Novruz Məmmədov: "Prezident İlham Əliyev uğurlu dövlət başçısı nümunəsidir"

İlham Əliyev dövlət başçısı kimi bütün dünyada nüfuzu olan liderdir.
Novruz Məmmədov: "Prezident İlham Əliyev uğurlu dövlət başçısı nümunəsidir"
Onun həyata keçirdiyi proqramlar Azərbaycan dövlətçiliyi tarixində əbədi yerini alacaqdır.

2003-cü ildən bu yana ölkənin sürətli inkişaf xəttinə çıxmasının, beynəlxalq aləmdə yerini möhkəmlətməsinin, regional və qlobal miqyasda vacib enerji təminatçılarından birinə çevrilməsinin əhəmiyyəti olduqca böyükdür. Xalq bunun layiqli qiymətini verir – son prezident seçkiləri bunu sübut etdi. İlham Əliyevin doğum günü dövlətimizin inkişafı haqqında yeni dərin analizlər aparmağı zəruri etmişdir. Bütün bunlarla əlaqədar Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan öz fikirlərini bölüşməsi üçün çox səy göstərməli olduq. Novruz Məmmədov müəyyən arqumentlər gətirərək razılaşmasa da, nəhayət, sonda düşüncələrini bizimlə bölüşməyə razılıq verdi.

Azertaym.az Newtimes.az saytına istinadən həmin müsahibəni təqdim edir:

Liderlik və dövlətçilik: vəhdətin Azərbaycan modeli

– Müasir dünya siyasətində liderliklə dövlətçiliyin münasibəti haqqında müxtəlif fikirlər mövcuddur. Novruz müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ərəfəsində, onun fəaliyyəti aspektində bu məsələ haqqında Sizin fikirlərinizi bilmək çox maraqlı olardı. Sizcə, bu iki faktorun vəhdəti haqqında Azərbaycan təcrübəsi mövcuddurmu?

– Bilirsiniz, həyat fəaliyyəti cəmiyyətin taleyi ilə birbaşa bağlı olan insanların doğum gününün fərqli mənası vardır. Sözün müəyyən mənasında bu təqvim həm də keçilən yola yubiley zirvəsindən bir baxış, millət naminə görülən işləri qiymətləndirmədir. Prezident İlham Əliyevin ad günündə qürur duymağa tam haqqı vardır.

Azərbaycan 2003-cü ildən bu yana böyük inkişaf yolu keçmişdir. Cəmiyyətin bütün sahələrində tərəqqi göz qabağındadır. Dövlət quruculuğu keyfiyyətcə yeni səviyyədə davam etdirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda müstəqil, demokratik və güclü dövlət yaratmaq kursu inamla reallaşdırılır. Bütün bunları təsdiq edən çoxlu sayda faktlar mövcuddur. Onlara nəzər salaq.

Hələ 2003-cü il fevralın 20-də ümummilli lider Heydər Əliyev "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nı təsdiq etmişdi. Onun gerçəkləşdirilməsi növbəti proqramın yaradılmasına ciddi ehtiyac yaratdı.

2003-2005-ci illərdə makroiqtisadi sabitliyin təmin edilməsinə və dinamik iqtisadi artıma nail olunmuşdu. Bu, faktiki olaraq ölkə iqtisadiyyatını sürətli və sabit inkişaf xəttinə çıxarmaq üçün gözəl təməl hazırlamaq demək idi.

Artıq 2005-ci ildə yoxsulluğun səviyyəsi 2002-ci ildəki 46,7%-dən 29,3%-ə enmişdi. 2008-ci ildə isə bu rəqəm 13,2% idi.

Bütün bunların məntiqi nəticəsi olaraq "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" qəbul edildi. Azərbaycanın sistemli, ardıcıl və davamlı sosial-iqtisadi inkişafının yeni mərhələsi başlandı.

Təsadüfi deyil ki, 2012-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 6% təşkil etdi. Bu ilin sonuna kimi isə onun 4% olacağı gözlənilir. Cari ilin büdcə gəlirləri 2003-cü ildə olan rəqəmdən 16 dəfə çoxdur – 19 milyard 154 milyon manat. Bu göstərici Ermənistanda 2,6 milyard dollar təşkil edir.

