NAZİR “AQROLİZİNQ” ASC-yə tapşırıq verdi

Nazir “Aqrolizinq” ASC-yə tapşırıq verdi

Bu gün Kənd Təsərrüfatı Nazirliyində martın 26-da Bərdə rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrasına həsr olunmuş iclas keçirilib.  

“AzerTaym.az” xəbər verir ki, tədbirdə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Rayon Bitki Mühafizə şöbələrinin rəisləri iştirak edib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində ölkə başçısı tərəfindən kənd təsərrüfatı nazirliyinin qarşısına qoyulmuş tapşırıq və vəzifələr, son illərdə aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasət, Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar, keçirilmiş müşavirələr, qəbul olunmuş Dövlət Proqramları barədə danışaraq respublikamızda pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb.   

İclasda pambığın məhsuldarlığının elmi əsaslarla artırılması istiqamətində ciddi dönüş yaradılması, pambıq istehsalı ilə məşğul olan fermerlərin qeydiyyatının aparılması, torpaq sahələrinin koordinatlarının vurulması və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsinin təmin edilməsi, regionlarda vaxtaşırı seminar və müşavirələrin keçirilməsi, əkin yerlərinin düzgün seçilməsi, pambığın suvarılması üçün suvarma suyundan səmərəli istifadə olunması, aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, aidiyyəti xidmət sahələrinin işlərinin koordinasiya olunmuş şəkildə təşkil olunması, pestisidlərin düzgün  seçilməsi və istifadə qaydalarına düzgün əməl olunması, texniki xidmətin təşkilinin daha da artırılması, qısa müddətdə fermerlərin müvafiq texnikalarla təmin olunması və bu sahədə ciddi dönüş yaradılması, bütövlükdə pambıqçılıqla məşğul olan fermer və sahibkarların bütün ehtiyaclarının vaxtında və yerində ödənilməsi məsələləri geniş müzakirə olunub. 

İclasda pambıq istehsalında mövcud vəziyyət geniş müzakirə edilərək cari ildə pambıq səpininin mütəşəkkil həyata keçirilməsi və tələb olunan texnika və avadanlıqlarla vaxtında təmin olunması üçün “Aqrolizinq” ASC-yə, həmçinin pambıqçılıqda tətbiq olunan kimyəvi  preparatlardan vaxtında və düzgün istifadə olunması barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə və Nazirliyin məsul işçilərinə tapşırıq və tövsiyələr verilib.   

Sonda pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin pambıq səpininə hazırlığın mövcud vəziyyəti barədə məlumatları dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb. 






Fikirlər