Azərbaycanda Bilik günüdür -gündəm

15 sentyabr Azərbaycanda Bilik günüdür.
 "AzerTaym.az" bildirir ki, bu ilki Bilik günü bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-da başlayacaq.

2019-2020-ci tədris ilində orta məktəblərdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyacaq.  Ölkənin ümumi təhsil müəssisələrinin I sinifində 164 234 şagird təhsil alacaq.   
Hazırda Azərbaycanda 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.
Bu il Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 43 məktəb yeni dərs ilində binası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə 414 844 şagird təhsil alacaq. Onlardan 32 315-i IX sinifdə, 22 795-i X sinifdə, 18 896-sı XI sinifdə, 198-i isə XII sinifdə oxuyacaq.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.
2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.
Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik günü kimi qeyd olunur.






Fikirlər