Dünya İQTİSADİYYATI TƏHDİD altında: TİCARƏT MÜHARİBƏSİ genişlənir

İqtisadçı: “Hər iki dünya müharibəsinin başlama səbəbi poladla bağlı olub”

ABŞ Prezidenti Donald Tramp martın 8-də polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz rüsum tətbiq edilməsi barədə fərman imzalayıb.

Ağ Ev bu addımı daxili bazarı qorumaq məqsədilə atdığını açıqlasa da, əksər ölkələr tərəfindən bu, etirazla qarşılanıb və beynəlxalq ticarət müharibəsinin başlamasına yol açıb. Xüsusən də Trampın Çindən 50 milyard dollarlıq məhsul idxalı üçün gömrük vergisi tətbiq etməsi dünyanın iki ən güclü ölkəsi arasında ticarət müharibəsini şərtləndirən faktora çevrilib.

Bunun ardından dünya maliyyə bazarlarında ciddi  gərginlik yaranıb. Ticarət müharibəsi müxtəlif ölkələrin valyutalarına təsir göstərib.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Vüsalə Əhmədova  bildirdi ki, ticarət müharibəsində bütün tərəflərin itki ilə üzləşməsi qaçılmazdır: “Milli istehsal rəqabət qabiliyyətli olmadıqda, əsasən ixrac yönümlü istehsalı stimullaşdırmaq məqsədilə hökumətlərin proteksionist strategiya yürütmələri təbii qarşılana bilər. Ancaq günümüzdə iri dövlətlərin öz imperialist maraqlarından yola çıxaraq xarici ticarətdə proteksionizmə çox sıx müraciət etdiklərinin şahidi oluruq. Bu isə nəticədə ticari müharibələrə gətirib çıxarır. Əlbəttə bu cür ”müharibələrdə" bu gün atışma qeydə alınmır və qan tökülmür, ancaq bunlar olmadan da təhdidin mövcud olduğu bir gerçəkdir. Hələ 1992-ci ildə ABŞ və Çin bu cür müharibənin astanasında idi.

Vüsalə Əhmədova ile ilgili görsel sonucu

Çin Xalq Respublikası ABŞ-dan idxal olunan məhsullara yönəlik qoyduğu birbaşa qadağa, kvota və lisenziya formasında baryerləri ləğv etməkdən imtina etmiş və nəticədə ABŞ ilə ticarətdə əhəmiyyətli ölçüdə üstünlük əldə etməyə müvəffəq olmuşdu. ABŞ hökumət nümayəndələri isə gördülər ki, Çin tez bir zamanda beynəlxalq ticarət sistemində önəmli fiqura çevriləcək və bu həcmdə ticarətə malik olan ölkəyə öz qaydalarını diktə etməsinə imkan vermək olmaz. Əgər Çin ixracdan gəlir əldə etmək istəyirsə, eyni zamanda idxala da icazə verməlidir. Əks cavab olaraq, ABŞ hökuməti də müvafiq qaydada Çindən idxal olunan geniş çeşiddə əmtəələrə yüksək gömrük rüsumları tətbiq etməyə başladı. Eyni ilə deyə bilərəm ki, ucuz yapon avtomobillərinin ixracından dolayı ABŞ və Yaponiya da daima “ticari müharibənin” eşiyində durur. Yaponiya hökuməti ABŞ-ın, Yapon avtomobillərinin ABŞ-a ixracının qarşısını alacağı qorxusu ilə, Amerika mallarının idxalına qoyulan məhdudiyyətləri hər dəfə yumşaltmalı olur. “Ticari müharibələrin” təcrübəsi göstərir ki, burada uduzan hər iki tərəfdir və yaxşı olardı ki, ticari qarşıdurma “hərbi hərəkətin” başladılmasına qədər gedib çıxmasın."

İqtisadçının sözlərinə görə, son günlərdə Donald Trampın polad idxalı başda olmaqla, ölkəsinin yerli sənayesi üçün ticari proteksionizmin vacib olduğunu qeyd etməsi və bununla da Avropa Birliyi və Çin kimi dünya iqtisadi nəhənglərini hədəf alması “ticari müharibələrin” yenidən alovlandığını göstərir: “Bu çıxışın ardınca Sakit Okean Alyansı ölkələrinin Avstraliya, Kanada, Yeni Zelandiya və Sinqapurla birgə inteqrasiya prosesini sürətləndirmə yönündə qərar almaları da, bir növ Trampa qarşı blok yaradılması şəklində şərh oluna bilər. ABŞ, AB ölkələrinin çeşidli ticari maneələrlə ABŞ-ın önünü kəsdiklərini və ədalətli davranmadıqlarını iddia edir. AB ölkələri isə bunun qarşılığında polad və eləcə də, sənaye və kənd təsərrüfatı məhsullarına yönəlik ABŞ-a sərt cavab verəcəklərini qeyd edirlər”.

V.Əhmədova onu da diqqətə çatdırdı ki, daha öncə də hər iki dünya müharibəsinin başlama səbəbi məhz poladla bağlı olub: “Müstəmləkəçilik yarışı üzündən dəfələrlə toqquşan qərbin sənayeləşmiş ölkələri, nəticədə polad və müstəmləkəçilik sahəsində mücadiləyə son verilməsi məqsədilə 1951-ci ildə, daha sonra ”Avropa Birliyi" adlandırılacaq “Avropa Kömür və Polad İttifaqı”nı qurdular. Bundan əlavə onu da qeyd edim ki, “Dünya Ticarət Təşkilatı”nın yaradılmasında aparıcı mövqe tutan və onun hamisi olan ABŞ hazırda bu təşkilatın qaydalarını heç sayır. Görünən odur ki, transatlantik əlaqələr artıq qırılmaq üzərədir".

İqtisadçı hazırkı qarşıdurmanın dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi və artım tempini əhəmiyyətli dərəcədə yavaşadacağı istisna etmir: “Əgər gətirilən 25%-lik idxal rüsumları polad və alüminium ilə məhdudlaşacaqsa miqyasın daha kiçik olacağını söyləyə bilərik. Ancaq yüzlərlə və minlərlə əmtəəni əhatə edəcəksə nəticələr daha ciddi ola bilər. Hazırda ABŞ-ın polad idxalı ildə 21,7 milyon ton təşkil edir. ABŞ-a polad yarımfabrikat ixrac edən ölkələr arasında Kanada, Braziliya və Rusiya liderlik edirlər. Artıq bu ölkələr yeni bazarların axtarışına çıxacaq, məhsullarını digər ölkələrə yönləndirəcəklər və nəticədə poladın dünya bazarındakı dəyərində ciddi enmələrin müşahidə olunacağı gözləniləndir. Təbii ki, ixracatçı ölkələrin, Çinin ABŞ-a etdiyi ümumi tədarük həcmi ilə rəqabət aparmaları çətin olacaq. ABŞ isə idxal üçün, analoji gömrük baryerlərinə baxmayaraq məhsullarının maliyyəti əhəmiyyətli dərəcədə aşağı olan Malayziya, İndoneziya və ya Vyetnam kimi ölkələrə üz tutacaq”.“Yeni Müsavat”

 






Fikirlər