“ONLAR PREZİDENTİN ETİMADINI DOĞRULDACAQLAR”

Prezident İlham Əliyevin sərəncamları ilə Nazirlər Kabinetinin tərkibi yenilənib. Yeni Baş nazir Novruz Məmmədovun rəhbərlik edəcəyi hökumətdə bəzi gözlənilməz təyinatlar var.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin edilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun yerinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyinat alıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yerinə Milli Məclisin deputatı Rövşən Rzayev gətirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu Milli Məclisin deputatı Fuad Muradov əvəzləyib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun yerinə Milli Məclisin deputatı Muxtar Babayev təyin edilib.

Təhsil naziri vəzifəsinə Ceyhun  Bayramov təyinat alıb.

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə deputat Vüsal Hüseynov aparılıb.

Milli Məclisin deputatları bu dəfə Modern.az saytına hökumətin tərkibindəki dəyişikliklərlə  bağlı  danışıblar.

 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova Nazirlər Kabinetindəki dəyişikliyi yüksək qiymətləndirib.

Nazirlər Kabinetinin tərkibinin cavanlaşması, yeni intellektlərin cəlb olunması, dünyanın tanınmış universitetlərini bitirmiş professionalların vəzifəyə təyin olunmasını alqışlayıram. Hesab edirəm ki, onlar cənab Prezidentin etimadını doğruldacaqlar. Mənə elə gəlir ki, prezidentin tapşırdığı bütün məsələlər vaxtında öz həllini tapacaq”.
Deputat bildirib ki, 4 həmkarının yeni hökumətdə təmsil olunması Prezident tərəfindən Milli Məclisə göstərilən etibar və inamdır.

Mən yeni hökumətdə təmsil olunan deputat həmkarlarımı cənab Prezidentin sərəncamından dərhal sonra telefon vasitəsilə əlaqə yaradaraq, təbrik etmişəm. Hesab edirəm ki, onlar vəzifələrinin öhdəsindən layiqincə gələcəklər”.

 Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən yenilikləri yüksək qiymətləndirir:

Hökumətə yeni başçının gətirilməsi, eyni zamanda, tərkibin yeniləşdirilməsi, Nazirlər Kabinetinə yeni simaların cəlb edilməsi cəmiyyətin siyasi-sosial sifarişi idi. Bu sifariş hər zaman olduğu kimi yenə də ölkə Prezidenti İlham Əliyev tərəfindən nəzərə alındı və reallığa çevrildi. Odur ki, cənab Prezidentin  təyinatları, sərəncamları hər bir kəs tərəfindən təqdir olunur, müsbət qarşılanır və alqışlanır”.

Deputat deyib ki,yeni hökumətin tərkibində həmkarlarının olması onu çox sevindirir:

Həmkarlarım Rövşən Rzayev, Fuad Muradov, Muxtar Babayev, Vüsal Hüseynov hökumətin digər  üzvləri kimi  təyin olunduqları vəzifələrə tam layiqdirlər.  Hesab edirəm ki, onlar deputatlıq  fəaliyyətlərində  etmadı doğrultduqları kimi, yeni  təyinatlarla bağlı göstərilən növbəti etimadı da layiqincə və uğurla doğruldacaqlar. Onların hər birinin buna potensialı var. Onların uğurlar əldə edəcəyinə, Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətə, islahatlara, ölkəmizin gələcək inkişafına töhfə verəcəklərinə inanıram və hər birinin də uğuruna sevinirəm. Odur ki, onların hər birinə, bütövlükdə yeni hökumətimizə müvəffəqiiyətlər arzulayıram”.

 Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib ki, Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin yeni formalaşdırılmış tərkibi  onu deməyə əsas verir ki, Azərbaycan yaxın vaxtlarda surətlə inkişaf edəcək:

Nazirlər Kabinetinə yeni təyin olunan simalar ölkəyə  tamamilə yeni bir ab-havanın gəldiyini göstərir. Həmkarlarımdan 4-nün bundan sonra Azərbaycan hökumətində təmsil olunması bizim üçün böyük bir qürur hissidir. Çünki bu cənab Prezidentin Milli Məclisə, deputatlara göstərdiyi bir etimaddır, inamdır. Bu 4 kadrın hər biri ilə  bir neçə il çiyin-çiyinə işləmişik. Onların potensiallarını, nələrə malik olduqlarını, hansı imkanların sahibi olduqlarını, bacarıqlarını çox gözəl bilirik. İnanıram ki, Nazirlər Kabinetinin tərkibinə yeni təyin olunmuş simaların hər biri cənab Prezidentin etimadını doğruldacaqlar. Azərbaycanın inkişafı, gələcəyimizin işıqlı olması naminə cənab Prezidentin yaxın köməkçiləri olacaqlar. Hökumət üzvlərinin hər birinə şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıram”.






Fikirlər