Rus menyusunda növbəti “QƏLƏBƏ”, yoxsa... - Azovda baş verənlərin PƏRDƏARXASI

Rus menyusunda növbəti “QƏLƏBƏ”, yoxsa... - Azovda baş verənlərin PƏRDƏARXASI

Son aylar Azov dənizində Rusiya və Ukrayna arasında gərginləşən vəziyyət pik nöqtəsinə çatdı. gəmilərin Odessa limanına qayıdışı zamanı Rusiya gəmiləri Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıblar.

Publika.az-a şərhində Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib ki, indiki halda qarşıdurmada hər iki tərəf maraqlı ola bilər.

Politoloq Ukraynanın seçkilər ərəfəsindən olduğunu və hazırkı prezident Pyotr Poroşenkonun qələbə qazanma ehtimalının olduqca aşağı olmasına diqqət çəkib:

Poroşenkonun ictimai rəydə nüfuzu çox aşağıdır. Buna paralel olaraq Ukrayna iqtisadiyyatında da müsbət mənada heç bir dəyişiklik hiss olunmur. İndiki az zaman kəsiyində ictimai rəyi öz xeyrinə dəyişdirə biləcək hər hansı iqtisadi sıçrayış mümkün deyil. Ona görə də bu gün dövlətlə bəzən qısanüddətli savaş çıxardaraq müəyyən hərbi uğurlar əldə etməklə və digər təxtibatlar törətməklə ictimai rəyi tamamilə fərqli istiqamətə yönəltmək və nüfuz qazanmaq istəyirlər. Bu baxımdan, Poroşenkonun bu yöndə hər hansı gizli qərar vermə ehtimalı böyükdür”.

Natiq Miri hesab edir ki, bu, Rusiya tərəfindən də ola biləcək hadisədir:

“Həqiqətən də prezident Vladimir Putinin nüfuzu get-gedə düşməkdədir. Putin də iqtisadi yöndə hər hansı müsbət addımlar ata, sistematik dəyişikliklərə rəvac verə bilmir. Bu cür addımlarla Rusiya vətəndaşların menyusuna növbəti “rus qələbəsi”ni daxil etmək və ictimai rəyi öz xeyrinə dəyişmək istəyə bilər”.

Politoloqun fikrincə, son hadisə prosesə NATO-nun müdaxiləsini imkan yarada bilər.

“Ukrayna zaman-zaman Rusiya təhlükəsindən danışır və bu mərhələdə ən azından NATO-nun, bütövlükdə avroatlantik məkanın nəbzini də yoxlaya bilər. Hərbi gəmilərin toqquşmasından dərhal sonra Ukrayna NATO-ya müraciət etdi ki, məsələyə təcili müdaxilə etsinlər. Rusiya indiyə kimi Ukraynaya qarşı vəkalətən müharibə aparırdı. Bu toqquşmada ilk dəfə idi ki, öz hərbi gəmisi ilə Ukraynanın üç gəmisinə müdaxilə etdi və bunun ardınca Ukrayna 6 hərbçisinin yaralandığını açıqladı. Hesab edirəm ki, burada NATO və Rusiyanı qarşı-qarşıya qoymaq cəhdi də yox deyil. NATO dünən susmağa üstünlük verdi. Yalnız NATO-dan konkret açıqlama gəldi və bunun ardınca Avropa İttifaqı sərt bir bəyanat verməklə Kerc boğazının açıq saxlanılması, bundan başqa, Rusiyanın işğal və ilhaqının tanınmadığını, heç bir zaman da tanınmayacağını bildirdi. Bəlkə də, Poroşenkoya indiki zamanda ən çox lazım olan bəyanatlardan biri də bu idi. Bunu qısamüddətli də olsa Poroşenkonun uğuru kimi qiymətləndirmək olar. Təxribat və siyasi məqsədli törədilmiş bir hadisə olmuş olsa da, bu, hər bir halda Poroşenko hakimiyyətinin qısamüddətli uğuru üçün atdığı addım idi. Kerç boğazı hüquqi cəhətdən Ukrayna gəmiləri üçün açıq olmalıdır, dünya cəmiyyəti bu əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımır. Bu baxımdan, Ukraynanın indiki davranışı tam normal və hüquqi dəyərləndirilir. Düşünürəm ki, hüquq Poroşenko hakimiyyətinin tərəfindən olduğu üçün qısamüddətli uğur sayıla bilər”, - o bildirib.

Natiq Miri hesab edir ki, Rusiya hərbi müdaxilə etmədən hadisənin qarşısını ala bilərdi. Onun sözlərinə görə, Rusiya atəş açmaqla hakimiyyət ictimai rəyi öz tərəfinə çəkə bildi, həm də NATO-ya siqnal verdi ki, Moskva belə məsələlərdə zarafat etmir.






Fikirlər