Dünya iqtisadiyyatını maliyyə böhranının bürüdüyü 2009-cu ildə Azərbaycanda iqtisadi artım 9,3% oldu. 2010-cu ildə isə bu rəqəm 5% təşkil edirdi. Nəhayət, keçən müddət ərzində ölkə iqtisadiyyatına 150 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur.

Son 10 ildə ölkə əhalisinin real gəlirləri əhəmiyyətli dərəcədə artmış, 1 milyondan çox iş yeri açılmış, milli iqtisadiyyatın həcmi 3,5 dəfə, ÜDM 10 dəfədən çox artmış, həyatın bütün sahələrində mühüm dəyişikliklər baş vermişdir.

Yuxarıda vurğulanan göstəricilər Azərbaycanın inkişafının yalnız məhdud bir qismini ifadə edir. Bütövlükdə dövlət və cəmiyyət sürətli inkişaf xəttinə çıxmışdır və əsas odur ki, bu proses sabit, dönməz xarakter almışdır. Bunun iqtisadi, siyasi və dövləti mənası böyükdür. Söhbət faktiki olaraq Azərbaycanda müstəqil dövlət qurucluğunun baş tutmasından gedir. Müqayisə üçün deyək ki, Cənubi Qafqazın və Mərkəzi Asiyanın bəzi ölkələri haqqında ekspertlər bu fikri deməkdə çətinlik çəkirlər. Azərbaycan dövlətçiliyinin bu cür qüdrətlənməsinin 2003-cü ildən bu yana memarı isə Prezident İlham Əliyevdir.

Müstəqil siyasətin strateji mahiyyəti: İlham Əliyev nümunəsi

– Məlumdur ki, siyasətçi üçün strateji təfəkkürün çox böyük əhəmiyyəti vardır. Xüsusilə dövlətə rəhbərlik edən şəxs özündə analiz etmək qabiliyyəti ilə strateji proqnozlaşdırmanı birləşdirməlidir. Siz uzun illərdir ki, İlham Əliyevlə birgə çalışan insan kimi bu kontekstdə dövlət başçısı barəsində hansı qənaətlər əldə etdiyinizi deyərsinizmi?


– İlk növbədə onu demək gərəkdir ki, ölkənin sosial-iqtisadi və mədəni tərəqqisi siyasi, geosiyasi, beynəlxalq münasibətlər sahəsində Azərbaycana böyük dividendlər verdi. Cəmiyyətdə sosial-psixoloji mühit ciddi surətdə sağlamlaşdı. Ölkə vətəndaşlarının dövlət maraqlarına sadiqliyi yüksəldi. Keçən əsrin 90-cı illərində müşahidə edilən tərəddüdlər, xarici qüvvələrin təsiri altına düşmək və s. kimi hallar artıq müşahidə edilmir. Cəmiyyət öz hakimiyyətini müdafiə etməyi, düzü əyridən seçməyi bacarır.

Bu, məhz İlham Əliyevin şəxsi fəaliyyətinin, dövlət, xalq üçün var gücü ilə çalışmaq nümunəsi göstərməsinin birbaşa nəticəsidir. Axı, insanlar Prezidentin dövlət, xalq naminə səmimiyyətlə çalışanlara necə diqqət və qayğı ilə yanaşdığını əyani misallarda gördü. Vətən uğrunda həyatını fəda edən hərbiçi Mübariz İbrahimova verilən qiymət, Azərbaycan zabitinin xarici həbsxanadan böyük cəsarət və qeyrətlə azad edilməsi, orduda davamlı islahatların aparılması və başqa çoxlu sayda xidmətləri xalq heç zaman unutmaz!

Burada əsas faktorlardan biri insanlarda dövlətçilik şüurunun yeni səviyyəyə qalxması, psixoloji olaraq nikbinliyin yüksəlməsidir. Həmin məqamlar müstəqil dövlət quruculuğu aspektində birmənalı şəkildə tarixi əhəmiyyət kəsb edir! İlham Əliyevin bu xidməti millətin yaddaşına əbədi həkk olunub!

