QƏRB “düymə”yə basır - Ermənistan üçün TƏLƏ
Rusiyada tarixi boyu demokratik idarəçilik olmadığından, həmsərhəd ölkələrdəki demokratik dəyişikliklərə onun normal münasibətini gözləməyə dəyməz. Gürcüstan, Ukrayna, Baltikyanı ölkələrdə gedən proseslərə Kremlin məlum reaksiyası bunun barizi sübutudur. Rusiya belə dəyişiklikləri ən əvvəl ona görə istəmir ki, günün birində demokratiya presedenti onun öz daxilində də yaşana və Rusiya imperiya quruluşlu dövlət olaraq, “tikişlər üzrə” sökülə bilər. Ermənistandakı son proseslərə şimal qonşumuzun neqativ münasibətinin kökünü ilk növbədə burada axtarmaq lazım gəlir. Şübhə yox ki, qonşu Gürcüstana, Ukraynaya, Baltik ölkələrinə əli çatmayan Moskva satellit və vassal Ermənistanda demokratiya tamaşasına dözüm göstərməyəcək. Daha bir səbəbdən: bu tamaşanın “quruluşçu rejissoru” məhz Rusiyanın əsas geosiyasi rəqibi, regionda möhkəmlənib onu sıxışdırmaq istəyən ABŞ-dır. Ermənistanda “məxməri inqilab”ın memarı da oradakı Amerika səfiri Riçard Millz hesab olunur. Son zamanlar bölgəyə, o cümlədən işğalçı ölkəyə amerikalı yüksək çinli emissarların (Corc Kent, Con Bolton) artan səfərləri də Kremlin qayğılarını ciddi şəkildə artırıb. Rusiyanın ekspert çevrələrində hətta ehtimallar yaranıb ki, Vaşinqton Cənubi Qafqazı bütünlüklə Moskvanın nəzarətindən çıxarmaq üçün hansısa plana malikdir və bu plana Qarabağ probleminin tezliklə həlli də daxildir. Xüsusən də Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Amerika xarici siyasətinin “qırğılarından” olan Con Boltonun regiona təzəcə başa çatan səfəri, onun Bakı, İrəvan və Tiflisdə verdiyi mühüm bəyanatlar, belə görünür, Moskvanı xeyli rahatsız və qəzəbli edib. Bu da özünü ən çox inqilabsonrası müttəfiq Ermənistana münasibətdə göstərməkdədir. *****
“Con Boltonun bölgəyə səfərindən sonra Moskvada antierməni və anti-Paşinyan isteriyası formalaşır”. Bunu Azadlıq Radiosuna müsahibəsində rusiyalı hərbi analitik Pavel Felgenhauer deyib (axar.az). Onun fikrincə, Moskvanın öz stilini dəyişərək Ermənistanda yaranan çətin situasiyanı başa düşməyə cəhd edəcəyini düşünməyə dəyməz. “İrəvan çox çətin situasiyaya düşüb. Onun atacağı hər bir səhv addım düşdüyü situasiyanı daha da çətinləşdirəcək. Cənubi Qafqaz respublikaları içərisində İranla münasibətlərdə açar ölkə Ermənistan sayılır. Buna görə də Amerika tərəfi Ermənistandan İranla sıx əlaqələri kəsməyi tələb edir. Moskvaya gəlincə, Nikol Paşinyanın ABŞ silahlarını ala biləcəkləri haqqında bəyanatı Rusiyada isteriya yaradıb. Moskva indidən deyir ki, amerikalılar indi də Ermənistanı bizdən alırlar. Amma Rusiya öz sərt davranışlarını dəyişməyəcək”, - deyə o qeyd edib. Analitikin sözlərinə görə, indiki zamanda həqiqətən Ermənistanın ABŞ silahlarına ehtiyacı var: “Ermənistan Azərbaycana bu məsələdə uduzur. Bakı bu cür silahları İsraildən almaqla kompensasiya edir, amma Rusiyada bu cür silahlar yoxdur. Məntiqlə Moskva belə situasiyada Ermənistanın öz təsirində saxlanılması üçün ona daha çox rus silahı almağa imkan verəcək yeni sərfəli kreditlər təklif edə bilər. Rusiya Paşinyana bundan öncə də güvənmirdi. Boltonun bəyanatından sonra isə Moskvanın Ermənistanda hakimiyyətə qərbyönlü adamların gəldiyini deməyə əsasları yaranır”. *****
