlı İrəvanda kütləvi etirazlar da baş qaldırdı. Ancaq belə görünür, kasıb əhalinin güzəranı iqtidardakı kriminal “Qarabağ klanını” - Sərkisyan rejimini az maraqlandırır. Odur ki, əmək qabiliyyətli əhali çıxış yolunu yenə ölkədən getməyə güc verməkdə gördü. Son məlumatlara görə, yanvardan Ermənistandan kütləvi köç bir az da güclənib. Ancaq böyüyən təkcə köç deyil. Məsələn, “Yeni Musavat” xəbər verir ki, Belarusun BelaPAN İnformasiya Agentliyinin məlumatına görə, 2018-ci ilin yanvarında ən çox inflyasiya getmiş postsovet ölkələrinin birinci üçlüyü Ermənistan (2.7%), Özbəkistan (2.7%) və Ukrayna olub (1.5%). Belarus 0.8%-lə 4-cü yeri tutub. Müqayisə üçün: bu rəqəm Qazaxıstan, Gürcüstan və Qırğızıstanda 0,6%, Moldova, Tacikistan və Estoniyada (0.4%), Litva və Rusiyada 0.3% olub. Azərbaycan və Latviyada isə inflyasiya olmayıb. Necə deyərlər, statistik rəqəmlər də öz-özlüyünə az şey demir və öncəliklə də Ermənistandakı ağır daxili iqtisadi-duruma yaxşı dəlalət edir. ***** İşğalçı ölkədə son günlər yaşanan başqa bir narahatlıq Rusiyadan güclü siyasi, hərbi asılılıqda olan bu kvazi-dövlətin “milli təhlükəszliyi”nə yaranan yeni təhlükə ilə bağlıdır. Söhbət ABŞ hökumətinin silah ticarəti ilə bağlı Moskva əleyhinə qəbul elədiyi və getdikcə daha da sərtləşdirməyə hazırlaşdığı sanksiyalardan gedir.
İrəvanda ciddi şəkildə təlaş keçirməyə başlayıblar ki, bu sanksiyalar onu ABŞ-Rusiya seçimi qarşısında qoya bilər. Xəbər verdiyimiz kimi, artıq Amerikanın İrəvandakı səfirliyi Ermənistan hökumətinin də yeni sanksiyaların təsiri altına düşəcəyi barədə xəbərdar edib ki, bu da düşmən ölkədə əndişəni əməlli-başlı artırıb. Yerli və əcnəbi ekspertlərin bu yöndə şərh və proqnozları davam edir və onlar heç də işğalçı ölkənin nəfinə deyil. “Yeni Müsavat”ın məlumatına görə, Lragir.am erməni nəşri bu xüsusda yazıb: “1994-cü ildən Dağlıq Qarabağda status-kvo ABŞ və Avropanın Rusiyaya silah satışı ilə bağlı verdiyi kart-blanş əsasında qurulur. Bu kart-blanş da təbii ki, Rusiyanın siyasi üstünlüyünə gətirib çıxarıb və o, lazımi anda regionda vəziyyəti gərginləşdirir, lazımi anda isə zorakılığı dayandırır. Bu kart-blanş həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin əsasında durur - Rusiya həm Azərbaycanı, həm də Ermənistanı silahla təchiz eləməklə ”vasitəçilik" edir. Ancaq artıq Amerikanın sanksiya hədəsi bu kart-blanşı Rusiyadan almağa və onu situasiyanın şəriksiz sahibi olmaqdan məhrum etməyə yönəlib. Bu, yəqin ki, həm də ABŞ-ın bölgədə öz mövcudluğunu artırmağa hesablanıb. Yəni münaqişə tərəflərinə Rusiya silahını almamaqla bağlı xəbərdarlıqla Vaşinqton regionda situasiyanı dəyişməyə cəhd edir. Bəs ABŞ özü bölgəyə silah göndərəcəkmi? Yoxsa əksinə, bununla o, regionu hərbsizləşdirmək və prosesləri hüquqi axara salmaq istəyir?"
Məqalədə daha sonra deyilir: “Bir şey aydındır ki, Amerikanın sanksiya hədəsi regionda artıq təzə anlaşmalar tələb edən yeni vəziyyət yaradıb. Əgər sanksiya hədəsi həqiqətən də böyükdürsə, o zaman erməni-rus əməkdaşlığının davamı üçün yeni yollar tapılmalıdır. Azərbaycan şübhəsiz ki, silah almaq üçün başqa mənbələr də tapa bilər. Ermənistan isə bu və ya başqa şəkildə bu sanksiyalarla və 25 illik status-kvonun dəyişməsi ilə hesablaşmalı olacaq”. ***** Öz növbəsində rusiyalı politoloq Aleksandr Sakakov hesab edir ki, Rusiya-Ermənistan və Rusiya-Azərbaycan əlaqələrinin ABŞ-a hələ ki ciddi dəxli yoxdur və Amerika sanksiyaları ən azı, indiki mərhələdə Moskvanın Bakı və İrəvanla hərbi əməkdaşlığı üçün təhlükə yaratmır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am portalına açıqlamasında söyləyib.
“Bundan sonra nə olacaq - biz bilmirik. Amma bu an üçün mən Rusiya-Ermənistan əlaqələrinə təhlükə görmürəm. Bununla belə, Amerika sanksiyaları Ermənistan və Azərbaycan kimi ölkələrə münasibətdə rıçaq rolu oynayacaq. Yəni əgər amerikanlar Ermənistana təzyiq eləmək istəsələr, onu sanksiyaya məruz qoya bilərlər. Eləcə də Azərbaycan”, - deyə o qeyd edib. Politoloqun sözlərinə görə, əgər ABŞ Qarabağ münaqişəsi iştirakçılarına silah göndərilməsinə təsir eləməyə çalışsa, o zaman bu, avtomatik şəkildə nizamlama prosesinə Amerika təsirinin güclənməsinə gətirəcək. “Yəni əgər Tramp administrasiyasının Rusiya-Ermənistan və Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığına təsir göstərmək planı varsa, o zaman məntiqlə onun Qarabağ konfliktinin nizamlanmasına dair hansısa planı da olmalıdır. Belə uzunmüddətli strategiyalar Amerika siyasəti üçün çox xarakterikdir. Amma konkret halda hələlik bundan danışmağa əsas görünmür”,- deyə o qeyd edib. Bütün hallarda rusiyalı politoloq əmindir ki, Ermənistan hətta ABŞ sanksiyalarının hədəsi altında da Rusiya silahından imtina etməyəcək. “Nədən ki, Moskva silahı İrəvana çox aşağı qiymətlərə satır və Ermənistanın bu silahları digər ölkələrdən almaq üçün alternativ imkanları yoxdur” - Skakov sonda əlavə edib. ***** Qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyaları ilk növbədə işğalçı Ermənistanı qəliz seçimlə üz-üzə qoyacaq. Ola bilsin bu, işğalçının elə son kritik seçimi olsun. Azərbaycan üçün isə seçimdən daha çox, üstünlük, avantaj yaranacağını, yeni manevr imkanlarının açılacağını proqnoz eləmək olar... Regionda Rusiyanın şəriksiz dominantlığı başa çatır? ABŞ status-kvonu dəyişir – kritik gözlənti; ekspertlərdən maraqlı şərh, etiraf və proqnozlar...