PARADA HAZIRLIQ Bakıda məşqlər başladı...

İyunun 26-da Bakı şəhərində keçiriləcək hərbi paradda iştirak edən şəxsi heyətin paytaxtın "Azadlıq” meydanında məşqləri başlayıb.

 "AzerTaym.az" Azeridefence.com-a istinadla xəbər verir ki, bu gün səhər saatlarında şəxsi heyət "Azadlıq” meydanına gətirilib. Hazırlıq məşqlərində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi iştirak edib.

Bununla əlaqədar bir neçə saat ərzində "Neftçilər” prospektindən "Azadlıq” meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb. Hava şəraitinin küləkli olması səbəbindən hərbi aviasiyanın səhər saatlarına planlaşdırılan uçuşları təxirə salınıb.

Paradda Silahlı Qüvvələrin şəxsi heyətini Baş Qərargah rəisinin müavini, general-mayor Ayaz Həsənov keçirəcək. Quru Qoşunlarının ordu birliklərinin şəxsi heyəti general-mayor Hikmət Həsənovun, Xüsusi Təyinatlı Qüvvələr isə bu qoşunların komandanı general-mayor Hikmət Mirzəyevin rəhbərliyi altında keçid edəcək.

Hərbi paradda Müdafiə Nazirliyi ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin, DİN-in Daxili Qoşunlarının, Dövlət Təhlükəsizlik Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının bölmələri də keçid edəcəklər.






Fikirlər