Bütün bunlar milli inkişaf aspektində əhəmiyyət daşıyan üç məqamı vurğulamağa zəmin yaradır. Birincisi, davamlı və dayanıqlı sabitlik. İkincisi, demokratik inkişafın milli modelinin hazırlanması. Üçüncüsü, rasional xarici siyasətin formalaşdırılması. Birinci faktor milli inkişafın daxili şərtlərini müəyyənləşdirir, üçüncü faktor uyğun xarici şəraiti təmin etməyə xidmət edir, ikinci isə bütövlükdə ölkənin inkişafının sistemli konsepsiyasını ifadə edir.

Şübhəsiz, belə uğurlu fəaliyyət Azərbaycanı həm daxildən gücləndirməli idi, həm də beynəlxalq miqyasda onun nüfuzunu yüksəltməliydi. Hər iki faktor özünü göstərir. İndi mütəxəssislər Bakını beynəlxalq əməkdaşlığın mərkəzlərindən biri kimi qiymətləndirirlər. Cənubi Qafqazda heç bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan reallaşmır. Xüsusilə, enerji sahəsində bu məqamı tam aydınlığı ilə müşahidə etmək mümkündür. Bunun son nümunələrindən biri "Şahdəniz-2" layihəsdir.

– Novruz müəllim, dediklərinizdən belə nəticə çıxarmaq olarmı ki, Azərbaycanın enerji siyasəti yeni məzmun çalarları kəsb etməyə başlayıb. Xahiş edirik, fikirləriniz daha geniş açıqlayasınız.

– Bilirsiniz, XX əsrin 90-cı illərində Azərbaycanın enerji ehtiyatlarının nə vaxtsa bütün Avropanın enerji təhlükəsizliyini təmin edə biləcək faktor olacağına, bəlkə də, ulu öndər Heydər Əliyevdən başqa heç kəs inanmırdı. İndi isə "Şahdəniz-2" layihəsini "Avropanın yeni enerji xəritəsini müəyyən edən layihə" kimi qiymətləndirirlər.

Bu layihə Qərb dövlətlərini uzun müddətə enerji ilə təmin etməyə imkan verir. Ümumilikdə isə birinci mərhələdə "Şahdəniz-2" çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil edilməlidir.

Türkiyəyə ildə 6 milyard kubmetr, Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz ixrac ediləcək. Bununla bağlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq belə bir fikir bildirib: "Yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli bizim yeganə təchizatçı və ya bir tranzit sistemindən asılılığımızı azaldacaqdır".

Strateji aspektdə bu, Avropanın enerji təminatında yeni keyfiyyət dəyişikliyi üçün gözəl imkanların yaranması deməkdir. Unutmaq olmaz ki, bütün bunlar birbaşa İlham Əliyevin uzaqgörən enerji siyasəti, qətiyyətli qərarlar qəbul etməsi ilə bağlıdır. Azərbaycanın dövlət başçısı yeritdiyi müstəqil siyasətlə bütün dünyada nüfuz qazanmışdır. Prezidenti son seçkidə əldə etdiyi möhtəşəm qələbə münasibəti ilə dünyanın aparıcı dövlət başçılarının təbrik etmələri tamamilə təbii görünür.

Prezident İlham Əliyevin peşəkar siyasətçi kimi qazandığı uğurlar daha çoxdur. Onları sadalamaqla qurtarmaq olmaz. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək lider, dövlət başçısı vardır. Bu, olduqca mühüm amildir.

Müasir dünyada baş verən geosiyasi kataklizmlər prizmasından həmin məqamı milli sərvət kimi dərk etmək lazımdır. Nəzərə almalıyıq ki, heç də yeni müstəqil dövlətlərin hamısında bu cür imkan yaranmayıb. Cəmiyyət özü liderini qorumalı, sevməli və onunla birlikdə yeni-yeni uğurlara can atmalıdır. Qədirbilən Azərbaycan xalqının məhz bu cür də davranacağına şübhə yoxdur. Lider-xalq birliyi daima sarsılmaz milli iradənin əsası olaraq qalacaq. Bunu Azərbaycan Prezidentinin doğum gününün xoş naxışlarından biri kimi qəbul etmək olar!






Fikirlər