Ermənistan uğrunda Qərb (ABŞ)-Rusiya rəqabətinin sərtləşdiyi vaxtda Avropa Birliyi (AB) rəsmisi seçki ərəfəsində İrəvanın ünvanına Moskvanı daha da qəzəbləndirən və Paşinyanı şirnikləndirən bəyanat səsləndirib. Belə ki, “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, AB-nin Ermənistandakı səfiri Pyotr Svitalski jurnalistlərlə görüşündə açıq-aşkar inqilabçı qüvvələrə simpatiya və dəstək ifadə edərək deyib: “Biz Ermənistanın yeni hökuməti ilə işimizi davam etdiririk və mən əminəm ki, siz tezliklə yeni anlaşmaların nəticəsini - yeni maliyyə müqavilələrini, yeni anlaşmaları görəcəksiniz”. Yəni AB artıq Ermənistanda erkən seçkilərin Paşinyan tərəfdarlarının qələbəsi ilə bitəcəyinə əmindir və ondan sonrakı dönəmə köklənib. Yeri gəlmişkən, Con Bolton seçkilərdən sonra N. Paşinyanın Qarabağ məsələsinin həllində inamlı addım atacağına ümid ifadə eləmişdi. Onu da demişdi ki, Dağlıq Qarabağ konflikti həll edilmədən nə Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşacaq, nə də Ermənistan Rusiya təsirindən uzaqlaşa biləcək. Bu qəbildən bəyanatlar təbii ki, Kremldə dərhal fiksə edilir. Artıq onlara Rusiya XİN səviyyəsində sərt reaksiyalar da var. Belə qənaət hasil olur ki, Qərb şüurlu şəkildə Paşinyan və komandasını Moskvanın hədəfinə gətirir ki, İrəvan seçim eləmək zorunda qalsın. Bunu müəyyən mənada işğalçı ölkə üçün tələ də adlandırmaq olar. ***** “ABŞ və Avropa Birliyi rəsmi bəyanatlar səviyyəsində Ermənistanın inqilabçı hökumətini müdafiə edir - prinsipial təşəbbüskarlıq məsələsində ona kart-blanş verməklə. Onlar erməni inqilabı timsalında təkcə Ermənistanı yox, bütövlükdə bölgəni dəyişə biləcək müstəsna fürsət görürlər. Məhz burada biz erməni inqilabının paradoksu ilə üzləşirik - hansı ki, gec-tez Ermənistanı dilemma və ya dalan qarşısında qoyacaq”. “Yeni Müsavat” xəbər verir ki, bu haqda 1 in.am erməni portalında getmiş dünənki yazıda deyilir. “Daha dərin səbəbləri olan və siyasi sistemin bütün komplekslərinə dəxli olan erməni inqilabının paradoksu hətta inqilabdan sonra da aradan qaldırılmayıb. Ölkənin siyasi rəhbərliyi Qərbin siyasi mesajlarından Rusiya-erməni əlaqələrini vassal rejimindən tərəfdaşlıq müstəvisinə keçirmək üçün istifadə etmək istəmir və ya bacarmır”, - deyə müəllif təəssüflə əlavə edib. *****
Bu arada Ermənistanda inqilab sonrası təlaş artmaqdadır. Bir sıra yerli analitiklərə görə, Nikol Paşinyan keçən 6 ayda köhnə sistemi xeyli dərəcədə sökə bilsə də, hələ ki təzəsini qura bilməyib, bunu bacarmayıb. Nümunə kimi ölkənin köhnə seçki məcəlləsi ilə yeni seçkilərə getmək zorunda qalması bildirilir. Erməni ekspertlər hesab edirlər ki, köhnə seçki məcəlləsi sırf korrupsioner-oliqarxik sistemin maraqları əsasında hazırlanıb və bu məcəllə ilə seçkilərə getmək olmaz. Məlumdur ki, Paşinyan bu günlərdə parlamentdəki müxalif çoxluğa təzyiq eləsə də, təzə məcəlləni qəbul etdirə bilməyib. Bu isə analitiklərə görə, dekabr seçkilərində inqilabçı qüvvələr qalib gəlsə belə, ölkədə köklü islahatlar aparmağa imkan verməyəcək, nəticə etibarilə inqilab başlıca hədəfinə çatmayacaq. Bir yandan da öz adamları ilə, Qarabağ klanı ilə revanş üçün pusquda duran Moskva. Odur ki, il sonu Ermənistanda ən qəliz dönəmin başlayacağını ehtimal eləmək olar. Bir şey dəqiqdir ki, Kreml “düymə”yə basmağı çox ləngitməyəcək. Zatən Qərb artıq “düymə”yə basıb... (musavat.com) Paşinyan Kremlin hədəfinə itələnir; Rusiya narahat və qəzəblidir; erməni KİV-lərindən SOS siqnalı: “Biz gec-tez dilemma və ya dalanla üzləşəcəyik”; rusiyalı hərbi analitik: “Ermənistan çox çətin vəziyyətə düşüb...”